Qurban bayramında Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
2024-06-14 00:30:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi Qurban bayramı ilə əlaqədar olaraq gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Belə ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müəyyən etdiyi heyvanların satışı və kəsimi məntəqələrində baytarlıq-sanitariya tədbirlərinin təşkili istiqamətində işlərə başlanılmışdır. Qurban bayramı günlərində kəsiləcək qurbanlıq heyvanların sağlamlığının müəyyən edilməsi məqsədilə AQTA-nın baytar mütəxəssisləri ilə birgə heyvanların kliniki müayinədən keçirilməsi üçün kəsim məntəqələrinə baytar həkimləri təhkim edilib və bayram günlərində rayon HSBX idarələri gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcəkdir. Həmçinin heyvan kəsimi və satışı məntəqələrində baytarlıq - sanitariya qaydalarına uyğun profilaktiki dezinfeksiya tədbirləri həyata keçiriləcəkdir.