Karantin alaq otlarına qarşı mübarizə tədbirləri davam etdirilir
2024-06-24 00:00:00
Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin yerli mütəxəsisləri tərəfindən cari ilin əvvəlindən bugünədək karantin alaq otu olan yovşanyarpaqlı ambroziyaya qarşı 1507 hektar sahədə müşahidələr aparılmış, 1458 hektar sahədə sirayətlənmə aşkar edilmiş, 113 hektar sahədə mexaniki mübarizə və 1344 hektar sahədə kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Mübarizə tədbirləri əsasən Qax, Balakən, Zaqatala rayonlarının ərazilərində aparılır.
Qeyd edək ki, Yovşanyarpağı ambroziya birillik yazlıq alaq bitkisi olmaqla Respublika ərazisində, xüsusilə Qax, Zaqatala, Şəki, Balakən rayonlarında geniş yayılmış bütün mədəni və başqa tarla bitkilərinin əkinlərinə, bağlara, üzümlüklərə, çəmənliklərə, otlaqlara və meşə zolaqlarına zərər vurur. Ambroziyanın yayılma arealının məhdudlaşdırılması məqsədi ilə Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir, broşürlər, bukletlər, tövsiyələr hazırlanaraq fermerlərə çatdırılır, vaxtaşırı fermerlərlə görüşlər təşkil edilir, lazımi tövsiyələr verilir, mexaniki və kimyəvi mübarizə tədbirləri aparılır.
Cərgəvi bitkilər arasında ambroziyanın inkişafı üçün əlverişli şərait olduğundan bu alaq otları çox böyük sürətlə inkişaf edərək mədəni bitkilərin inkişafını əngəlləyir, şimal-qərb küləklərinin hakim olduğu bölgədə alaq otları münbit şəraitdə kütləvi toxum verərək asanlıqla yayıla bilirlər.
Qeyd edək ki, karantin alaq otu olan yovşanyarpaqlı ambroziyaya qarşı son ildə aparılan aqrotexniki və kimyəvi mübarizə tədbirlərinin nəticəsində alaq otlarının sahəsi və sirayətlənmə dərəcəsi xeyli azalıb. Yovşanyarpaqlı ambroziya təhlükəli alaq bitkisi olmaqla yanaşı, həm də insan sağlamlığı üçün də təhlükəlidir. Belə ki, çiçəklənmə dövründə havaya yayılan çoxsaylı tozcuqları insanlarda müəyyən allergik xəstəliklər-ambroziya polinozları əmələ gətirir. Belə insanlarda tənəffüs yolları və gözün selikli qişası şişir, tənəffüs çətinləşir, görmə və ümumilikdə iş qabiliyyəti zəifləyir. Bir müddət sonra allergik reaksiyalar bronxial astmaya çevrilir. Ambroziya tozcuqları sayəsində yaranan allergiya o qədər dayanıqlıdır ki, bu xəstəliyə tutulmuş insan bitkinin bitmədiyi yerlərdə belə xəstəliyin əlamətlərindən əziyyət çəkir. Bu tozcuqlar küləklə uzaq məsafələrə yayılır. Yovşanyarpaqlı ambroziyanın nisbətən çox yayıldığı rayonlarda insanlar arasında allergik xəstəliklərə - ambroziya polinozlarına daha sıx rast gəlinir.
Aqrotexniki mübarizə sahələrin ambroziyadan təmizlənməsində həlledici əhəmiyyət daşıyır. Bu üsul torpaqda alaq otunun toxum ehtiyatının tükənməsinə, torpağın və məhsulun təkrar alaqlanmasının qarşısının alınmasına yönəldilmiş tədbirləri (növbəli əkin sistemində becərilən bitkilərin düzgün növbələnməsini, torpağın becərilməsini, əkinə qulluq və s.) özündə birləşdirir. Ambroziyanın toxum verməsinin qarşısının alınması məqsədilə dənli taxıl bitkilərinin məhsulu yığılandan dərhal sonra sahə şumlanmalı, əkin qabağı kultivasiya aparılmalı, tək-tək qalan alaq otları mexaniki üsulla məhv edilməlidir.
Hazırda Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin yerli qurumlarının mütəxəssisləri tərəfindən müşahidə və mübarizə tədbirləri davam etdirilir.
QUŞLARDA YUMURTA MƏHSULUNUN AZALMAS...