Qızılı kartof nematoduna qarşı mübarizə tədbirləri
2023-01-25 00:00:00
Dəyirmi qurdlardır. Adi şəraitdə zərərverici yalnız 1, optimal şəraitdə isə 2 nəsil verə bilir və 1 nəsil 38-48 günə inkişaf edir. Nematodun aktiv çoxalma və inkişafına rütubətli hava şəraiti, güclü yağışlar kömək edir.
Nematodlar əsasən toxumluq, ərzaqlıq və emal məqsədilə idxal olunan kartof, əkin materialı, torpaq, bitkilərin soğanaqları, əmək alətləri, yağış suları, külək və c. vasitəsi ilə yeni sahələrə yayılır.
Növbəli əkin tətbiq olunmadıqda, fasiləsiz olaraq eyni yerdə kartof əkildikdə daha çox zərər yetirir. Məhsul itkisi 30-90% təşkil edə bilər. Birbaşa itkidən əlavə, karantin tətbiq edilən zərərverici olduğundan, məhsulun yoluxmuş sahədən, ərazidən çıxarılmasına da qadağa qoyulur ki, buda əlavə maliyyə itkisinə səbəb olur.
Mübarizə tədbirləri:
Zərərvericiyə qarşı aqrotexniki mübarizə üsulu olaraq növbəli əkin dövriyyəsinə ciddi əməl edilməsi, alaq otlarının (xüsusilə badımcançiçəklilər fəsiləsinə aid olan alaq otları) məhv edilməsi, məhsul yığıdıqdan sonra sahənin bitki qalıqlarından təmizlənməsi, məhsulyığan texnikanın, alət və taraların dezinfeksiya edilməsi və zərərvericiyə qarşı davamlı sortların seçilməsini, həmçinin üzvi gübrələrdən və prepartalarla işlənmiş, dezinfeksiya edilmiş əkin materialından istifadə edilməsini qeyd etmək olar.
Nematodlara qarşı kimyəvi mübarizə zamanı təhlükəsizlik qaydalarına əməl olunmaqla nematisidlərdən və ya fumiqant nematisidlərdən istifadə olunur. Karantin tətbiq edilən təhlükəli zərərverici olduğunu nəzərə alaraq bitkiçilik məhsullarının, xüsusən də toxumluq kartofun idxalı və ixracı zamanı fitosanitar karantin nəzarəti tədbirlərinə ciddi əməl olunmalıdır.