Şəmkir rayonunda peyvəndləmə tədbirləri davam etdirilir
2021-07-01 00:00:00
Aqrar Xidmətlər Agentliyi (AXA) ölkə ərazisində xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə, müalicə və dezinfeksiya işlərini davam etdirir. Tədbirlər “Azərbaycan Respublikası üzrə 2021-ci il üçün epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planı"na uyğun həyata keçirilir.
AXA bildirir ki, 2021-ci ilin yanvar ayından Şəmkir rayonu ərazisində saxlanılan heyvanlar arasında qarayara xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Daha sonra iribuynuzlu heyvanlar arasında dabaq, nodulyar dermatit, xırdabuynuzlu heyvanlar arasında dabaq, it və vəhşi heyvanlar arasında quduzluq xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri davam etdirilib.
Cari ilin 6 ayı ərzində Şəmkir rayonunu əhatə edən təsərrüfatlarda 50658 baş iribuynuzlu, 160860 baş xırdabuynuzlu və 1993 baş təkdırnaqlı heyvanlarda qarayara, 50973 baş iribuynuzlu və 174712 baş xırdabuynuzlu heyvanlarda dabaq, 3270 baş iribuynuzlu və 9266 baş xırdabuynuzlu heyvanlarda bruselyoz, 6261 baş itlərdə quduzluq və 33448 baş iribuynuzlu heyvanlarda nodulyar dermatit xəstəliklərinə qarşı profilaktik peyvəndləmə aparılıb. Eyni zamanda 242 baş təkdırnaqlı heyvanlarda manqoya görə mallenizasiya və 1876 baş iribuynuzlu heyvanda vərəmə görə allergik müayinə həyata keçirilib. Eləcə də vəhşi heyvanlarda oral immunizasiya məqsədi ilə kəndətrafı meşə ərazilərinə və sahibsiz itlərin toplandığı yerlərə 3000 doza miqdarında tələ yemi qoyulub.
Cari ilin 6 ayı ərzində qan-parazitar xəstəliyi aşkar edilən 64 baş iribuynuzlu, 60 baş xırdabuynuzlu heyvanlarda baytar mütəxəssisləri tərəfindən müalicə tədbirləri həyata keçirilib və heyvanların sağlamlığı təmin edilib. Eləcə də 300 baş yerli, 40 baş cins iribuynuzlu, 230 baş xırdabuynuzlu heyvanlarda və 1 baş atda yoluxmayan xəstəliklərə görə müalicə işi aparılıb.
Müvafiq dövr ərzində Şəmkir rayonunda aparılan peyvəndləmə və müalicə tədbirləri ilə yanaşı, mal-qara saxlanılan yerlərdə dezinfeksiya tədbirləri də həyata keşirilib. Rayonda baytar mütəxəssisləri tərəfindən vətəndaşların müraciəti əsasında 32000 kvadratmetr ərazidə ödənişli profilaktik və 33049 kvadratmetr ərazidə isə məcburi dezinfeksiya işləri həyata keçirilib.
Hazırda da Şəmkir rayonunda iri və xırdabuynuzlu heyvanların epizootik tədbirlər planında nəzərdə tutulan işlər davam etdirilir. Belə ki, cavan iribuynuzlu heyvanlarda qarayara (cavanlarda revaksinasiya), dabaq (revaksinasiya), bruselyoz, xırdabuynuzlu heyvanlarda çiçək və bruselyoz xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılır.
Qeyd edək ki, mütəxəssislər tədbirləri xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə aseptika və antiseptika qaydalarına uyğun yerinə yetirirlər. Aparılan peyvəndləmədən sonra dezinfeksiya işləri görülür. Bunlarla yanaşı, baytar mütəxəssislər tərəfindən fermer və fərdi təsərrüfat sahiblərinə müxtəlif xəstəliklər haqqında maariflənmə işləri həyata keçirilir.
AXA bildirir ki, hazırda xüsusi təhlükəli xəstəliklərə görə ölkədə epizootik vəziyyət sabitdir.
Baytar həkimləri və feldşerlər üçün...
2020-06-12 00:00:00<