Aqrar Xidmətlər Agentliyinin əməkdaşları Türkiyədə keçirilən tədbirdə iştirak ediblər
2022-12-27 00:00:00
Aqrar Xidmətlər Agentliyinin sədr müavini Anar Əzimov və Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin direktoru Rəşad Vahabzadə Türkiyə Respublikasının Antalya şəhərində keçirilən Toxum Sənayeçiləri və İstehsalçıları Alt Dərnəyi (TSÜAB) tərəfindən Antalyada “Gələcəyimiz üçün Toxum 2022 TSÜAB Beynəlxalq Toxum Seminarı”nda iştirak edib. Tədbirdə Türkiyənin Kənd Təsərrüfatı və Meşə naziri, Antalya şəhər bələdiyyə rəhbəri, millət vəkilləri və Türkiyənin toxum sənayesi nümayəndələri, həmçinin bir çox çox ölkələrin, o cümlədən Azərbaycan, Qazaxıstan, Özbəkistan və İran İslam Respublikasından toxum sektorunu təmsil edən dövlət və özəl sektorun nümayəndələri iştirak edib. Tədbirdə Aqrar Xidmətlər Agentliyinin sədr müavini Anar Əzimov Azərbaycanda toxum istehsalı və toxum sektoruna sərmaye imkanları ilə bağlı təqdimatla çıxış edərək, toxumçuluqda mövcud vəziyyət və qarşıda duran məsələlər barədə ətraflı məlumat verib. Tədbir çərçivəsində Azərbaycandan olan nümayəndə heyəti Türkiyənin Kənd Təsərrüfatı və Meşə nazirliyinin toxum sektoruna nəzarət edən qurumlarının və laboratoriyalarının fəaliyyəti ilə tanış olaraq, Türkiyəli mütəxəssislərlə görüşmüşdür. Görüşdə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması və birgə fəaliyyət istiqamətləri müzakirə olunub.