Çəyirtkəkimilərin küpələrinin yaz nəzarət müşahidələri davam etdirilir
2021-04-06 00:00:00
Kənd Təsərrüfatı bitkilərinin xüsusi təhlükəli zərərvericilərindən olan çəyirtkəkimilərin respublika ərazisində əsasən üç növü - Mərakeş, İtaliya və Asiya çəyirtkələri geniş yayılmışdır. 2020-ci ildə respublikanın müxtəlif bölgələrində çəyirtkəkimilərin sürfə və yetkin fərdlərinə qarşı 33000 hektara yaxın sahədə kimyəvi mübarizə tədbirləri həyata keçirilmişdir. Mübarizə tədbirləri əsasən Tovuz, Ağstafa, Samux, Şabran, Saatlı, Sabirabad, Biləsuvar və İmişli rayonlarının ərazilərində aparılmışdır.
Cari ildə çəyirtkəkimilərə qarşı aparılacaq mübarizə işlərinin həcminin müəyyənləşdirilməsinə dair proqnoz məlumatlarının dəqiqləşdirilməsi üçün mart ayından başlayaraq Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli qurumlarının mütəxəssisləri tərəfindən zərərvericilərin küpələrinin aşkar edilməsi və küpələrdəki yumurtaların bioloji vəziyyətinin öyrənilməsi üzrə yaz nəzarət müşahidələrinə başlanılmışdır.
Ümumilikdə 10398 hektar ərazidə yaz nəzarət müşahidələri aparılmış və 1832 hektar ərazidə zərərvericinin küpələri aşkarlanmışdır.
Ən çox sirayətlənmə isə Qobustan rayonunun ərazisində 900 ha, Ağsu (320 ha), Şabran (132 ha), Saatlı (132 ha), Tovuz (80 ha), Ağstafa (74 ha) və İmişli (70 ha) rayonlarının ərazilərində müşahidə edilmişdir.
Hazırda çəyirtkəkimilərin yayılma ehtimalı olan bütün rayonların ərazilərində rayon bitki mühafizəsi mərkəzlərinin mütəxəssisləri tərəfindən çəyitkəkimilərin küpələrinin aşkarlanması üzrə yaz nəzarət müşahidələri davam etdirilir.