Qoyunların yemləndirilməsinə və saxlanmasına qoyulan gigiyenik tələblər

Qoyunçuluğun inkişafı və yunun keyfiyyəti qoyunların düzgün və tam yemləndirilməsindən asılıdır. Pəyədə saxlama dövründə qoyunlar müxtəlif yemlərlə yemlənməlidir. Qış aylarında qoyunlara paxlalı, dənli bitkilərdən hazırlanmış ot, yaxşı keyfiyyətli saman, şirəli yemlər (silos, çuğundur, yer kökü və s.), konsentratlar (jmıx, arpa, kəpək) və mineral yemlər (taba- şir, sümük unu, xörək duzu) verilməlidir. Yemləmə yem axurlarında aparılmalıdır. Yemləmə və otarma elə təşkil edilməlidir ki, qoyunlar yüksək orta köklük dərəcəsində olsunlar. Bu köklük dərəcəsində qoyunlar bir vaxtda həvəsə gəlirlər və cütləşirlər. Bunun nəticəsində də doğum eyni vaxta düşür, qısırlıq xeyli azalır, əkiz doğan qoyunların sayı artır. Cütləşməyə hazırlanan sürüyə cütləşmədən bir neçə gün qabaq əlavə konsentrat yemlər verilməli, hava çox isti olduqda cütləşməyə hazırlanan sürü bütün gün otarılmalıdır.

Qoyunlar gündə iki dəfə suvarılmalıdır: səhər ot verdikdən sonra; günorta ot və ya şirəli yemlər verdikdən sonra.

Sürünün köklük dərəcəsi və sağlamlığı tez-tez yoxlanmalıdır. Zəif və arıq qoyunlar ayrılmalı və onlardan ayrıca qrup təşkil edilməlidir. Bu qrup xüsusi nəzarət altında saxlanmalı və yaxşı yemləndirilməlidir.

Qoyunçuluğun inkişafında, sürünün sağlam olmasına, yüksək yun məhsulunun əldə edilməsinə və quzuların normal bəslənməsinə təsir edən amillərdən biri qoyunların qışda və erkən yazda doğmasıdır. Doğumun bu dövrə düşməsi üçün qoyunlar otlaq şəraiti dövründə (avqust və sentyabr aylarında) cütləşdirilməlidir. Bu dövrdə cütləşdirilən qoyunların hamısı mayalanır, qısırlıq yox dərəcəsinə düşür, rüşeym ana bətnində yaxşı inkişaf edir, iri çəkili quzular doğulur, əkiz doğan qoyunların faizi artır (71%-ə çatır). Doğulan quzular südəmər dövrdə və ya bu dövrdən sonra otlaq şəraitinə düşdüklərindən, yaxşı yemlənə bilirlər. Bunun nəticəsində onların inkişafı sürətlə artır, yaylaq dövrünə qədər müvafiq köklük dərəcəsinə çatırlar. Bu da onları yaylağa köçürərkən yolu yaxşı getmələrinə və istiyə davamlı olmalarına səbəb olur. Bundan başqa, belə quzular ağciyər xəstəliklərinə davamlı olurlar, helmintlərlə az yoluxurlar və qışı yaxşı keçirirlər.

Erkən doğmuş qoyunlardan daha çox süd və yun (9-10% artıq) almaq mümkündür.

Yunun əsas keyfiyyəti onun möhkəmliyi və davamlılığı ilə xarakterizə edilir. Qış aylarında qoyunun yununda bir sıra nöqsanlar baş verir. Məsələn, cır yun əmələ gəlir, yunun möhkəmliyi azalır. Belə yundan toxunan materialların keyfiyyəti aşağı olur. Qış aylarında qoyunlar mineral yemlər və vitaminlərlə təmin edilmədikdə, onlarda, xüsusilə quzularda yun yemə xasiyyəti əmələ gəlir. Belə qoyunlar bir-birinin yununu yeyir. Bunun nəticəsində də

bağırsaq keçilməməzliyi və şirdanın pilorik hissəsinin tutulması baş verir Bu da quzularda tələfatı çoxaldır. Xəstəliyin qarşısını almaq üçün yem payı təzələnməli və xəstə qoyunlar ayrılmalıdır. Profilaktika məqsədi ilə qoyunlara və quzulara quru ot, yerkökü, sümük unu, xörək duzu, ağacların zərif budaqları və yarpaqları verilir, gəzintinin müddəti artırılır, onlar binada seyrək yerləşdirilir.

