Heyvanlarda qan-parazitar xəstəliklərinə qarşı mübarizə tədbirləri
2024-06-24 00:00:00
Heyvanların qan-parazitar xəstəlikləri mövsümi xəstəlik olmaqla respublikamızın ərazisində geniş yayılmışdır və heyvandarlığın inkişafına böyük ziyan vurur.
Xəstəlik iri və xırdabuynuzlu heyvanlarda daha çox müşahidə olunur. Xəstəliyə qarşı vaxtında profilaktiki tədbirlər aparılmadıqda heyvanlar arasında xəstələnmə halları artır. Qan-parazitar xəstəliklərdən ölüm 50-70% ola bilər. Xaricdən gətirilmiş yüksək məhsuldar cins heyvanlar bu xəstəliyə daha həssasdır. Qan-parazitar xəstəliklərinin əsas keçiricisi otlaq gənələridir. Xəstəliyə yoluxma əsasən yaz, yay, payız mövsümündə baş verir. Heyvanların bu dövrlərdə daha çox xəstələnməsinin səbəbi otlaq və otlaq-tövlə şəraitinə keçidlə və gənələrin aktivləşməsi ilə əlaqədardır. Tövlə şəraitində saxlanan heyvanlarda da qan parazitar xəstəlikləri baş verir, yoluxmanın səbəbi heyvanlara verilən yaşıl ot kütləsində və kənardan təsərrüfata gətirilmiş heyvanların üzərində olan, eləcə də tövlələrin ətrafındakı yaşıllıqlardan gələn gənələr olur.
Bu riskləri aradan qaldırmaq üçün heyvanlarda qan-parazitar xəstəliklərinə qarşı profilaktik tədbirlər aparmaqla xəstəlik törədicisinin həyat dövrü zəncirini qırmaq lazımdır:
- qan-parazitar xəstəliklərinin qarşısını almaq üçün ilk növbədə xəstəliyin keçiricisi olan gənələrlə mübarizə aparılmalıdır. Bu məqsədlə, saxlanma şəraitindən asılı olaraq, üzərlərindəki gənələri məhv etmək üçün heyvanlar vaxtaşırı xüsusi preparatların məhlulları ilə çimizdirilməlidir;
- iri buynuzlu heyvanlar adətən çiləyicilər vasitəsi ilə çimizdirilir. Xırdabuynuzlu heyvanları çimizdirmək üçün xüsusi vannalar quraşdırılması tövsiyə edilir; Heyvan saxlanan tövlələr, onların əraziləri, qoyun yataqları və ətrafı mütəmadi olaraq profilaktiki dezinseksiya, deakarizasiya (qansoran həşəratlara və gənələrə qarşı kimyəvi mübarizə) olunmalıdır;
- heyvanları qan-parazitar xəstəliklərdən daha etibarlı qorumaq məqsədi ilə xəstəlik risklərinin mövcud olduğu təsərrüfatlarda əlavə olaraq heyvanlara profilaktika və müalicə üçün nəzərdə tutulmuş xüsusi dərman preparatları inyeksiya edilməsi tövsiyə edilir.
Gövşəyən heyvanların qan-parazitar xəstəlikləri zamanı ümumi kliniki əlamətlər:
- bədən temperaturu 41-42 dərəcəyə qalxır, halsızlıq, iştahın itməsi, gövşəmənin kəsilməsi, suyun həddən artıq qəbulu müşahidə edilir;
- əvvəl ishal baş verir, sonra qəbizlik yaranır, bağırsaq peristaltikası dayanır;
- süd verən heyvanarda süd azalır, südün rəngi əvvəlcə sarı, daha sonra qırmızımtıl olmaqla acı tam verir;
- sidik əvvəl çəhrayı rəngə çalır, sona tünd qırmızı rəngdə ifraz olunur.
Xəstəliyin əlamətləri müşahidə edildikdə baytar həkiminə müraciət edilməsi və professional müalicə aparılması tövsiyə edilir. Gənələrə qarşı çimizdirmə aparılan zamanı fəsadların olmaması üçün tədbir baytarlıq mütəxəssislərinin nəzarəti altında aparılmalıdır.