Kombaynçı üçün təhlükəsizlik texnikası üzrə TƏLİMAT

 

  1. Ümumi tələblər

 

1.1 Kombaynı idarə etməyə və ona qulluq etməyə tibbi müayinədən keçmiş, kombaynı idarə etməyə vəsiqəsi olan, iş yerində təlimatlandırılmış, yaşı 18-dən az olmayan şəxslər buraxılırlar.

  1. Kombaynçının mümkün təhlükəli amillər haqqında məlumatı olmalı, yanğın təhlükəsizliyi qaydalarını bilməli və odsöndürənlərdən istifadə etməyi bacarmalıdır.
  2. Nasaz kombaynda işlərin aparılmasının yol verilməz olmasını, alət və qurğuların təyinatına görə istifadə olunmasının, nəzərdə tutulmuş fərdi mühafizə vasitələrindən istifadə edilməsinin vacibliyini bilməlidir.
  3. O, bədbəxt hadisə baş verdikdə zərərçəkənə ilk tibbi yardım göstərilməsinin üsul və qaydalarını bilməli və onları səlis tətbiq etməyi bacarmalıdır.
  4. Kombaynçı öz əmək vəzifələrini yerinə yetirərkən bu təlimatın tələblərinə riayət etməlidir. Bu təlimatın tələblərinə riayət etməməyə görə o, məsuliyyət daşıyır.

 

  1. İşə başlamazdan əvvəl

 

  1. Kombaynçı xüsusi geyim və xüsusi ayaqqabını geyinməlidir.
  2. Kombaynı diqqətlə nəzərdən keçirməlidir, qığılcımsöndürənin, alətlərin və yanacaqdolduran avadanlığın, yanğınsöndürmə vasitələrinin sazlığını yoxlamalıdır.
  3. Aşağıdakı nasazlıqlar olarsa kombaynı istismar etmək qadağandır:
  • işçi əyləc mühərrikin (təkərlərin) bərabər və etibarlı əyləclənməsini (tormoz) təmin etmədikdə;
  • idarəetmə sükanının lütfü buraxılabilən həddən çox olduqda (20 0);
  • sükan çarxı çətin döndükdə ;
  • təkər etibarlı bərkidilmədikdə;
  • yanacaq sistemindən yanacaq axdıqda (sızdıqda);
  • səsboğucu olmadıqda və ya nasaz olduqda ;
  • səs siqnalı işləmədikdə;
  • çəkici - ilişək qurğu nasaz olduqda ;
  • yanğınsöndürmə vasitələri olmadıqda.
  1. Kombaynı işə salmazdan əvvəl kombaynçı yoxlamalıdır:
  • kombaynın oturacağının sazlığını, oturacaqda qoruyucu kəmərin, döşəmə taxtasının mövcudluğunu, pilləkənin, məhəccərin, meydançanın sazlığını;
  • ikitərəfli siqnalizasiya sisteminin sazlığını;
  • odsöndürənin və qığılcımsöndürənin işlək vəziyyətdə olmasını;
  • mühərrikin, hava kompressorunun, hidravlik nasosun sağlığını;
  •  yağın və suyun sızıb-sızmamasını yoxlamalı, nasazlıq aşkar edildikdə dərhal aradan qaldırılmalıdır;
  • mühərriki işə salmazdan əvvəl sürətlər qutusunun idarəetmə dəstəyinin neytral vəziyyətdə olmasını;
  • mühərrikin normal işləməsinə, əyləcin etibarlı olmasına əmin olmalıdır;
  • yanacağı və soyuducu susyu doldurarkən dolma səviyyəsini yoxlamalı və normal olmasına əmin olmalıdır;
  • bütün elektrik cihazlarının və alətlərin normal işləməsinə əmin olmalıdır.
  1. Akkumulyator batareyası etibarlı bərkidilməlidir. Elektrolitin axmasına yol verilməməlidir. Qeyri-standart batareyalarla işləmək qadağandır.
  2. Elektrik dövriyyəsini yoxlamalıdır. Elektrik xətləri mexaniki zədələnmələrdən qorunmalı, üzərinə (xüsusən, naqillərin qızan hissələrində) yağın və yanacağın düşməsinin qarşısı alınmalıdır.
  3. Kombaynın elektrik cihazları saz vəziyyətdə olmalı - mühərrikin starterin köməyi ilə işə salınmasını, işıqlandırma və elektrik nəzarət cihazlarının, siqnalizasiyanının müntəzəm işləməsini təmin etməli, naqillərdə və klemmalarda cərəyanın sızmasını istisna etməlidir.

