Fumiqasiya (zərərsizləşdirmə) tədbirləri davam etdirilir
2021-09-16 00:00:00
Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən cari ilin sentyabr ayının 16-dək fiziki və hüquqi şəxslərin müraciəti əsasında Respublika ərazisində 7538.19 ton dənli və paxlalı bitkilərin məhsulları, yemlər, texniki yüklər, qurudulmuş meyvələr və digər materiallar (tütün, pambıq, biyan və digər karantin nəzarətində olan materiallar, 4946.87 m3 meşə materialları (taxta altlıqlar (paletlər), qutular və s), 8900 m3 saxlanma yeri, 50000 m2 istixana zərərsizləşdirilib.
Zərərsizləşdirmə tədbirləri karantin nəzarətində olan məhsulların becərilməsi, tədarükü, saxlanması, daşınması, emalı, satışı, habelə onların idxalı, tranziti və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün məcburidir. Tələblərə riayət etməyən şəxslər fitosanitar tədbirlərinin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Yüksək toksiki maddələr olduğuna görə qeyri-dövlət fitosanitar xidməti subyektləri tərəfindən fumiqasiya tədbirlərinin aparılmasına yol verilmir.
Bildiririk ki, fumiqasiya tədbirləri sahibkarların müraciəti əsasında həyata keçirilir. Xidmətlərdən istifadə etmək üçün Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinə (Tel: 012-562-85-34 (daxili:152); 050-644-74-15; 070-965-62-14, (fumiqasiya@axa.gov.az) müraciət edə bilərlər.