Qoyunun yunu çirklənməsin deyə yemlər axurlarda verilməlidir. Qoyunlar həyətdə olduqda, yaxud yem axurlarından uzaqlaşdırıldıqda axura yem qoyulmalıdır. Un yemləri isladılmış halda verilməlidir. Küləşdən hazırlanmış döşənək uzun doğranmalıdır. Qoyunlara tikanlı, gec biçilmiş toxumlu otun verilməsi də yunun keyfiyyətini pisləşdirir və qoyunun sağlamlığını pozur. Bəzi otların toxumu (pişikquyruğu) uzun və ucu şiş olduğundan, gözə, yuna və dəriyə batır. Sonra tədricən əzələyə və daxili orqanlara (ürəyə, ağciyərə) keçə bilir. Bunun nəticəsində qoyunun gözü çirklənir və onun bəzi orqanlarında iltihab prosesləri gedir. Bu da qoyunun arıqlamasına və ölümünə səbəb olur.

Toxumu tikanlı olan otları vaxtında yığmaq və onu qabayunlu qoyunlara və keçilərə vermək lazımdır, çünki bu heyvanların yunu, belə otların tikanına və toxumuna davamlıdır. Zərifyunlu qoyunlara Krım ayıpəncəsi və yabanı yonca verilməlidir.

Qoyunlar ilin bütün fəsillərində otarıla bilər. Cənub rayonlarında qoyunlar bütün qışı, bəzi yerlərdə isə qalın qar düşənə kimi otarılır.

Qoyunların otarılmasında dağ, düzənlik və yarımdüzənlik otlaqlardan yaxşı istifadə edilməlidir. Qoyunlar üçün yayda alçaq, qışda isə hündür boylu bitkilər olan otlaqlar ayrılmalıdır. Qoyunlar bitkisi az olan otlaqlarda otarılarkən, habelə qışda yem az olduqda əlavə yemləndərilməlidirlər. Boğaz qoyunlar qışın yaxşı havalarında bütün günü otarılmalıdır. Qarlı havalarda qoyunlar otlağa aparılmazdan əvvəl suvarılmalıdır. Bu qoyunların qar yeməsinin qarşısını alır. Bundan başqa, boğaz qoyunlar soyuqdan xəstələnməsin deyə qışda qar olmayan və ya qar örtüyü az olan otlaqlarda otarılmalıdır. Otarma sahəsi 1,5 km-dən uzaq olmamalıdır.

Yazda qoyunları mədə-bağırsaq pozğunluğundan qorumaq üçün onlar pəyə şəraitindən otlaq şəraitinə tədricən keçirilməlidir. Bunun üçün əvvəlcə yem payında quru yemlər azaldılır, şirəli yemlər və otarma müddəti tədricən artırılır. Sürünü sağlam və yunun keyfiyyətini yaxşı saxlamaq üçün tikanlı, iti toxumlu bitkisi olan sahələrə qoyunlar yazın birinci yarısında, payızda isə ot çalındıqdan sonra aparılmalıdır. Düzənlikdəki otlaqlarda Krım ayıpəncəsi, yapışqanlı böyürtkən və s. yabanı bitkilər çox olur ki, bu da qoyunlar üçün qorxulu hesab edilir.

