Qobustanda Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib
2025-09-22 00:00:00
Qobustan rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Rayon İcra Hakimiyyəti və Aqrar Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib. Festival fermerlərin keyfiyyətli toxum materialları ilə təmin edilməsinə, bölgədə kənd təsərrüfatı istehsalının səmərəliliyinin artırılmasına və aqrar sahədə davamlı inkişafın təşviqinə xidmət edir.
Yarmarkada Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən toxum istehsalçıları, eləcə də dövlət qurumları və özəl şirkətlərin nümayəndələri iştirak ediblər. Yarmarka çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yaradılan vahid stenddə ölkənin müxtəlif bölgələri üçün sertifikatlaşdırılmış və rayonlaşdırılmış toxum nümunələri nümayiş etdirilib, mütəxəssislər tərəfindən fermerlərin diqqətinə torpaq və iqlim xüsusiyyətlərinə uyğun toxumların seçilməsinin əhəmiyyəti çatdırılıb. Bildirilib ki, bu bölgə üzrə “Lider”, “Ləyaqətli-80”, “Yubiley-90”, “Gaudio”, “Maurizio”, “Lucilla” yumşaq buğda sortları, eləcə də “İdra”, “Dəyanətli” və “Finola” arpa sortlarının istifadəsi məqsədəuyğundur. Qeyd olunub ki, bu toxumlar yüksək məhsuldarlıq potensialı ilə yanaşı, bölgənin aqroiqlim şəraitinə uyğunlaşma qabiliyyəti ilə seçilir və bu da fermerlərin daha sabit və qənaətbəxş nəticələr əldə etməsinə imkan yaradır.
Fermerlərə müxtəlif kənd təsərrüfatı bitkilərinin sertifikatlı toxumları təqdim olunmaqla yanaşı, əkin üçün düzgün sort seçiminin məhsuldarlığa təsiri, aqrotexniki qulluq qaydaları və torpaq-iqlim xüsusiyyətlərinə uyğun toxum istifadəsi barədə ətraflı məlumat verilib.
Həmçinin, festival çərçivəsində “EMA Agro” şirkətinin aqronom mütəxəssisi tərəfindən fermerlərə “Dənli bitkilərin əkin qabağı mühafizəsi qaydaları” mövzusunda təlim keçilib. Təlim zamanı düzgün toxum hazırlığı və əkindən öncə profilaktik tədbirlərin görülməsi və məhsul itkisinin əhəmiyyətli dərəcədə təsiri barədə məlumat verilib.
Tədbirdə çıxış edən Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov kənd təsərrüfatının bölgənin sosial-iqtisadi inkişafında xüsusi rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, bu cür festivallar fermerlərin bilik və bacarıqlarını artırmaqla yanaşı, onlara bazar imkanlarına çıxış və dövlətin dəstək proqramlarından daha səmərəli istifadə imkanı qazandırır. Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov isə çıxışında bildirib ki, Aqrar Biznes Festivalları artıq ənənəvi xarakter alıb və bölgələrdə dövlət-özəl əməkdaşlığının möhkəmlənməsində mühüm rol oynayır. O, bu tədbirlərin fermerlərin yeni texnologiyalar və innovativ yanaşmalarla tanışlığı baxımından əhəmiyyətini qeyd edib.
Tədbir iştirakçıları sərgi stendlərinə baxış keçirərək təqdim olunan toxum sortları və müxtəlif aqrar məhsullarla tanış olublar. Fermerlərə dövlət dəstəyi, subsidiyalar, yeni əkinçilik texnologiyaları barədə geniş məlumat verilib.
Qeyd edək ki, Qobustanda təşkil olunan bu yarmarka ölkənin müxtəlif bölgələrində keçirilən toxum sərgi-satış tədbirlərinin davamıdır və cari ildə 10-dan artıq rayonda belə tədbirin reallaşdırılması planlaşdırılır.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır