Cəlilabad rayonunda Buğda pası xəstəliklərinə qarşı mübarizə tədbirlərinə dair təlim keçirilib
2023-04-28 00:00:00
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə əməkdaşlıq çərçivəsində “Buğda pasının idarə edilməsi üçün regional əməkdaşlığın və milli imkanların gücləndirilməsi” layihəsi ilə bağlı “Buğda pası xəstəliklərinə dayanıqlı sortlar və inteqrir bitki mühafizəsi tədbirləri” mövzusunda Cəlilabad rayon Dövlət Aqrar İnkişaf Mərkəzində mütəxəssislər üçün təlim keçirilib. Təlimdə Azərbaycan Dövlət Aqrar Universitetinin, Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun, Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri iştirak edib.
Təlimin keçirilməsində əsas məqsəd buğda pasına davamlı sortların seleksiyası və toxumçuluğu üzrə mütəxəssislərin hazırlanması, gələcəkdə buğda pası xəstəliklərinə qarşı mübarizə ilə məşğul ola biləcək kadrların təcrübə və biliklərinin artırılması və mövcud potensialın gücləndirilməsidir.
İştirakçılara buğda bitkisində müşahidə olunan pas xəstəliyinin növləri, xəstəliyə davamlı sortların yaradılması seleksiyasının idarəedilməsi və mübarizə tədbirləri, eləcə də inteqrir bitki mühafizəsi sisteminin prinsipləri, tətbiq imkanları, və ətraf mühitin qorunmasında rolu barədə ətraflı məlumatlar verilib.
Sonda təlim iştirakçıları pas xəstəliyi ilə sirayətlənmiş buğda sahəsinə baxış keçirib, müzakirələr aparılıb.