 

  1. İş vaxtı

 

  1. Kombaynın komplektləşdirilməsi və sazlanması mexanikin iştirakı ilə aparılmalıdır.
  2. Qəzaya və ya hər hansı bədbəxt hadisəyə gətirib çıxara bilən nasazlıq aşkar olunduqda kombayn dərhal dayandırılmalıdır.
  3. Elektrik gərginliyi altında kombaynın və digər mexanizmlırin işləməsinə yalnız aqreqatın ən yüksək nöqtəsindən naqillərədək məsafə 2m-dən az olmadığı halda yol verilir.
  4. Gecə vaxtı işləyən kombaynlar lazımi miqdarda işıqlandırıcı cihazlarla və etibarlı elektrik enerjisi mənbəyi ilə təmin olmalıdırlar. Gecə növbəsində nasaz işıqlandırıcı cihazlarla işlərin aparılması qadağandır.
  5. Kombaynın yanacaq - sürtgü materiallarla doldurulması və ona texniki xidmət sutkanın işıqlı vaxtı həyata keçirilməlidir.
  6. Kombaynın tənzimlənməsi və texniki xidməti üzrə bütün əməliyyatlar, əyləc və mühərrikin tənzimlənməsindən başqa, mühərrik söndürülmüş halda həyata keçirilməlidir.
  7. Kombaynın bütün idarəetmə dəstəkləri istilik keçirməyən materialdan olmalıdır.
  8. Kombayna xidmət edən heyyət üçün təhlükəli olan hissələr məhəcərlənməlidir. Əgər istehsalçı zavod tərəfindən məhəcərlənmə yerinə yetirilməyibsə, təsərrüfat rəhbərliyi təhlükəsizlik texnikasına cavabdeh şəxslə razılaşdıraraq, bu məhəccərlərin hazırlanıb quraşdırılmasını təşkil etməlidir.
  9. Kombaynla qoşqu arasındakı mexanizmlər mühafizə örtüklərilə bağlanmalıdırlar.
  10. Kombaynı işə salmazdan əvvəl kombaynşı siqnal verməli, kombaynın ətrafında heç bir insanın olmamasına əmin olmalıdır.
  11. Kombaynın taxıl çəninin çıxışında heç bir əşyanın olmamasına əmin olmalıdır.
  12. Yanğın təhlükəsizliyinin təmin edilməsi üçün kombayn yanğınsöndürmə vasitələrilə təchiz olunmalıdır:
  • iki ədəd yanğınsöndürənlə - biri idarəetmə meydançasında, digəri- taxıldöyənin sağ panelinin arxa dirəyində yerləşdirilməlidir;
  • bel, süpürgə, qumla dolu yeşik və iki ədəd vedrə ilə.
  1. Kombaynların dayanacağı yanacaqdoldurma məntəqəsindən və yaşayış yerlərindən 80-100 m məsafədə yerləşdiriməlidir. Gecə dayanacağında kombaynların arasındakı məsafə 20 m-dən az olmamalıdır.
  2. Kombaynın yanacaqla doldurulması bağlı üsulla, mexaniki və ya əl intiqqallı nasoslarla aparılmalıdır.
  3. Tarla şəraitində məhsulun yığılması zamanı kombaynın elektrik qaynağının tətbiq edilməsilə təmir olunması lazım gəldikdə, kombaynın bütün hissələri əvvəlcə yığılan məhsul qalıqlarından təmizlənməli və su ilə yuyulmalıdır.
  4. Elektrik işləri aparılarkən elektrik təhlükəsizliyi tələblərinə riayət olunmalıdır: elektrik intiqallarından ötürmələr məhəccərlənməlidir; kombaynın bütün cərəyan keçirməyən hissələri, elektrik mühərrikinin və aparatlarının gövdəsi (korpusu) elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydalarına uyğun olaraq etibarlı yerlə birləşdirilməlidir.
  5. Tarlada işləyən zaman kiçik qanovlarda, çökək yerlərdə və digər hamar olmayan yerlərdə hərəkət etdikdə sürətlər qutusu vasitəsilə sürəti dəyişməməli, hərəkəti qaz pedalından istifadə etməklə tənzimləmək lazımdır.

 

  1. İş qurtardıqdan sonra

 

  1. Kombaynı dayanacağa qoymalı, mühərriki söndürməli, onu toz-torpaq və çirkdən təmizləməli, sürətkeçirmə manivellasını (rıçaq) neytral vəziyyətdə qoymalı, yanacaq sisteminin siyirtmələrini (kran ) bağlamalı və elektrik naqillərinin kombaynın gövdəsi ilə qısa qapanmasının olmamasına əmin olmalı.
  2. Xüsusi geyim və digər fərdi mühafizə vasitələrini çıxarmalı və təmizləməlidir.
  3. Şəxsi gigiyena prosedurları (əl-üz yumaq, duş qəbul etmək və s.) qəbul etməlidir.