Göygöldəki Toxum Sertifikatlaşdırma Laboratoriyası fermerləri yüksək keyfiyyətli toxumla təmin edir
2020-09-29 00:00:00
Kənd təsərrüfatının əkinçilik sahəsində yüksək məhsuldarlığa nail olunması üçün aqrotexniki tədbirlərlə yanaşı, yüksək reproduksiyalı toxumun seçilməsi də vacib şərtlərdəndir. Bu baxımdan bir sıra bölgələrimizdə olduğu kimi, Göygöl rayonunda da regional Toxum Sertifikatlaşdırma Laboratoriyası yaradılıb. Burada aparılan işlər fermerlərin keyfiyyətli toxumla təminatını asanlaşdırır. Belə ki, laboratoriyada toxumlardan nümunələr götürülərək onların keyfiyyəti haqqında məlumatlar əldə edilir və sertifikatlaşdırılır. Fermerlər sertifikatlı toxum əldə etməklə yanaşı, əkin sahəsindəki torpağın tipi, fiziki və kimyəvi quruluşuna görə istifadə edə biləcəyi gübrələr haqqında da məlumatlandırılır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Göygöl Regional Toxum Sertifikatlaşdırma Laboratoriyası keyfiyyətə nəzarət olunması və sertifikatlaşdırmanın həyata keçirilməsi məqsədilə toxumluq əkinlərin qeydiyyatının aparılması işini yerinə yetirir. Bununla yanaşı, laboratoriya tərəfindən tarla nəzarəti həyata keçirilir, toxum partiyası və əkin nümunələri götürülür, səpin keyfiyyətinin və əkin materiallarının analizi aparılır.
Fermerlər istifadə edəcəkləri toxumlardan nümunələri laboratoriyaya gətirərək analizdən keçirir və nəticəsi barədə məlumat əldə edirlər. Bu isə əkinçilikdə yüksək məhsuldarlıq üçün vacib şərtlərdən biridir. Laboratoriya ən son avadanlıqlarla təchiz edilib, işçilər beynəlxalq ekspertlərin iştirakı ilə təlim keçib və respublikanın müxtəlif bölgələrində kurslarda iştirak edərək kifayət qədər təcrübə qazanıblar.
Laboratoriyanın fəaliyyətinə toxumların sertifikatlaşdırılması üçün rəy verilməsi, daxili və xarici əmtəəlik toxum bazarında toxum satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin səmərəli fəaliyyətinin təşkili də daxildir. Keyfiyyətli toxumlara verilən sertifikatlar fermerlərə, eyni zamanda, toxumlarını uyğun qiymətə satmağa imkan yaradır.