Tərtər rayonunda toxumluq taxıl sahələrində aprobasiyanın aparılma qaydalarına dair təlim keçirilib
2023-05-19 00:00:00
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə əməkdaşlıq çərçivəsində “Toxumluq taxıl sahələrində aprobasiyanın aparılma qaydaları” mövzusunda Tərtər BTS-da Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Ucar, Göygöl, Bərdə, Tovuz, Göygöl Regional Mərkəzlərinin və Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Bərdə və Qazax Regional Mərkəzlərinin mütəxəssislərinə təlim keçirilib. Təlimdə, Aqrar Xidmətlər Agentliyinin və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşları iştirak edib.
Təlimin keçirilməsində əsas məqsəd toxumluq əkin sahələrində aprobasiyanın aparılması tədbirləri ilə bağlı mütəxəssislərin təcrübə və biliklərinin artırılması və mövcud potensialın gücləndirilməsidir.
Aqrar Xidmətlər Agentliyinin Dövlət toxum nəzarəti və bitkiçiliyin təşkili şöbəsinin müdiri Fikrət Feyziyev iştirakçılara “Azərbaycanda toxum istehsalı, toxum sertifikatlaşdırma sistemi” mövzusunda ətraflı məlumat verib.
Təlimdə FAO-nun təşkilatçılığı ilə Zoom platforması üzərindən Türkiyə eksperti tərifindən “Toxumluq taxıl tarlalarında aprobasiyanın aparılmasında Türkiyə və dünya təcrübəsi” mövzusunda təqdimat olub.
Əkinçilik ETİ-nin direktor müavini Qərib Alış oğlu Novruzlu “Dənli-taxıl bitkilərinin toxumluq əkinlərində aprobasiyaya hazırlıq, aprobasiyanın aparılması, toxumların kondisiyaya çatdırılması və sertifikatlaşdirilması” mövzusunda təqdimatla çıxış edərək ətraflı məlumat verib.
Tərtər BTS-da iştirakçılar tərəfindən toxumluq taxıl əkinlər sahələrinə baxış keçirilib və aprobasiyanın aparılma qaydaları əyani izah olunub.
Tədbirdə iştirakçılarla aprobasiyanın məqsədi, qrunt nəzarəti, toxumluq əkinlərin qeydiyyatı və aprobasiyaya hazırlıq, aprobasiyanın aparılma vaxtı, aprobasiya prosesinin qarşısında duran vəzifələr, aprobasiya dərzlərinin götürülməsi, aprobasiya dərzlərinin təhlili, aprobasiya sənədinin tərtibi barədə müzakirələr aparılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.