Xaçmaz rayonunda fəaliyyət göstərən fermerlərə pomidor toxumları təqdim olunub.
2021-04-21 00:00:00
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin Quba-Xaçmaz iqtisadi rayonunda həyata keçirilən layihələri çərçivəsində fəaliyyətlərinin icrası davam edir. Hazırda regionda “Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” və “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi” layihələri icra edilir.
Aprelin 21-də tərəvəzçi fermerlər Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinə dəvət edilib, onlara BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının regionda həyata keçirilən layihələri haqqında ətraflı məlumat verilib.
Görüşdə “Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsinin Quba regionu üzrə əməkdaşı Əzizağa Atakişiyev hər iki layihənin məqsəd və vəzifələri haqda məlumat verərək iştirakçıların suallarını cavablandırıb.
Bildirilib ki, bu layihələrə əsasən Aqrar Xidmətlər Agentliyi ilə əməkdaşlıq çərçivəsində, Quba–Xaçmaz regionunda yerli fermerlərin və Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun Xaçmaz Bölgə Təcrübə Stansiyasının sahələrində beynəlxalq təcrübədən istifadə olunmaqla pomidor əkininin aparılması nəzərdə tutulur. Belə ki, fermerlərə pomidor toxumlarının paylanılması ilə yanaşı, onlar üçün Azərbaycanda zərərvericilərə qarşı inteqrir mübarizə, üzvi kənd təsərrüfatı və kimyəvi vasitələrdən düzgün istifadə qaydaları üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur.
Sonda fermerlərə toxumlar və bölgədə həyata keçirilən layihələrə dair informasiya materialları təqdim edilib.