Baytarlıq xidmətlərinin təşkili sahəsində cari ildə görülmüş işlər və qarşıda duran vəzifələrə dair tədbir keçirilib
2023-12-27 00:00:00
Oğuz rayonunda cari ildə “Heyvan sağlamlığının qorunması və baytarlıq xidmətlərinin təşkili sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr”ə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Aqrar Xidmətlər Agentliyinin sədr müavini Eldar Həsənov, Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəisi Məsud Xatibi, AXA əməkdaşları, Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM), rayon Heyvan sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin rəhbərləri, eləcə də fərdi (özəl) baytarlıq praktikası ilə məşğul olan baytar həkimləri iştirak edib. İştirakçılar öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbirdə çıxış edən AXA-nın sədr müavini Eldar Həsənov ölkədə epizootik sabitliyin qorunub saxlanılmasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Bildirib ki, bu baxımdan, dövlət-özəl baytarlıq münasibətlərinin daha da inkişaf etdirilməsi, daha çevik baytarlıq xidmətlərinin yaradılması, aparılan tədbirlərin rəqəmsallaşdırılması, “Epizootiya əleyhinə profilaktiki və diaqonistik Tədbirlər planı”na uyğun olaraq vaksinasiya tədbirlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsi, maarifləndirici tədbirlərin aparılması, baytarlıq subyektlərinin peşəkarlıq səviyyəsinin artırılması, şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi vacibdir. Cari ildə ölkədə epizootik vəziyyətin sabit olduğunu və növbəti ildə də vaksinasiya tədbirlərinin vaxtında və keyfiyyətli həyata keçirilməsi üçün rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin üzərinə böyük vəzifələr qoyulduğunu nəzərə çatdırıb.
Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri mərkəzinin rəisi Məsud Xatibi görülmüş işlər barədə məlumat verərək bildirdi ki, bazar iqtisadiyyatının tələbinə uyğun baytarlıq fəaliyyətinin təkmilləşdirilməsi istıqamətində islahatlar aparılaraq özəl baytarlıq xıdmətinə keçid təmin olunmuşdur. Dövlət büdcəsindən maliyyələşən xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə tədbirləri baytar həkimləri ilə AXA arasında bağlanılmış müqavilə əsasında, digər xəstəliklərə qarşı isə fermerlərə ödənişli əsaslarla qarşılıqlı razılaşma yolu ilə həyata keçirilir. Bu da rəqabət mühitinin formalaşmasına, baytar həkimlərinin bilik və bacarıqlarının, gəlirlərinin artırılmasına, həmçinin xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına müsbət təsir göstərib.
Sonra Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri mərkəzinin əməkdaşları təqdimatla cıxış edərək, növbəti ildə qarşıya qoyulan əsas hədəflər barədə məlumat veriblər.
Tədbirdə rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin rəhbərləri, eləcə də fərdi (özəl) baytar həkimləri çıxış edərək bölgələrdə epizootik vəziyyət, yerlərdə qarşılaşdıqları çətinliklər barədə məlumat verib. Mövzu ətrafında fikir mübadiləsi aparılıb, səslənən təkliflər qeydə alınıb, müvafiq məsləhət və tövsiyələr verilib.
Sonda cari ildə fərqlənən əməkdaşlara mükafatlar təqdim olunub.
Pambıq bitkisinin əsas zərərvericil...
2020-06-23 00:00:00