Samux rayonunda qarğıdalı əkinlərinə fitosanitar baxış keçirilmişdir
2021-08-13 00:00:00
Aqrar Xidmətlər Agentliyinin Samux Rayon Bitki Mühafizəsi Mərkəzinin əməkdaşları tərəfindən Samux rayonu ərazisində taxıl əkinindən sonra təkrar əkilmiş qarğıdalı sahələrinə fitosanitar baxış keçirilmişdir. Qarğıdalı bitkisi, onun xəstəlik və zərərvericiləri haqqında fermerlərə geniş məlumat verilmiş, onları maraqlandıran suallar ətraflı cavablandırılmışdır. Qarğıdalı əkinlərində aqrotexniki qulluq tədbirlərinin vaxtında və düzgün aparılması, həmçinin xəstəlik və zərərvericilərə qarşı mütərəqqi mübarizə metodlarının tətbiq olunması ilə yüksək məhsul əldə etmək mümkündür.
Qarğıdalı bitkisi becərən fermerlərimizin nəzərinə çatdırmaq istəyirik ki, qarğıdalı əkinlərində müxtəlif zərərverici (payız sovkası, qarğıdalı və çəmən kəpənəyi, zəlicə böcəyi) və xəstəliklər (tozlu və qovuqlu sürmə, helmintosporioz, gövdə, qıca və dəndə bakterioz, qıcalarda qırmızı sürmə, pas və s. ) inkişaf edir ki, onlara qarşı vaxtında və düzgün mübarizə tədbirləri həyata keçirilməzsə, ciddi məhsul itkisi ilə qarşılaşa bilərlər.
Bunu nəzərə alaraq qarğıdalı əkinlərində müşahidə edilən xəstəlik və zərərvericilərə qarşı aparılmalı olan mübarizə tədbirləri ilə bağlı məsləhət və tövsiyələrin alınması üçün vaxtında Agentliyin bitki mühafizəsi sahəsində fəaliyyət göstərən yerli qurumlarına müraciət olunması tövsiyə olunur.