Pambıq sovkasının birinci nəslinə qarşı bioloji mübarizə tədbirlərinə başlanılıb
2022-06-22 00:00:00
Düzgün planlaşdırılmış müşahidə və mübarizə sistemi pambıq sahələrini təhlükəli zərərvericilərdən qorumağa imkan verir. Bu baxımdan bioloji mübarizə üsulu mühüm əhəmiyyət kəsb edir. Bioloji mübarizə zamanı pambıq sovkasının təbii düşməni olan trixoqrammadan istifadə edilir. Bununla əlaqədar Aqrar Xidmətlər Agentliyinin (AXA) Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Bioloji agentlərin istehsalı şöbəsi tərəfindən zərərvericiləri müşahidə etmək üçün feromon tutucuların tətbiqinə başlanılmışdır. Qeyd edək ki, feromon tutucular fermerlərə və sahibkarlara təsərrüfatlarda zərərvericilərin mövcudluğu və mübarizənin dəqiq vaxtının müəyyənləşdirilməsinə imkan verir. Həmçinin respublikanın pambıqçılıq rayonlarında pambıq sovkasının təbii düşməni və zərərvericinin yumurtası ilə qidalanan parazit həşərat olan trixoqrammadan istifadə etməklə pambıq sovkasının birinci nəslinə qarşı mübarizə tədbirlərinə başlanılıb. Belə ki, Sabirabad rayonunda “Azərpambıq ASK” MMC-yə məxsus olan pambıq sahələrində pambıq sovkasının birinci nəslinin yumurtasına qarşı hektara 3 qram olmaqla trixoqramma səpilib.
Bioloji mübarizə üsullarından olan trixoqramma tüfeylisi Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Bioloji agentlərin istehsalı şöbəsində çoxaldılır və tarlalara buraxılır.
Trixoqramma olduqca kiçik, pərdəqanadlı həşərat olub 0,5-0,8 mm uzunluğundadır. Həşərat öz yumurtasını müxtəlif kəpənəklərin (pambıq sovkası, kələm kəpənəyi, payızlıq əkin sovkası, gövdə kəpənəyi və.s ) yumurtasının daxilinə qoyur.
Həşəratın hər bir dişi fərdi 40-a qədər yumurta qoyur və yumurtadan çıxan sürfə zərərvericinin yumurtasının daxilini yeyərək məhv edir. Yumurta içərisində trixoqrammanın inkişafı 8-11 gün ərzində başa çatır.
Zərərverici orqanizmlərin hər nəslinə qarşı 3-4 dəfə və hər hektara 60-70 min fərd olmaqla trixoqrammanın tətbiqi nəzərdə tutulur.
Trixoqramma vasitəsi ilə həyata keçirilən bu bioloji mübarizə üsulunun qarğıdalı, bostan bitkiləri və meyvəçilikdə də istifadə olunması məqsədəuyğundur. Bioloji agentlərdən istifadə kimyəvi preparatların tətbiqinin məhdudlaşdırılmasına, məhsulun maya dəyərinin aşağı düşməsinə səbəb olur ki, nəticədə keyfiyyətli və təhlükəsiz məhsul əldə olunur.
Oğuz rayonunda he