Heyvan sahibləri üçün bruselyozla bağlı məlumat vərəqi

Bruselyoz nədir?- Bruselyoz bakteriyanın səbəb olduğu infeksion xəstəlikdir. İnsanlar xəstəliyə yoluxmuş qaramal, camış, qoyun, keçi ilə təmasda olduqda və ya heyvan mənşəli məhsulların emalı və qəbul edilməsi zamanı xəstəliyə yoluxa bilərlər. İnsanların bruselyoza yoluxmasına səbəb olan amillər: yeni doğulmuş heyvanlar, döl və dölətrafı maye, vaginal axıntı, pasterizə (qaynadılmayan) olunmayan süd və pasterizə olunmayan süddən hazırlanan süd məhsulları (pendir, yağ, qatıq). Bruselyoza yoluxmuş heyvanın əti bişirildiyi təqdirdə təhlükəsizdir. Bruselyoz Azərbaycanın bütün regionlarında heyvanlar və insanlar arasında yayılan xəstəlikdir. 
İnsanlarda və heyvanlarda bruselyoz: -İnsanlarda bruselyozun əsas əlamətləri davamlı yüksək hərarət, üfunətli tərləmə və oynaqların iltihabıdır. Xəstəlik kişilərin, qadınların və uşaqların sağlamlığına mənfi təsir göstərməklə vaxtında müalicə edilmədikdə xroniki hala keçir və daha kəskin əlamətlərə səbəb ola bilir. Bruselyoza yoluxan heyvanlarda balasalma, qısırlıq halları baş verir və onların süd məhsuldarlığı azalır. Aqrar Xidmətlər Agentliyi xəstəliyə nəzarət etmək üçün göz damcı üsulu ilə bruselyoz əleyhinə peyvəndləmə kampaniyası həyata keçirir. Bu kampaniya insanlarda və heyvanlarda xəstəliyin səviyyəsini xeyli dərəcədə azaldacaq. Heyvanlarınızı bruselyoza peyvənd etdirməklə özünüzü və ailənizi bruselyozdan qoruyur, bruselyoz əleyhinə peyvəndləmə kampaniyasının uğurla həyata keçirilməsinə dəstək vermiş olursunuz. 
Ehtiyat tədbirləri: -Heyvanlarla təmasda olduqdan sonra həmişə əllərinizi sabunla yuyun. Bu, yeni doğulan və bala salan heyvanlarla təmasdan sonra daha mühüm əhəmiyyət daşıyır. 

  • -Yeni doğulmuş balaya və heyvanın saldığı dölə toxunarkən əlcək geyinin. 
  • -Qaynadılmamış süd içməyin.
  • -Bruselyoza yoluxmuş heyvanlardan əldə olunan süd qaynadıldıqdan sonra ondan pendir və ya digər süd məhsulları hazırlayın.
  • -Qaynadılmamış süddən hazırlanan pendir daha təhlükəlidir.
  • -Peyvəndləmə zamanı balasalma riskini azaltmaq üçün baytar mütəxəssislərinə heyvanın boğazlıq müddəti barədə məlumat verin.
  • -Göz damcısı ilə peyvənd olunmayan heyvanları almayın. Bruselyoza peyvənd olunan heyvanların qulağında nişan (kəsik) qoyulur. Həmin nişana görə peyvənd edilməyən heyvanları asanlıqla müəyyən etmək mümkündür. 
  • -Heyvanlarınızın bruselyoza yoluxmasının qarşısını almaq üçün onları peyvənd etdirin. Peyvənd etdirmə heyvanlarınızın uzun müddətli sağlamlığını təmin edəcək. 
  • -Doğuş zamanı heyvanlarınızın digər heyvanlarla təmasda olmasına yol verməyin və doğuş ərazisini təmiz saxlayın. 

Heyvanlarımı bruselyozdan qoruyaraq ailəmi necə təhlükəsiz edə bilərəm? 

  • -Bruselyoza yoluxan heyvanlar qan analizi ilə aşkar oluna bilər.
  • -Bruselyoza yoluxan heyvanlar sürüdən ayrılmalı və könüllü kəsimə göndərilməlidir. Bruselyoza yoluxan heyvanlar bazarlarda satıla bilməz, çünki onlar xəstəliyi yayır. 
  • -Heyvanlarınızı bruselyoz xəstəliyinə qarşı peyvənd etdirin. 
  • -Heyvanlarınızın bruselyozdan qorunması ilə bağlı tövsiyələrə əməl etmək üçün ərazinizin baytar mütəxəssisləri ilə əlaqə saxlayın.  

Kənd Təsərrüfatı Nazirliyinin ÇAĞRI MƏRKƏZİ  1652