Amerika ağ kəpənəyi və ona qarşı mübarizə tədbirləri
2025-08-21 00:00:00
Amerika ağ kəpənəyi daxili karantin obyektidir. Azərbaycan Respublikası ərazisində 1984-cü ildə Quba-Xaçmaz bölgəsində aşkar olunmuş, qısa müddətdə Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Lənkəran və Astara rayonlarında, eləcə də Abşeron yarımadasında yayılmışdır. Hazırda respublikanın digər bölgələrində də müşahidə edilməkdədir.
Polifaq zərərvericidir, 230-a qədər ağac, kol və ot bitkilərinin növləri ilə qidalanır. Zərərvericinin kəpənəkləri ağ rəngli olub, bədən uzunluğu 9-15 mm-dir. Qanad açılışı erkək fərdlərdə 25-30, dişi fərdlərdə isə 25-36 mm-dir. Kəpənəyin bədəni qalın ağ tüklərlə örtülmüşdür. Erkək fərdlərin qanadları üzərində qara yaxud tünd qəhvəyi nöqtələr vardır. Sonuncu yaşda olan tırtılların da bədəni 30-40 mm uzunluğunda olmaqla sıx tükcüklərlə örtülüdür. Tırtılların bel hissəsində iki cərgə qara rəngdə, yan tərəflərində isə iki cərgə açıq sarı ziyillər yerləşir.
Amerika ağ kəpənəyi Azərbaycan şəraitində əsasən 2 nəsil verir. Qışlamış nəslin ilk fərdlərinin (birinci nəsil) pupdan uçması may ayınin əvvəllərində baş verir. Havanın temperaturası 130 C-dən aşağı düşdükdə kəpənəklərin pupdan uçması dayanır. Dişi fərdlər, əsasən ağac çətirlərinin kənarında yarpaqların alt səthinə bir təbəqədə sayı 100-600 ədəd olmaqla topa halında yumurta qoyurlar. Birinci nəslin bir dişi fərdi 1500-ə qədər, ikinci nəslin bir dişi fərdi isə daha çox 2500-ə qədər yumurta qoya bilirlər. Yumurtada embrionun inkişafı havanın temperaturundan asılı olaraq 5-15 gün çəkir. Yumurtadan çıxan tırtıllar 1-2 saat sonra qidalanmağa və tor yuva qurmağa başlayırlar.
Tırtıllar adətən 6 bəzən isə 7-8 yaş mərhələsi keçirirlər. I–II yaşlarda tırtılların yuvası ağac çətirlərinin kənarında torla hörülmüş 1-2 yarpaqdan ibarət olur. V yaşa kimi tırtıllar kaloniya halında yaşayırlar və V yaşın sonlarına yaxın tor yuva 1-1,5 m ölçüyə qədər çatır. Bu yaşda tırtıllar qidalanmalarını davam etdirmək üçün tor yuvanı tərk edərək bütün bitki boyu yayılırlar.
Zərərvericinin tırtıl mərhələsi 30-40 gün, bəzən daha çox çəkir. Qidalanmanı başa vurmuş 7 yaşlı tırtıllar ağacın qurumuş qabıqlarının altındı, gövdə çatlarında, oyuqlarda, divarların çatlarında, ağac çətirinin altında torpağın üst qatında pup mərhələsinə keçirlər. Pup mərhələsi 15-20 gün çəkir. İkinci nəslin fərdlərinin pupdan uçması iyulun əvvəllərində baş verir və nəslin inkişafı təkrarlanır. İkinci nəslin fərdlərinin populyasiyasının birinci nəslə nisbətən artıq olması və bunların dişi fərdlərinin yumurtaqoyma qabiliyyətinin daha yüksək olması bu nəslin zərərvurma dərəcəsini dəfələrlə artırmış olur.
Zərəvericinin yetkin fərdlərini (kəpənəkləri) sahələrə vizual baxış keçirməklə aşkar etmək mümkündür. Bunun üçün ağacların budaqlarına, yarpaqların alt səthinə diqqətlə baxılmalı, yaxud ağaclar silkələnməlidir. Kəpənəklər əsasən gecələr aktiv olduqları üçün onları işıq tələlərindən istifadə etməklə də aşkar etmək olar. Zərərverici pup mərhələsində qışlayır.
Zərərvericinin tırtılları tərəfindən yarpaqların yeyilməsi bitkilərin zəifləməsinə, çoxsaylı zədələnmələr nəticəsində isə məhv olmasına səbəb olur. Tırtılların tükcükləri insanlarda alergiya yarada bilir.
Zərərvurma qabiliyyətinin yüksək olmasını nəzərə alaraq zərərvericinin populyasiyasının artımının qarşısının alınması, sayının maksimum azaldılması üçün vaxtında müvafiq profilaktik tədbirlərin görülməsi mühüm əhəmiyyət kəsb edir.
Yaşayış məntəqələriində, həyətyanı sahələrdə, su hövzələrinin ətrafında zərərvericiyə qarşı kimyəvi mübarizə tədbirlərinin yarada biləcəyi riskləri nəzərə alaraq bu ərazilərdə may ayından başlayaraq müşahidələrin aparılması və zərərvericinin aşkar edildiyi ilk anlarda əsasən mexaniki mübarizə tədbirlərinə üstünlük verilməsi məqsədəuyğun olardı. Belə ki, zərərvericinin tırtılları inkişafın ilk mərhələsini (I-II yaşlarda) ağac çətirlərinin kənarlarında 1-2 yarpaq üzərində torla örtülmüş yuvalarda keçirdiyindən bu dövrdə mütəmadi müşahidələr aparılmalı və aşkar edilmiş tor yuvalar olan kiçik budaqlar kəsilərək üzərindəki tırtıllar əzilərək, yaxud yandırılaraq məhv edilməlidir.
Puplaşmaya gedən tırtılların yığılaraq məhv edilməsi üçün tutucu qurşaqlardan da istifadə oluna bilər. Tutucu qurşaq karton və ya parça materialından hazırlana bilər. Tutucu qurşağın eni minimum 20-25 sm olmalı və iki dəfə dolamaqla gövdəyə bərkidilməlidir. Tırtılların gizlənməsi və puplaşması üçün sığınacaq rolunu oynayan belə qurşaqlar vaxtaşırı açılaraq orada toplanmış tırtıllar məhv edilməlidir.
Bununla yanaşı, payız mövsümündən başlayaraq zərərvericinin qışlama yerləri nəzərə alınmaqla profilaktik zərərsizləşdirmə tədbirlərinin aparılması ilə də zərərvericinin sayının xeyli azaldılmasına nail olmaq olar. Belə ki, ağacların gövdə və budaqları qurumuş qabıqlardan təmizlənməli, tökülmüş bitki qalıqları və yarpaqlar yığlaraq məhv edilməli, çətir altında torpaq bellənməli, yaxud şumlanmalıdır.
Zərəvericinin çoxalma potensialının və yayılma qabiliyyətinin həddindən artıq yüksək olmasını nəzərə alaraq kənd təsərrüfatı təyinatlı təsərrüfatlarda zərərvericinin müşahidə edildiyi ilk anlarda Aqrar Xidmətlər Agentliyinin bitki mühafizəsi sahəsində fəaliyyət göstərən yerli qurumlarına məlumat verilməsi tövsiyə olunur.
Aqrar Xidmətlər Agentliyinin bitki sağlamlığı sektorunun
baş məsləhətçisi b.e.ü.f.d. Şükür Əhmədov
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır