Bakıda II Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı çərçivəsində panel müzakirələr keçirilir
2025-09-12 00:00:00
Bakıda təşkil olunan II Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – “Baku Water Week” çərçivəsində panel müzakirələr keçirilir. Panel müzakirələrdə dövlət qurumlarının nümayəndələri, yerli və xarici ekspertlər, özəl şirkətlərin nümayəndələri, ali təhsil və elmi-tədqiqat müəssisələrinin təmsilçiləri iştirak ediblər.
“Su idarəetməsində liderlik: Regional və qlobal perspektivlər” adlı panel müzakirələrdə çıxış edən Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bildirib ki, Azərbaycanın su siyasəti strateji prinsiplərə əsaslanır və qəbul olunmuş Milli Su Strategiyası yaxın onilliklər üçün aydın hədəflər müəyyənləşdirir. Onun sözlərinə görə, Milli Su Strategiyası su ehtiyatlarının ədalətli və rasional idarə edilməsini, infrastrukturun müasirləşdirilməsini, rəqəmsal texnologiyaların tətbiqini, alternativ və dayanıqlı su mənbələrinin inkişafını, həmçinin elm, innovasiya və beynəlxalq əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında su ehtiyatlarından səmərəli istifadənin vacibliyinə toxunub. Nazir Məcnun Məmmədov bildirib ki, iqlim dəyişkənliyinin kənd təsərrüfatına mənfi təsirini azaltmaq, su və torpaq resurslarından daha səmərəli istifadə etmək üçün təsərrüfatlarda müasir suvarma sistemlərinin tətbiqi genişləndirilir: “Dövlət tərəfindən müasir suvarma avadanlıqlarının dəyərinin 40 faizi subsidiyalaşdırılır, bu avadanlıqlar əlavə dəyər vergisindən azaddır. Bu ildən isə müasir suvarma sistemləri vasitəsilə suvarma aparılan əkin sahələrinə görə fermerlərə 60 manat əlavə subsidiya ödənilir”.
Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev vurğulayıb ki, iqlim dəyişikliyi fonunda su ehtiyatlarından səmərəli istifadə xüsusi əhəmiyyət kəsb edir: “İqlim dəyişikliyi və orta temperaturun artması dünyada olan su resurslarının yığılmasına və istifadəsinə çox böyük təsir göstərir. Bu gün həmin təsirlər buzlaqların əriməsinə, qar ehtiyatlarının azalmasına gətirib çıxarır. Hazırda bütün dünyada bu proses müşahidə olunur. Əfsuslar olsun ki, Azərbaycanda da buzlaqların əriməsini və qar ehtiyatlarının azalmasını müşahidə edirik”.
Tədbirdə çıxış edən Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov qeyd edib ki, su resurslarının qorunması və səmərəli istifadəsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir: “Ölkəmizdə aparılan genişmiqyaslı islahatlar və layihələr məhz bu məqsədə xidmət edir. Lakin su qıtlığı və iqlim dəyişikliyi kimi çağırışlar yalnız bir ölkənin imkanları ilə həll edilə bilməz. Ona görə də əməkdaşlıq, təcrübə mübadiləsi və birgə təşəbbüslər xüsusi önəm daşıyır. Bu konfrans da məhz belə bir platformadır. Burada səslənən ideyalar və irəli sürülən təkliflər gələcək addımlarımıza istiqamət verəcək”.
Panel müzakirələr sual-cavab formatında davam etdirilib, mütəxəssislər su çatışmazlığı problemləri, su idarəçiliyinin səmərəliliyinin artırılması ilə bağlı fikirlərini bölüşüblər.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır