Siyəzəndə texnika istifadəçilərinə səyyar xidmət göstərilib
2024-01-29 00:00:00
Aqrar Xidmətlər Agentliyi tərəfindən Siyəzən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında texnika istifadəçilərinə səyyar xidmət göstərilib. “Səyyar xidmət” qrupu müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib. Səyyar xidmətin həyata keçirilməsində əsas məqsəd operativliyin, çevikliyin və vətəndaş məmnunluğunun, həmçinin texnika istifadəçilərinin rahatlığının təmin olunmasına nail olmaqdır.
Tədbir zamanı qısa müddət ərzində Siyəzən, Xızı, Xaçmaz, Qusar, Quba, və Şabran rayonlarından müraciət etmiş texnika sahibləri üçün etibarlılıq müddəti bitmiş və ya yararsız hala düşmüş traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün 31 ədəd sürücülük vəsiqələri dəyişdirilib, 14 ədəd texnika ilkin və təkrar dövlət qeydiyyata alınıb və texniki baxışa cəlb olunub. Texnika istifadəçiləri texnikaların dövlət qeydiyyatına və texniki baxışa təqdimetmə qaydaları, eləcə də dövlət rüsumları ilə bağlı maarifləndirilib və bukletlər paylanılıb.