Kartofun qonur çürüməsi (Ralstonia solanacearum (Smith) Yabuchi)
2021-10-07 00:00:00
Yayılması və əlamətləri - əsasən isti iqlimi olan bölgələrdə daha çox müşahidə edilir. Bakteriyaların inkişafı üçün optimal temperatur 27°C-dir.
Xəstəlik törədicisinin əsas mənbəyi, bakteriyanın uzun müddət saxlana biləcəyi yoluxmuş torpaqdır. Xəstəlik bitkinin kök, kök yumruları və gövdəsinin zədələnmiş hissəsindən, həmçinin də ağızcıq və yan zoğları vasitəsilə bitkiyə nüfuz edir. Xəstəlik törədiciləri əsasən əkin materialları ilə yayılır. Xəstəliyin yayılmasına həşəratlar və nematodlar da kömək edir.
Xəstəlik torpaq nəmliyi yüksək olduğu şəraitdə xüsusilə intensiv inkişaf edir. Bitkinin yerüstü hissələrinə yoluxmuş bakteriyalar sürətlə çoxalaraq yarpaq və zoğların damarları qonur selikli kütlə ilə doldurur ki, buda soluxmaya səbəb olur. Xəstəliyə yoluxmuş gövdə su ilə doldurulmuş qaba qoyulduqda, ondan qonur bakteriya seliyinin axması aydın görünür. Bu üsul ilə bakterial solmanı, göbələklərin törətdiyi solma xəstəliyindən asanlıqla fərqləndirmək mümkündür.
Xəstəliyin ilkin əlamətləri bitkinin uc yarpaqlarının solması ilə özünü göstərir. Solmuş yarpaqlar tezliklə açıq sarımtıl-yaşıl və ya bürünc çalarlı rəng alaraq qıvrılır və quruyaraq məhv olur. Güclü zədələnmiş bitkilərdə, yerin səthinə yaxın olan gövdə kəsiyində toxumaların qaralması nəzərə çarpır.
Kartof bitkisinin əsasən kök yumruları daha çox zədələnməyə məruz qalır. İlkin simptomlar yumruların səthində görünmür, ancaq kəsik aparıldıqda qəhvəyi çevrələri görmək mümkündür. İnfeksiyanın başlanğıc mərhələsində yumruların zədələnmiş hissəsindən yapışqanlı ağ selikli maye ifraz olunur. Saxlanma zamanı zədələnmiş kartof yumruları çürüyür və xoşagəlməz iy verir.
Qabaqlayıcı mübarizə tədbirləri:
- xəstəliyə yoluxmuş torpaqlarda ən azı 3-4 il kartof və digər sahib bitkilərin əkilməsinə yol verilməməli;
- növbəli əkin sisteminə tədbiq edilməli (ən yaxşı sələf bitkilər- buğda, çoxillik otlar, dənli-paxlalılar, çuğundur hesab edilir), kələm, yerkökü, pomidor və soğandan sonra kartof əkilməməli;
- zərərverici və xəstəliyə davamlı sortların əkilməsinə üstünlük verilməli.
- əkin üçün sağlam kök yumrularından istifadə edilməli;
- əkindən əvvəl kök yumrularının virus xəstəliklərinə qarşı dərmanlanması həyata keçirilməli;
- alaq otları məhv edilməli;
- xəstəliyə yoluxmuş sahələrdə istifadə olunan texnika, avadanlıq və inventarlar dezinfeksiya edilməli;
- məhsul yığımından əvvəl kartofun yerüstü hissələri yığılaraq məhv edilməli;
- məhsul yığımından sonra torpaqda olan bitki qalıqları yığılaraq məhv edilməli;
- məhsul vaxtında yığılmalı və qurudulmalı;
- toxum və qida kartofu üçün optimal saxlanma şəraiti təmin edilməlidir.