Cil və qanqal kimi yabanı bitkilərin toxumları yetişməmiş otlaqdan biçilməlidir, çünki bu bitkilərin toxumu qoyunun yununu zibilləyir. Təsərrüfatın otlaq sahəsi az olduqda, qoyunlar pəyə şəraitində saxlanmalı, silos və yaşıl yemlərlə təmin edilməlidir.

Qoyunları düzgün yemləmədikdə onlarda infeksion, invazion və yoluxmayan daxili xəstəliklər baş verir. Belə ki, heyvanlarda yoluxmayan xəstəliklərin 50-70%-i düzgün yemlənməməsi, keyfiyyətsiz və tam olmayan yemlərlə yemləndirilməsindən baş verir.

Heyvanların vaxtında suvsrılmaması və pis keyfiyyətli su ilə suvarılması da yunun miqdarinin azalmasına, xəstəlik və tələfatın artmasına, heyvanın yemlərdən pis istifadə etməsinə səbəb olur. Eləcə də heyvanları suvararkən suyun temperaturasının da böyük əhəmiyyəti vardır. Heyvanlar isti və soyuq suyu eyni həvəslə içmirlər. Belə suları heyvanlar normaya nisbətən az içirlər. Heyvalar soyuq suyu içərkən, onlarda mədə-bağırsaq pozğunluqları, sancılar və boğaz heyvanlarda isə abort (balasalma)  hallarına  rast gəlmək olur. Həddən artıq isti su da heyvanlarda ölgünlük, bağırsaqlarda peristaltikanın zəifləməsi və qəbizlik halları əmələ gətirir.

Qoyunlar saxlanan binalar işıqlı, təmiz olmalı və binada ikitərəfli hava axınına yol verilməməlidir. Qoyunlar yaylağa köçürüldükdə binalar təmir edilməli, həyət təmizlənməli və dezinfeksiya edilməlidir. Qışda qoyunların altına isti, quru döşənək (saman) səpilməlidir. Qoyunların altında qalın peyin qatının əmələ gəlməsinə yol verilməməlidir. Bina qış dövründə iki dəfə təmizlənməlidir.

Qoyun binasında havanın isti və nəmli olmasına yol verilməməlidir, çünki belə mühitdə qoyunlar soyuqdəymə və dəri xəstəliklərinə tez tutulur, onların dırnaqları çürüyür, yun pis inkişaf edir və tökülür.

Qoyun binalarında temperatur 3-5°C-dən artıq olmamalıdır.

Ölkəmizin bəzi rayonlarında qoyun binasında temperaturu 0°C-də saxlayırlar. Binanın havası quru və ventilyasiyası yaxşı olmalı, qoyunlar isə qrup halında saxlanmalıdır.

Qoyun sürüləri 2 yaşdan yuxarı və ya 1-2 yaşlı qoçlardan, bir yaşa qədər olan erkək toğlulardan, 2 yaşdan yuxarı ana qoyunlardan, 1-2 yaşda olan şişəklərdən, 1 yaşına qədər olan dişi və axtalanmış toğlulardan təşkil edilir. Damazlıq qoçlar qrup ilə (hər qrupda 10 baş) və ya tək-tək fərdi qəfəslərdə saxlanmalıdır.

Qışda qoyunların otarılması mümkün olmadıqda, onlar açıq havada (həyətdə), soyuq havalarda isə binada saxlanır. Qoyunların açıq havada saxlanması onların iştahını, sağlamlığını, yununu artırır və onun keyfiyyətini yaxşılaşdırır.

Qoyunlar üçün quru, soyuq hava qorxulu deyildir, bu şəraitdə onlar açıq havada saxlanmalıdır. Nəmli, küləkli və yağışlı havalar qoyunların sağlamlığı üçün qorxuludur.

Qoyunlar pəyə şəraitində saxlandığı müddətdə vaxtaşırı onların dırnaqları yoxlanmalı, təmizlənməli, çox uzundursa kəsilməlidir. Çirkli dırnaq xəstəliyə tez tutulur.

Zərifyunlu qoyunların gözünün ətrafı qırxılmalıdır.