Aqrar Təlim Mərkəzi tərəfindən “100 kənddə 100 təlim”- informasiya kampaniyası davam etdirilir
2022-10-12 00:00:00
Payızlıq əkinlərin başlaması ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə bölgələrdə informasiya kampaniyası davam edir. “100 kənddə 100 təlim” adı altında keçirilən növbəti interaktiv səyyar təlim İmişli rayonunda baş tutub. Rayonun Aranlı, Məzrəli, Qızılkənd, Sarıxanlı kəndlərində açıq havada keçirilən təlimlərdə fermerlərə payızlıq əkinlər zamanı aqrotexniki tədbirlərin vaxtında və düzgün təşkili barədə məlumatlar verilib.Tədbirdə Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin mütəxəssisləri fermerlərə bol və keyfiyyətli məhsul əldə etmək üçün zəruri olan aqrotexniki tədbirlər, taxıl əkininin texnoloji xəritəsi, aqrotexniki tədbirlərin vaxtında və düzgün həyata keçirilməsi, gübrələrin vaxtında və düzgün tətbiqi, aqrokimyəvi analizin fermerlərə verdiyi üstünlüklər, sertifikatlı toxumdan istifadənin məhsuldarlığı müsbət təsiri, növbəli əkin sistemi, taxıl sahələrində xəstəliklərə, zərərvericilərə və gəmiricilərə qarşı mübarizənin təşkili və digər aktual mövzularda məlumatlar verib, fermerlərlə fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallara aydınlıq gətirilib. Növbəti informasiya kampaniyası Kürdəmir rayonunda həyata keçiriləcəkdir.
Qeyd edək ki, layihə çərçivəsində 35 min fermerin təlimlərə cəlb olunması nəzərdə tutulur.Təlimlər 18 rayon üzrə seçilmiş 100 kənddə keçiriləcək.