“Dövlət-özəl tərəfdaşlıq çərçivəsində Aqronomların Naxçıvan Forumu” keçirilib
2025-09-29 00:00:00
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində Biznes Mərkəzində “Dövlət-özəl tərəfdaşlıq çərçivəsində Aqronomların Naxçıvan Forumu” keçirilib.
Forumun məqsədi dövlət-özəl tərəfdaşlığı çərçivəsində aqrar sektorda davamlı inkişafın təmin edilməsi, innovativ texnologiyaların tətbiqi, aqronomların peşəkarlığının artırılması və müasir çağırışlara uyğun əməkdaşlıq imkanlarının müzakirəsi olub.
Tədbirdə dövlət və özəl sektorun nümayəndələri, aqronomlar, alimlər, fermerlər və aqrar sahənin digər mütəxəssisləri iştirak edərək aqronomiyanın mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Forumun açılışında çıxış edən Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Rafail Quliyev bildirib ki, son illərdə dövlətin aqrar sektora göstərdiyi dəstək, innovativ texnologiyalara çıxış imkanlarının genişləndirilməsi məhsuldarlığın artımına mühüm təsir göstərib. Forumun nəticələrinin isə aqronomların peşəkar inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına və kənd təsərrüfatının davamlı inkişafına töhfə verəcəyi vurğulanıb.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında qeyd edib ki, əsas məqsəd müasir texnologiyaların tətbiqi ilə aqronomların bilik və bacarıqlarının artırılmasına, fermerlərin isə innovativ həllərə çıxış imkanlarının genişləndirilməsinə dəstək verməkdir. Onun sözlərinə görə, müasir kənd təsərrüfatında uğur qazanmaq üçün aqronomlar yalnız elmi biliklərə deyil, həm də praktik təcrübəyə və innovativ texnologiyaları tətbiq etmək bacarığına sahib olmalıdırlar. Aqrar İnnovasiya Mərkəzinin fəaliyyəti də bu istiqamətdə strategiya və resursların düzgün yönləndirilməsini təmin edir.
Rəsmi açılış mərasimində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev, Aparatın Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Seymur Səfərli də çıxış ediblər.
Forum üç panel sessiyasından ibarət olub. Birinci sessiyada kənd təsərrüfatında dövlət dəstəyi mexanizmləri, subsidiyalara əlçatanlıq, fermerlərin sertifikatlı toxumlarla təmin olunması, aqronomların müasir bilik və bacarıqlara yiyələnməsi, heyvandarlıq və balıqçılıqda elmi yeniliklər, intensiv suvarma sistemlərinin tətbiqi kimi mövzular müzakirə edilib. Sessiyada Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumları, Naxçıvan Kənd Təsərrüfatı Elmi Tədqiqat İnstitutu, Heyvandarlıq və Balıqçılıq Elmi Tədqiqat İnstitutu, Azərbaycan Mikromaliyyə Assosiasiyası, “Agrosystems” və “SHABRAN-D” şirkətinin mütəxəssisləri iştirak ediblər.
İkinci sessiyada toxumçuluq sektorunun inkişafı, beynəlxalq standartlara uyğunlaşdırılması, payızlıq taxıl səpinlərinin təşkili, sertifikatlı toxumların istifadəsinin stimullaşdırılması, baytarlıq tədqiqatlarında innovativ yanaşmalar və özəl şirkətlərin aqrar bazardakı rolu müzakirə olunub. Sessiyada AXA, Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsi, Baytarlıq Elmi Tədqiqat İnstitutu, “AgroDairy” və “EMA Agro” şirkətlərinin mütəxəssisləri iştirak ediblər.
Üçüncü sessiyada isə Naxçıvan Muxtar Respublikasında aqrar siyasətin həyata keçirilməsi, risklərin idarə olunması, sahibkarlığın inkişafı, yerli istehsalın stimullaşdırılması, meyvə tinglərinin yetişdirilməsində yeni texnologiyaların tətbiqi və fermerlərin sertifikatlı toxumlarla təminatı müzakirə olunub. Bu sessiyada Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aqrar siyasət və risklərin idarə olunması şöbəsi, Yerli qurumlarla və sahibkarlarla iş sektoru, “AGROVİT”, “Grand Agro in Vitro”, “Zirvə Agro” şirkətlərinin nümayəndələri çıxış ediblər.
Forumun yekununda qeyd olunub ki, “Dövlət-özəl tərəfdaşlıq çərçivəsində Aqronomların Naxçıvan Forumu” aqrar sektorda bilik və təcrübə mübadiləsinə, yeni təşəbbüslərin formalaşmasına və kənd təsərrüfatının davamlı inkişafına mühüm töhfə verəcək.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır