Haqqımızda

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 14 yanvar tarixli 467 nömrəli Fərmanı ilə aqrar sahədə göstərilən dövlət xidmətlərinin optimallaşdırılması və səmərəliliyinin artırılması, həmin dövlət xidmətlərinin daha az həcmdə resurs sərf edilməklə həyata keçirilməsi, dövlət vəsaitinə qənaət edilməklə bu sahədə inzibati idarəetmənin təkmilləşdirilməsi, xidmətlərin həyata keçirilməsində keyfiyyətə nəzarətin təşkili, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi, elektron xidmətlərə keçidin sürətləndirilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədi ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 may tarixli 701 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə”si təsdiq olunmuşdur. 
Aqrar Xidmətlər Agentliyi ölkədə heyvan və bitki sağlamlığı, seleksiya nailiyyətləri, toxumçuluq, nəqliyyat vasitələri və digər kənd təsərrüfatı texnikası ilə bağlı dövlət xidmətlərinin təşkilini, habelə seleksiya nailiyyətləri, toxumçuluq və kənd təsərrüfatı texnikası sahələrində dövlət nəzarətini həyata keçirir. 
AXA qarşısında duran əsas hədəflər: heyvan sağlamlığının təmin edilməsi, heyvandarlıqda məhsuldarlığın artırılması, bitki sağlamlığı, bitkiçilikdə məhsuldarlığın artırılması sahələrində fitosanitar, o cümlədən aqrokimyəvi xidmətlərin təşkilində, seleksiya nailiyyətlərinin qeydiyyatını və mühafizəsində, kənd təsərrüfatı sahəsində toxumçuluğun idarə edilməsində və toxumçuluğa dövlət nəzarətində, eləcə də kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatının aparılmasında, texniki vəziyyətinə və istismarına dövlət nəzarətini innovativ üsulları tətbiq etməklə həyata keçirməkdir. 
Artıq AXA tərəfindən göstəriləcək xidmətlər üzrə reqlamentlər hazırlanmışdır.Ümumilikdə aqrar sahə üzrə 70-dən artıq xidmət, ondan Aqrar Xidmətlər Agentliyi tərəfindən baytarlıq, fitosanitar, seleksiya nailiyyətlərinin qeydiyyatı, toxumçuluq və texniki nəzarət üzrə 53, bundan 10-u baytarlıq: 

Baytarlıq xidməti üzrə 10: 
1) Yoluxmayan xəstəliklərin müalicəsi - Yoluxmayan xəstəliklərin müalicəsi və baytarlıq yardımının göstərilməsi; 
2) Yoluxucu xəstəliklərin müalicə-profilaktikası- Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2006-cı il 7 mart tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin Siyahısı”ndakı xüsusi təhlükəli heyvan xəstəlikləri istisna olmaqla digər yoluxucu xəstəliklərin müalicə-profilaktikası; 
3) Profilaktiki dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri; 
4) Qan parazitar xəstəliklərinin və helmintozların məhv edilməsi məqsədilə profilaktiki işləmələr; 
5) Ölmüş heyvandan patoloji materialların götürülməsi; 
6) Heyvandarlıqda istehsalın və məhsuldarlığın artırılması məqsədilə tövsiyələrin verilməsi; 
7) Epizootiya əleyhinə profilaktiki tədbirlər; 
8) Diaqnostik müayinələr üçün nümunələrin götürülməsi və müayinə aparılması; 
9) Heyvan sağlamlığı, heyvan xəstəliklərinin profilaktikası və müalicəsi zamanı bioloji, kimyəvi və digər baytarlıq preparatlarının tətbiqi ilə bağlı maarifləndirmə; 
10) Baytarlıq sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə ətraf mühitin çirklənməsinin qarşısının alınması ilə bağlı məsləhətlərin verilməsi; 

