İstehsal və saxlama yerlərini Fumiqasiya ( zərərsizləşdirmə) etdirin!
2021-10-04 00:00:00
Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən 2021-ci ilin 9 ayı ərzində fiziki və hüquqi şəxslərin müraciəti əsasında Respublika ərazisində 180616.80 ton dənli və paxlalı bitkilərin məhsulları, yemlər, texniki yüklər, qurudulmuş meyvələr və digər materiallar (tütün, pambıq, biyan və digər karantin nəzarətində olan materiallar), 92794.56 m3 meşə materialları (taxta altlıqlar (paletlər), qutular və s), 1455936.5 m3 saxlanma yeri, 9352 m3 yaş meyvə- tərəvəz (xüsusi kameralar və digər hermetik yerlər), 1108200 m2 istixana zərərsizləşdirilib.
Zərərsizləşdirmə tədbirləri karantin nəzarətində olan məhsulların becərilməsi, tədarükü, saxlanması, daşınması, emalı, satışı, habelə onların idxalı, tranziti və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün məcburidir. Tələblərə riayət etməyən şəxslər fitosanitar tədbirlərinin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Yüksək toksiki maddələr olduğuna görə qeyri-dövlət fitosanitar xidməti subyektləri tərəfindən fumiqasiya tədbirlərinin aparılmasına yol verilmir.
Bildiririk ki, fumiqasiya tədbirləri sahibkarların müraciəti əsasında həyata keçirilir. Xidmətlərdən istifadə etmək üçün Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinə (Tel: 012-563-58-45 (daxili:126); 050-644-74-15; 070-965-62-14, (fumiqasiya@axa.gov.az) müraciət edə bilərlər.