QOYUN VƏ KEÇİLƏRİN İNFEKSİON AQALAKTİYASI
2021-06-21 00:00:00
Ümumi məlumat: Qoyun və keçilərin infeksion aqalaktiyası kontagioz, kəskin və xronik gedişli infeksion xəstəlikdir. Yelinin, gözlərin, oynaqların iltihabı və məhsuldarlığın azalması ilə səciyyələnir. Yüksək dağlıq otlaqlarda, yağmurlu günlərdə, epizootik şəkildə yazda və yayda meydana çıxır və geniş yayılır. İnfeksiya zamanı sürüdəki heyvanların 16-37%-i xəstələnir və xəstələnmiş heyvanların 15-45%-i tələf olur. Xəstəliyə keçilər və qoyunlar tutulmaqla daha çox süd verən heyvanlar, nadir hallarda isə cavan heyvanlar xəstələnir.
Əlamətləri:
inkubasiya dövrü 12 saatdan 60 günə qədərdir
süd verən heyvanlarda yelinin, oynaqların iltihabı
axsaqlıq
balasalma
yelinin, gözlərin və oynaqların zədələnməsi
konyunktivit,
gözün buynuz qişasının xoralaşması
süstlük
qızdırma (40 - 42°C)
iştahanın azalması
yelində mastit.
Profilaktika və mübarizə tədbirləri: Xəstə və xəstəliyə şübhəli olan heyvanlar ayrıca otlaqda saxlanılır, ağır xəstə heyvanlar çıxdaş edilir, qalanları isə müalicəyə cəlb olunur. Sağalmış heyvanlar 8 ay ayrıca saxlanmalıdır. Balasalma yerləri, binalar və tövlələr dezinfeksiya edilməlidir. Məhdudlaşdırma tədbirləri təsərrüfat üzərindən xəstə heyvan kənar edildikdən 60 gün sonra götürülür. Heyvanların başqa təsərrüfatlara aparılmasına 8 aydan sonra icazə verilir.
Aqrar Xidmətlər Agentliyi fermer və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, qoyun və keçilərdə yuxarıda qeyd edilən əlamətlər müşahidə edildikdə mütləq şəkildə sahə baytarlıq məntəqəsinə və ya rayon (şəhər) baytarlıq idarəsinə müraciət etsinlər. Həmçinin bildirir ki, heyvan və quşlarda xəstəliklərə qarşı aparılan profilaktik və müalicə işləri baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır.
Bakı şəhəri, Nəcəf Nərimanov küçəsi, 7 A;
Çağrı Mərkəzi 1652; info@axa.gov.az; www.axa.gov.az