Hacıqabulda köməkçi operatorların hazırlanması məqsədi ilə təlim keçirilib
2020-10-20 00:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Hacıqabul Rayon Baytarlıq İdarəsində köməkçi operatorların hazırlanması məqsədi ilə təlim keçirilib. Təlimdə 9 nəfər köməkçi operator iştirak edib.
Təlimin əsas məqsədi baytar həkimləri üçün köməkçi operatorların hazırlanması, onların bilik və təcrübələrinin artırılması olub.
Baytar mütəxəssisləri tərəfindən təşkil edilən təlim xüsusi karantin rejiminin tövsiyə və tələblərinə uyğun olaraq sosial məsafəyə riayət olunmaqla keçirilib.
İki günlük keçirilən təlimdə “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” layihəsi çərçivəsində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının standartlarına uyğun olaraq ölkədə bruselyoz xəstəliyinə qarşı kütləvi peyvəndləmə tədbirlərindən, heyvandarlığa ciddi ziyan vuran infeksion və invazion xəstəliklərinə qarşı aparılan profilaktik pevəndləmədən və xəstəliklərin törədicisi, epizootologiyası, kliniki əlamətləri, diaqnozu, profilaktika və mübarizə tədbirlərindən ətraflı məlumat verilib. Həmçinin köməkçi operatorların vəzifələri geniş şərh edilib.
Qeyd edək ki, bu təlimlər əsasında köməkçi operatorlar baytar işçisi kimi formalaşacaq və gələcəkdə çalışdıqları sahə baytarlıq məntəqələrinə yaxından köməklik göstərə biləcəklər.
Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb