Haqqımızda

Haqqımızda

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 14 yanvar tarixli 467 nömrəli Fərmanı ilə aqrar sahədə göstərilən dövlət xidmətlərinin optimallaşdırılması və səmərəliliyinin artırılması, həmin dövlət xidmətlərinin daha az həcmdə resurs sərf edilməklə həyata keçirilməsi, dövlət vəsaitinə qənaət edilməklə bu sahədə inzibati idarəetmənin təkmilləşdirilməsi, xidmətlərin həyata keçirilməsində keyfiyyətə nəzarətin təşkili, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi, elektron xidmətlərə keçidin sürətləndirilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədi ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 may tarixli 701 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə”si təsdiq olunmuşdur. 
Aqrar Xidmətlər Agentliyi ölkədə heyvan və bitki sağlamlığı, seleksiya nailiyyətləri, toxumçuluq, nəqliyyat vasitələri və digər kənd təsərrüfatı texnikası ilə bağlı dövlət xidmətlərinin təşkilini, habelə seleksiya nailiyyətləri, toxumçuluq və kənd təsərrüfatı texnikası sahələrində dövlət nəzarətini həyata keçirir. 
AXA qarşısında duran əsas hədəflər: heyvan sağlamlığının təmin edilməsi, heyvandarlıqda məhsuldarlığın artırılması, bitki sağlamlığı, bitkiçilikdə məhsuldarlığın artırılması sahələrində bitki mühafizəsi və fumiqasiya (zərərsizləşdirmə) , o cümlədən aqrokimyəvi xidmətlərin təşkilində, seleksiya nailiyyətlərinin qeydiyyatını və mühafizəsində, kənd təsərrüfatı sahəsində toxumçuluğun idarə edilməsində və toxumçuluğa dövlət nəzarətində, eləcə də kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatının aparılmasında, texniki vəziyyətinə və istismarına dövlət nəzarətini innovativ üsulları tətbiq etməklə həyata keçirməkdir. 
AXA tərəfindən göstəriləcək xidmətlər üzrə reqlamentlər hazırlanaraq təsdiq edilmişdir. Belə ki, agentlik tərəfindən heyvan sağlamlığı, bitki mühafizəsi və fumiqasiya (zərərsizləşdirmə), seleksiya nailiyyətlərinin qeydiyyatı və mühafizəsi, toxumçuluğun təşkili, labaratoriya ekspertiza və sertifikatlaşdırma və texniki nəzarət üzrə 47-dən artıq xidmət göstərilir.

 

Rəhbərlik 

Sədr: Hacıyev Sərdar Fəxrəddin oğlu

Sədr müavini: Məhərrəmov Cəfər Hüseyn oğlu

Sədr müavini: Quliyev Rafail Cəbrayıl oğlu

Sədr müavini: Həsənov Eldar Nəriman oğlu

Sədr müavini: Əzimov Anar Fərman oğlu