Füzuli rayonunda fermerlərə səyyar xidmət göstərilir.
2021-12-03 00:00:00
Kənd Təsərrüfatı Nazirliyinin müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobusları bölgələrdə vətəndaşlara səyyar xidmət göstərməyə başlayıb. Aqrar Xidmətlər Agentliyində əkin bəyanlarının Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil edilməsi üzrə 6 səyyar qrup yaradılıb. Səyyar xidmət müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib.
İlk aqrar səyyar xidmət Şəki, sonrakı səyyar xidmətlər Sabirabad və İmişli rayonunun kəndlərində təşkil olunub. Hal-hazırda səyyar xidmətlər Füzuli rayonunun kəndlərində fermerlərə xidmət göstərir. Fermerlər səyyar xidmət mikroavtobusuna yaxınlaşaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində öz payızlıq əkinlərini bəyan ediblər. Bu rayonlarda səyyar qruplar tərəfindən EKTİS-də qeydiyyatdan keçmiş 8000-dən artıq fermerə səyyar aqrar xidmət göstərilib. Növbəti aqrar səyyar xidməti Tovuz və Goranboy rayonlarının kəndlərində təşkil olunacaq. Səyyar xidmətin həyata keçirilməsində əsas məqsəd əkin bəyanlarının vaxtında təqdim olunması üçün fermerlərə köməklik göstərmək, operativliyin, çevikliyin və vətəndaş məmnunluğunun təmin olunmasına nail olmaqdır. Növbəti həftələrdə respublikanın digər regionlarında səyyar aqrar xidmət təşkil olunacaq.