ADAU-da keçirilən 16-cı Karyera Sərgisinə 1000-dən çox vakant iş yeri çıxarılıb
2024-05-30 00:00:00
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 16-cı Karyera Sərgisi keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzi meydanında yerləşən abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüblər.
Daha sonra ADAU-nun həyətində sərginin açılış mərasimi baş tutub. Universitetin tanıtım çarxının nümayişi ilə başlayan tədbirdə çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov hər il ənənəvi olaraq keçirilən karyera sərgilərinin əhəmiyyətindən danışıb, məzun olan tələbələrə uğurlar diləyib. O deyib ki, sərgidə 100-dən çox təşkilat və şirkət tərəfindən 1000-dən çox vakant yer təqdim olunub.
Mərasimdə çıxış edən kənd təsərrüfat naziri Məcnun Məmmədov diqqətə çatdırıb ki, kənd təsərrüfatının intensiv inkişafı aqrar sektorda innovasiyaların tətbiqindən və yüksək ixtisaslı mütəxəssislərin mövcudluğundan birbaşa asılıdır. Məhz bu səbəbdən bütün dünyada olduğu kimi, Azərbaycanda da aqrar sahədə məhsuldarlığın artmasını təmin edən müasir texnika və texnologiyalardan səmərəli istifadə etmək bacarığına malik peşəkar kadrlara, mütəxəssislərə ehtiyac getdikcə artır.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev və Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Recep Öztop keçirilən karyera sərgisinin əhəmiyyətindən bəhs edərək, məzun olan tələbələrə uğurlar arzu ediblər.
Açılış mərasimindən sonra iştirakçı şirkət və müəssisələrin təmsilçiləri vakant iş yerləri barədə məzun və qonaqlara ətraflı məlumat veriblər.
Daha sonra Azərbaycan Dövlət Aqrar Universiteti ilə Meyvə-tərəvəz İstehsalçıları və İxracatçıları Birliyi Assosiasiyası arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.
Tədbirdən sonra kənd təsərrüfatı naziri Məcnun Məmmədov ADAU-da təhsil alan tələbələrlə görüş keçirib, onların suallarını cavablandırıb.