Koliforniya çanaqlı yastıcası

 

KALİFORNİYA ÇANAQLI YASTICASI

Quadraspidiotus perniciosus (Comstock, 1881)

 

Kaliforniya çanaqlı yastıcası bərabərqanadlılar dəstəsinin (Homoptera) Diaspididae fəsiləsinin Quadraspidiotus cinsinə məxsus həşəratdır. Kaliforniya çanaqlı yastıcası polifaq orqanizm olub 84 fəsiləyə aid 270-ə yaxın bitki növü ilə qidalanır. Yastıca respublikamızın əksər bölgələrində meyvə ağaclarının təhlükəli zərərvericisidir. Dövlət Xidmətinin məlumatlarına görə bu zərərverici ölkənin 26 payonunda qeydə alınıb, daxili karantin obyektidir.

Əsasən I yaşda olan sürfələr qışlayırlar. Sürfələr fevral ayının sonuna doğru və ya martın ilk həftəsindən etibarən havanın orta gündəlik temperaturu 7,80 C-ə çatdıqda diapauzanı dayandırır və qidalanmağa başlayırlar. Mayın ikinci dekadasında I nəslin, iyulun ikinci dekadasında isə II nəslin gəzən sürfələri görünürlər. Mayalanmış dişi fərdlərdə diri baladoğma  40-60 günə qədər davam edə bilir. Uzunmüddətli nəsilvermə mübarizə işini çox çətinləşdirir. Doğulduqdan çanaq əmələ gələnədək olan araliıq (4-7 gün) kimyəvi mübarizə üçün ən əlverişli vaxtdır. Azərbaycanın düzənlik ərazilərində yerləşən meyvə bağlarında zərərvericinin üç nəsil verdiyi müəyyən olunmuşdur.

Yeni doğulan gəzən sürfəiər 0,2 – 0,3 mm uzunluğunda və limonu-sarı rəngdə olmaqla, üç cüt ayağa və bığcığa malikdirlər. Yeni doğulmuş sürfələr budaq, zoğ, yarpaq və meyvələri xortumu ilə deşərək, toxumaların şirəsini sormaqla qidalanırlar. Qidalanma nəticəsində xaric olan ifrazatdan, tədricən muma bənzər ağımtıl rəngdə çanaq əmələ gələrək, sürfələrin üzərini örtür.

Gövdə, budaq, meyvə, saplaq və yarpaqların şirəsinin intensiv sorulması nəticəsində ağaclar və kollar tədtricən zəifləyir və məhv olurlar. Sirayətlıənmiş tinglər 2-3 ildən sonra quruyurlar. Bəzən meyvələrin 80-90%-i zədələnir və deformasiya olunur,  məhsuldarlıq aşağı düşür. Yastıca ilə sirayətlənmiş bitki və meyvələrin idxal və ixracına yol verilmir.

Mübarizə tədbirləri

Koliforniya çanaqlı yasıcası təhlükəli zərərvericidir, onunla mabarizə hər zaman çətin və uzunmüddətli olur. Onun əleyhinə müxtəlif mübarizə üsulları sistem şəklində tətbiq olunmalıdır:

·        bitki karantini tələblərinə ciddi əməl olunmalıdır. Sağlam əkin materialından istifadə olunmalı, sirayətlənmiş rayonlardan ting, calaqaltı və qələm gətirilməsinə yol verilməməlidir;

·        qurumuş və zəifləmiş budaqlar və bitkilər vaxtında kəsilərək götürülməlidir;

·        təmizlənmiş qabıqlar və kəsilmiş hissələr yandırılmalıdır;

·        budaq və gövdədəki yastıca koloniyaları metal fırça ilə qaşınaraq, yerə sərilmiş polietilen materialın üzərinə tökülməli, sonradan yandırılmalıdır;

·        yastıca əleyhinə mübarizədə göbələk əsasında hazırlanmış Avertin və Aversektin,  patogen nematod əsaslı Nemabakt biopreparatları tətbiq olunmalıdır;

Yastıcaya qarşı kimyəvi mübarizə - yeganə səmərəli üsul sayılır:

·        zərərvericinin populyasiya sıxlığı yüksək olmadıqda, erkən yazda tumurcuqlar açanadək (gecələr temperatura 4oC-dən, orta gündəlik temperatura isə 7,5oC-dən yuxarı olduqda) mineral yağ emulsiyaları (Preparat 30 və s.) ilə ağacların çilənərək yuyulması,  vegetasiya dövründə zərərvericinin çoxalma və yayılmanın qarşısını alır. Bu zaman qarışdırmaqla keyfiyyətli işçi məhlul hazırlanmalı, budaqlardakı yağ örtüyünün tez qurumaması üçün sakit və buludlu havada, nisbi rütubət yüksək olduqda çiləmə aparılmalıdır;

·        erkən yazda yastıca əleyhinə dərmanlamada nitrofen, oleokuprit və mineral yağ preparatlarından (preparat 30 və s.) istifadə olunur;

·        ağaclara mənfi təsir etdiyindən 2-3 ildə bir dəfə prepatat № 30 tətbiq olunmalıdır;

·        vegitasiya müddətində (çiçəkləmədən əvvəl və sonra) zərərvericilərə qarşı aşağıdakı pesiditlərin birindən istifadə olunması məsləhət görülür: Avantaj (1,5 l/ha), Siperkor (1,0 l/ha), Mezatam (0, 1-02 l/ha), Dentis (0,2 l/ha), Desis (05, l/ha), Bi-58 Novıy (1-2,5 l/ha), Sumition (1kq/ha), Fufanon (1kq/ha), Kinmiks, Aliot və s. Yastıcalara qarşı digər insektisidlərin (Ditoks, Terradim, Desant, Admiral, Sumition, Dirsban) istifadəsi də mümkündür. Yaxşı səmərə verdiyindən, çox hallarda Aktara, Bi-58 Novıy, Fufanon, Aktellik, Rovikurt və Raqor kimi insektisidlər tövsiyə olunur.  Yaxşı olardl kı, gəzən sürfələrin kütləvi çıxdıqları dövrdə yay çiləmələri aparılsın. Güclü yoluxma zamanı hər nəslə qarşı iki dəfə - 10 gün ara verməklə çiləmə aparılması yaxşı nəticə verir;

·        yastıcalarda pestisidlərə davamlılığın yaranmasını əngəlləmək üçün müxtəlif kimyəvi siniflərə məxsus insektisidləri növbələşdirməklə, mübarızə aparılmalıdır.