Şəki rayonunda buğda bitkisində pas xəstəliklərinə dair seminar keçirilib.
2022-12-12 00:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin və BMT-nın Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının birgə təşkilatçılığı ilə "Mərkəzi Asiya və Qafqazda buğda pası xəstəliklərinin və xəstəliyə davamlılıq üzrə seleksiyanın idarə edilməsi üçün regional əməkdaşlıq və milli imkanların gücləndirilməsi" layihəsi çərçivəsində Şəki rayonunda “Azərbaycanda buğda bitkisində pas xəstəliyinin mövcud vəziyyəti, məhsuldarlığa təsiri və problemlərinin aradan qaldırılması üçün yerinə yetirilməli olan əsas tədbirlər" mövzusunda seminar keçirilib. Tədbirdə Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin əməkdaşları, Elmi tədqiqat institutlarının və ADAU-nun alimləri, BMT-nın Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ekspertləri, bitki mühafizəsi sahəsində çalışan mütəxəssislər, eləcə də fermerlər iştirak edib. Tədbirdə alim və mütəxəssislər “Respublikada buğda bitkisinin pas xəstəliklərinin virulentliyi, sirayətlənmə dərəcəsi və arealı (2019-2021)”, “Buğda sort və formalarının pas xəstəliyinə tolerantlığının süni fonda qiymətləndirilməsi və davamlılıq genlərinin skrininqi”, “Buğda bitkisinin pas xəstəliklərinə davamlı sortları haqqında məlumat”, “Pas xəstəlikləri ilə mübarizədə inteqrir mübarizənin tətbiqi və effektivliyi”, “Buğda bitkisinin məhsuldarlığına təsir edən əsas faktorlar və bu sahədə seleksiya işlərinin əhəmiyyəti” mövzuları üzrə təqdimatla çıxış edərək iştirakçılara ətraflı məlumat verılib. FAO-nun nümayəndəsi Nazir Seydalıyev FAO-nun həyata keçirdiyi layihələr, həmçinin bu layihənin əhəmiyyəti barədə məlumat verib.
Sonda buğda bitkisində müşahidə edilən pas xəstəliyinə qarşı mübarizə tədbirlərinə dair müzakirələr aparılıb və fermerləri maraqlandıran suallar cavablandırılıb.