KARTOF GÜVƏSİ

(Phthorimaea operculella Zell.)

 

Kartof güvəsi kartofun, badımcanin, pomidorun, bibərin, tütünün və quşüzümü fəsiləsinə aid yabanı bitkilərin karantin zərərvericisidir.

Azərbaycanda son illər Samux, Şəmkir, Tovuz, Cəlilabad, Masallı, Lənkəran və Astara rayonlarında müşahidə edilir.

Kəpənəyi kiçik, parlaq boz rəngdədir. Ön qanadları boz  rənglidir, qanadın uzunu boyunca ortasından qaramtıl zolaq keçir, qanadın ön və arxa kənarında iri tünd-qara nöqtələr var.

Yenicə yumurtadan çıxmış tırtılı açıq çəhrayı və ya yaşılımtıldır, başı tünd qəhvəyi, uzunluğu 1,2 mm-ə qədərdir. Yetkin tırtıl qəbul etdiyi yemdən asılı olaraq sarımtıl-çəhrayı və ya sarımtıl-yaşıl rəngdə olur. Ortasından uzunu boyunca ağımtıl xətt keçir, döş ayaqları qaradır. Üç dəfə qabıq dəyişərək 4 yaş mərhələsi keçirir.

Anbar və digər saxlama yerlərində diapauzaya düşmədən il boyu çoxala bilir. Açıq sahədə iyulun sonu - avqusun əvvəllərində populyasiyada kəpənəklər sayca artaraq, maksimum həddə çatır. Yumurta məhsuldarlığı160-200 ədəd arasında dəyişilir. Zərərvericinin Azərbaycanda tarla şəraitində 3-4,  il ərzində isə 5-6 nəsil verməsi ehtimal edilir. Kartof güvəsində diapauza olmadığı üçün 100 C-dən yuxarı temperaturada çoxalması fasiləsiz gedir, lakin nəslin davametmə müddəti artır.

Zərərverici yumurta, tırtıl və pup mərhələsində yoluxmuş kartof yumrularının daşınması və əkilməsi yolu ilə yayılır.

Güvə ən çox kartofa ziyan vurur. Zədələnmiş yumrular tez xarab olur, xəstəliklərə gücü yoluxur, görkəmini və əmtəəlik keyfiyyətini itirir. Kütləvi çoxaldıqda sahədə və ya çardaq altında müvəqqəti saxlanılan kartof yumrularını 2-3 həftə ərzində tamamilə məhv edə bilir. Zərərverici 25-80% məhsul itkisinə səbəb olur. Tırtıllar tərəfindən zədələnmiş tütün yarpaqları siqaret  hazırlanması üçün yaramır.

 

Mübarizə tədbirləri

Təhlükəli daxili karantin obyekti olan kartof güvəsi əleyhinə qarşıalıcı və qırıcı mübarizə tədbirlərini sistem şəklində tətbiq etmək məqsədəuyğundur:

·        bütün karantin məhdudiyyətlərinə ciddi əməl olunmalıdır, ölkə daxilində kartof güvəsinin yayılmasının qarşısını almaq üçün kompleks karantin tədbirləri həyata keçirilməlidir;

·        erkən əkin aparılmalı, əkin üçün, ancaq sağlam yumrulardan istifadə etməli, yumruları torpağın tipindən və kartofun sortundan asılı olaraq, maksimum dərinliyə (14-17 sm) əkmək lazımdır;

·        qismən zədəli toxumdan istifadə etmək zəruriyyəti yarandıqda, əkinqabağı yumruları bir neçə saat ərzində 40o C-də saxlamalı, sonra zəif cücərmələrinə (2-3 sm-dən az) nail olmalı və metador preparatı iiə (100 ml preparat 1 litr suya qatılıb 120 kq toxuma çilənir) dərmanlanmalıdir;

·        növbəli əkin tətbiq etməli, kartof əkilmiş sahələrdə 3-6 ildən sonra təkrar əkin aparılmalıdır, kartof sahəsi əvvəlki əkinlərdən ən azı 1-1,5 km aralı olmalıdır;

·        kartof əkiləcək yoluxmuş torpaqlar ildə iki dəfə - yazda və payızda dərin (25-30 sm) şumlanmalıdır;

·        əkilən sahədə və kənarlarda bitən quşüzümü fəsiləsinə aid alaq otları (dəli bəng və s.) və özü bitmiş kartof kolları sistematik olaraq məhv edilməlidir;

·        bütün yumruların 5 sm-dən çox torpaqla örtülü olması üçün, kartof kollarının dibləri vaxtında doldurulmalıdır (suvarma, torpağın çatlaması və yumruların böyüməsi ilə üzə çıxırlar);

·        vegetasiya ərzində kartof əkinlərində siperkor (0,1-0,6 l/ha), korumaqor (2,2-2,5 l/ha), siruks (0,1-1,6 l/ha), arrivo (0,13-0,16 l/ha), danadim (1,4-1,9 l/ha), desis (0,2 l/ha) kinplan (0,025-0,04 l/ha) və s. insektisidlər ilə çiləmələr aparmalı, dərmanlamalar yığıma 20 gün qalanadək dayandırılmalıdır ( bu dövrdə bioloji preparatlardan istifadə etmək olar).  İlk kəpənək aşkar olunan kimi sahə dərmanlanmalı, 10-15 gündən bir çiləmə aparılmalıdır. İlk dərmanlamalar kolorado böcəyi ilə birgə aparıla bilər. Yayın ortalarında əkinlərdə güvə populyasiyası miqdarca maksimum həddə çatdığından, növbəti çiləmələrə də ehtiyac yaranir;

·        tağların qurumasını gözləmədən, saralmanın əvvəlində kartof məhsulu yığilmalıdır,  yığıma bir həftə qalmış yerüstü kütlə biçilərək, məhv edilməlidir (yandırılmalı və ya torpağa basdırılmalıdır);

·        çıxarılmış yumrular qısa müddətdə (bir neçə saat qurudulur) diqqətlə toplanıb, gün batana qədər sahədən çıxarılmalı, sahədə qalan kartofun üstü brezentlə örtülməlidir. Kartof açıq dam və çardaq altında saxlanılmamalıdır. Kəsik, zədəli və çürümüş yumruların da kənarlaşdırılması vacibdir. Güvə ilə yoluxmuş sahədən yığılmış məhsul digərlərindən təcrid edilməlidir;

·        kartof və digər quşüzümükimilərin saxlanacağı anbarlar diqqətlə təmizlənməli, kəpənəyin daxil olma yolları qapanmalı və dezinfeksiya olunmalıdır;

·        kartof anbarlarında temperatur 10oC-dən aşağı səviyyədə (3-5oC optimal istilikdir) saxlanılmalıdır. Anbarda istiliyi nizamlamaq mümkün olmadıqda isə, kartof  lepidosit və ya delfin biopreparatlarının 1%-li məhlulunda (5 tona 100 lirt işçi məhlul) 4-5 dəqiqə saxlanılıb, kölgədə qurudulduqdan sonra anbara  yığılmalıdır.