Kiçik tut odlucasına qarşı mübarizə tədbirləri
2021-05-08 00:00:00
Ölkəmizdə ipəkçiliyin inkişafı təbii ki, ipəkqurdunun yem bazası olan tut bağlarının bərpa olunmasından asılıdır. Belə ki, son illərdə respublikanın müxtəlif bölgələrində yeni tut bağlarının salınmsı istiqamətində mühüm addımlar atılmışdır. İpəkçiliyin inkişafı üçün yüksək yarpaq məhsuldarlığına malik tut bitkilərinin yetişdirilməsi və onların xəstəlik və zərərvericilərdən mühafizə edilməsi çox əhəmiyyətlidir. Bu bitkinin əsas zərərvericisi olan kiçik tut odlucasına qarşı mübarizəni müvafiq vaxtlarda və spesifik tədbirlər sxemi ilə həyata keçirmək tövsiyə olunur.
Azərbaycanda zərərvericinin dörd-beş nəsli inkişaf edir. Temperatur şəraitindən asılı olaraq bir nəslin inkişafı 25-35 gün davam edir. Qışlamanı tırtıl mərhələsində (pup öncəsi) torpaqda (3-6 sm dərinlikdə), ağac çatlarında, qabıq altında və s. yerlərdə keçirirlər. Növbəti ilin aprel ayının sonlarından etibarən, havanın temperaturu +13°C-dən yüksək olduqda, tırtılların inkişafı başlayır və onlar puplaşırlar. Kəpənəklərin uçuşu may ayının 2-ci dekadasından başlayıb, iyunun əvvəllərinə qədər davam edir. Bir nəslin inkişafı qısa zamanda başa çatsa da nəsillər biri-birinə qarışır və eləcə də bir bitki üzərində zərərvericinin bütün mərhələlərinə rast gəlmək olur. Avqust-sentyabr aylarında 3-cü və 4-cü nəsilləri bitkilərə daha çox zərər vururlar.
Mübarizə tədbirləri:
Aqrotexniki mübarizə. Payızda çəkil və tut ağaclarının ətrafına tökülmüş yarpaqları (xəzəli) toplayıb yandırmaq qış ehtiyatının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Yazda və eləcə də odlucanın hər nəslinin kütləvi puplaşması dövründə ağacların gövdə ətrafının 15-20 sm dərinliyində bellənməsi və qurumuş budaqların kəsilib, sahədən kənar yerdə yandırılması yaxşı nəticə verir.
Bioloji mübarizə. Tut odlucasının təbii düşmənləri populyasiyanın miqdarca tənzimlənməsində əhəmiyyətli rola malikdirlər. Qeyd etmək lazımdır ki, tut odlucasının birinci nəsli yırtıcı və parazitlərin hücumuna nisbətən az məruz qalır. Bu nəslin tırtılları, əsasən qarışqalar tərəfindən məhv edilir.İyun ayından başlayaraq (2-ci nəsildən) tut odlucası tırtılları qidalanan yarpaqlarda (yuvaların daxili və üzərində) hörümçəklər, adi qızılgöz, parabizən və himar arılarına sıx rast gəlinir. Laboratoriyada artırılmış habrobrakon tüfeylisi mübarizə məqsədilə zərərvericinin böyük yaşlı tırtılları kütləvi göründükdə tətbiq olunmalıdır. Ektoparazitin sahəyə buraxılması zamanı bu tırtıllar çoxsaylı olduqda, bioloji səmərəlilik də yüksək olur.
Kimyəvi mübarizə. Çəkil yarpaqları ilə ipək qurdunun yemləndirilməsi və iri tut ağaclarında meyvələrin fizioloji yetişkənlik dövrü zərərvericinin birinci nəslinin inkişafı ilə üst-üstə düşür. Birinci nəslin inkişafı zamanı kimyəvi preparatlardan istifadə olunması ipək qurdlarının məhvinə və tut meyvələrində pestisidlərin toplanmasına səbəb ola bilər. İyul ayının əvvəlindən başlayaraq, zərərvericinin ikinci və sonrakı nəsillərinə qarşı radikal mübarizə tədbirlərini tətbiq etmək olar. İyul-oktyabr aylarında aparılan səmərəli mübarizə tədbirləri tut odlucasının populyasiya sıxlığının azalmasına, növbəti ilin çəkil yarpağı və meyvə toplanan may-iyun aylarında zərərin minimuma salınmasına gətirib çıxaracaqdır.
Kimyəvi mübarizənin tırtılların kiçik və orta yaş dövrlərində aparılması daha məqsədəuyğundur. Kiçik tırtılların pestisidlərə təbii davamlılıqları aşağı olur.
Kəpənəklərin kütləvi uçuşa başlamasından 10 gün sonra kimyəvi sinfi piretroid olan insektisidlərlə dərmanlama kiçik tut odlucası əleyhinə səmərəli tədbirdir. Odluca əleyhinə piretroidlərdən sipermetrin tərkibli 25%-li e.k. Arrivo (1,21/ha), alfa-sıpermetrin tərkibli 10%- li e.k. Alfa Sipı (0,4 l/ha) və 10%-li e.k. Fastak (1,2 l/ha), deltametrin tərkibli 10%-li e.k. Desis (0,1 l/ha), lyambda-siqalotrin tərkibli 5%-li m.k.s. Karate Zeon (0,4 l/ha) və 5%-li e.k. Kunq-Fu (0,4 l/ha) preparatları səmərəlidirlər. Yuvenoid (metamorfozu pozan) preparatlardan fenoksikarb tərkibli 25%-ii s.d.q. İnseqar (0,6 kq/ha), xitin sintezini ingibirləşdirən (XSİ) lufenuron tərkibli 5%-li e.k. Matç (1,0 !/ha), preparativ forması 3%-ii lufenuron və 7,5%-li fenoksikarb qarışığından ibarət olan e.k. Lufoks (1,2 l/ha) və bu kimyəvi siniflərdən olan digər preparatlar ekoloji cəhətdən təhlükəsiz olmaqla, onları kiçik tut odlucasının tırtıl və yumurta fenofazalarında çilədikdə yaxşı nəticə əldə olunur.
Aqrar Xidmətlər Agentliyi kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fermer və sahibkarlara təsərrüfatlarında adıçəkilən zərərvericinin müşahidə edildiyi halda, dərhal Aqrar Xidmətlər Agentliyin müvafiq yerli qurumlarına (Rayon Bitki Mühafizəsi Mərkəzlərinə) və ya Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı Mərkəzinə məlumat verilməsini tövsiyə edir.
Baytarlıq sahəsində həyata keçirilə...
2020-04-23 00:00:00