Fitosanitar üzrə 10: 
1) Bitkilərdə zərərli orqanizmlərinin və xəstəliklərin müəyyənləşdirilməsi; 
2) Torpaqların aqrokimyəvi analizlərinin aparılması və tövsiyələrin verilməsi; 
3) Suvarma suyunun aqrokimyəvi analizlərinin aparılması və tövsiyələrin verilməsi; 
4) İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların və qablarının zərərsizləşdirilməsi; 
5) Ərazi və obyektlərdə fitosanitar baxışının keçirilməsi; 
6) Dövlət büdcəsinin vəsaiti hesabına karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi; 
7) Fitosanitar xidmətləri üzrə maarifləndirmə və informasiya məsləhət xidməti; 
8) Karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi (fumiqasiya); 
9) Bitki xəstəlik və zərərvericilərinə qarşı bioloji mübarizə tədbirlərinin aparılması; 
10) Torpaq sahələri üçün kartoqramların hazırlanması və aqrokimyəvi pasportların verilməsi; 

Seleksiya nailiyyətinin qeydiyyatı üzrə 10: 
1) Seleksiya nailiyyətinə patent üçün ərizə sənədlərinin ilkin ekspertizasının aparılması; 
2) Sortun və hibridin sınağa qəbul olunması; 
3) Seleksiya nailiyyətinin sifariş sənədlərində düzəlişlərin aparılması; 
4) Seleksiya naliyyətlərinin adının dəyişdirilməsi; 
5) Seleksiya nailiyyətinə patentin verilməsi; 
7) Seleksiya nailiyyətinə verilmiş patentin müddətinin uzadılması; 
8) Seleksiya nailiyyətinə patentin surətinin verilməsi; 
9) Seleksiya nailiyyətinə verilmiş patentin etibarlılığının müəyyənləşdirilməsi; 
10) Seleksiya nailiyyətinə müəlliflik şəhadətnaməsinin verilməsi; 

Toxumçuluq sahəsi üzrə 9: 
1) Toxumluq və tinglik əkinlərdə aprobasiyanın aparılması 
2) Toxumların sortluq və səpin keyfiyyətlərini təsdiq edənin sertifikatların və onların surətlərinin verilməsi 
3) Toxumların kondisiyalılığı haqqında sertifikatın verilməsi; 
4) Səpin materiallarının analizi; 
5) Toxum və ting istehsalçılarının qeydiyyatı; 
6) Toxum və ting istehsalıçılarına Şəhadətnamənin surətinin verilməsi; 
7) Toxumluq və tinglik əkinlərin qeydiyyatı; 
8) Bitki sortları, toxumçuluq, tingçilik üzrə maarifləndirmə, informasiya-məsləhət xidməti; 
9) Bitki sortları, toxumçuluq, tingçilik üzrə ixtisaslaşma üzrə bağlı informasiya-məsləhət xidməti; 

Texniki nəzarət üzrə-14: 
1) Nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınması 
2) Nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatına alınması 
3) Avadanlıqla təchiz edilmiş və yenidən yığılmış, yaxud aqreqatları dəyişdirilmiş nəqliyyat vasitələrinin təkrar qeydiyyata alınması 
4) Nəqliyyat vasitələrinin yararsız vəziyyətə düşmüş qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının dəyişdirilməsi 
5) Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanı itdiyinə görə yeni qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi 
6) Nəqliyyat vasitəsinin müvəqqəti dövlət qeydiyyatının aparılması və müvəqqəti uçota alınması 
7) Nəqliyyat vasitəsinin daimi uçotdan çıxarılması 
8) Nəqliyyat vasitəsinin ipotekasının dövlət qeydiyyatının aparılması 
9) Nəqliyyat vasitəsinə dair daşınar əmlakın rəsmi reyestrindən məlumatın alınması 
10) Nəqliyyat vasitəsinə dair məlumatların daşınar əmlakın rəsmi reyestrindən silinməsi 
11) Nəqliyyat vasitəsinin dövlət texniki baxışının keçirilməsi 
12) Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu 
13) Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin verilməsi 
14) Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin dəyişdirilməsi 
Fermer və sahibkarlar Dövlət Aqrar İnkişaf Mərkəzlərinə kağız daşıyıcıda və ya elektron qaydada müraciət etməklə, bizim xidmətlərdən faydalana bilərlər.