İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanunu

İcbari sığortalar haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU[1]

 

Bu Qanun Azərbaycan Respublikasında daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası sahəsində sığortaçılar, sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər arasında hüquqi və iqtisadi münasibətləri tənzimləməklə, onların hüquq və mənafelərinin qorunması məqsədi ilə Azərbaycan Respublikasında qeyd olunan icbari sığorta növlərinin həyata keçirilməsinin ümumi əsaslarını, həmçinin bu növlərin aparılması qaydalarını və şərtlərini müəyyən edir.[2]

 

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası

 

Maddə 50. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının məqsədi və təyinatı

 

50.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

50.2. Aşağıdakı avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir:

50.2.1. Mühərrikinin silindrlərinin həcmi 50 sm3-dən artıq olan aşağıdakı avtonəqliyyat vasitələri:

50.2.1.1. minik avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;

50.2.1.2. yük avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;

50.2.1.3. mikroavtobuslar, avtobuslar və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;

50.2.1.4. motosiklеtlər və motorollerlər;

50.2.1.5. traktorlar, yol-tikinti işlərində, meşə və kənd təsərrüfatında istifadə olunan avtonəqliyyat vasitələri.

50.2.2. trollеybuslar və tramvaylar.

 

Maddə 50–1. Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta müqaviləsinin növləri[89]

 

50–1.0. Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta müqaviləsinin aşağıdakı növləri var:

50–1.0.1. Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinə münasibətdə bağlanan icbari sığorta müqaviləsi (bundan sonra - standart sığorta müqaviləsi);

50–1.0.2. digər ölkədə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikasının ərazisinə daxil olarkən sürücüsü tərəfindən bu Qanunun 63–1.2-ci maddəsində nəzərdə tutulmuş Yaşıl Kart təqdim olunmayan avtonəqliyyat vasitələrinə münasibətdə bağlanan sığorta müqaviləsi (bundan sonra - sərhəd sığorta müqaviləsi);

50–1.0.3. bu Qanunun 4–1-ci fəslinə uyğun olaraq bağlanmış beynəlxalq sığorta müqaviləsi (bundan sonra - Azərbaycan Yaşıl Kartı).

 

Maddə 50–2. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə fəaliyyətlə məşğul olmaq istəyən sığortaçılara dair əlavə tələb

 

Sığortaçı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə fəaliyyət göstərməsi üçün bu Qanunun 63–4-cü maddəsində nəzərdə tutulmuş Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların reyestrinə daxil edilməlidir.

 

Maddə 50–3. Standart və sərhəd sığorta müqavilələrinin bağlanmasına dair əlavə tələb[90]

 

Bu Qanunun 50–1.0.1-ci və 50–1.0.2-ci maddələrində nəzərdə tutulan icbari sığorta müqavilələri “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron sənəd formasında bağlanır.

 

Maddə 51. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinə dair əlavə tələb və ona xitam verilməsinin əlavə əsası[91]

 

51.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi yalnız bu Fəsildə nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır.[92]

51.2. Bu Qanunun Ümumi bölməsində icbari sığorta müqaviləsinə xitam verilməsi ilə bağlı nəzərdə tutulmuş müddəalar avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinə, bu Qanunun 51.3-cü maddəsi nəzərə alınmaqla şamil edilir.

51.3. Bu Qanuna uyğun olaraq bağlanmış avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətin icbari sığortası müqaviləsinin aid olduğu əmlakın özgəninkiləşdirildiyi halda sığortalının həmin müqaviləyə xitam vermək hüququ var.[93]

 

Maddə 52. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi

 

52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur.

52.2. Avtonəqliyyat vasitəsinin istifadəsi dedikdə avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismarı nəzərdə tutulur. Avtonəqliyyat vasitəsində quraşdırılmış, lakin onun yol hərəkətində iştirakı ilə birbaşa bağlı olmayan avadanlıqların istismarı avtonəqliyyat vasitəsinin istifadəsi hesab edilmir.

 

Maddə 52–1. Avtonəqliyyat vasitəsinə dəyən zərərlərin tənzimlənməsi üzrə əlavə tələb[94]

 

52–1.1. Aşağıdakı şərtlərin hər birinin mövcud olduğu halda yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir:

52–1.1.1. zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə;

52–1.1.2. yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı bu Fəsildə nəzərdə tutulmuş mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə.

52–1.2. Zərərçəkənin bu Qanunun 52–1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada tələb irəli sürməsi onu zərərvurana qarşı zərərin sığorta məbləğindən artıq hissəsinin ödənilməsi tələbi ilə çıxış etmək hüququndan məhrum etmir.

52–1.3. Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin həmin avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyəti icbari formada sığortalamış sığortaçı tərəfindən ödənilməsi zamanı həmin sığortaçı ilə zərərvuranın mülki məsuliyyətinə görə öhdəlik daşıyan sığortaçı arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair qaydalar maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.