Fumiqasiya (zərərsizləşdirmə) tədbirləri davam etdirilir.
2020-08-07 00:00:00
Xüsusi karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət edilməklə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Fumiqasiya Mərkəzi tərəfindən Bakı şəhəri və ətraf ərazilərdə, respublikanın rayonlarında istehsal, saxlanılma yerlərində və istixanalarda zərərsizləşdirmə tədbirləri həyata keçirilib.
Cari ilin 6 ayı ərzində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən sahibkarların müraciəti əsasında 215783.42 m3 meşə materialı, 7649.3 ton dənli və dənli-paxlalı bitkilərin məhsulları, 78565.64 ton texniki bitkilərin məhsulları, 633602 m3 İstehsal və saxlanma yerləri zərərsizləşdirilmişdir.
Cari ilin İyul ayından başlayaraq Respublika ərazisində istixanaların zərərsizləşdirilməsinə başlanılmışdır. Fumiqasiya tədbirlərinin aparılmasında əsas məqsəd əkindən qabaq müxtəlif növ zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin aparılması, gələcəkdə zərərvericilərlə sirayətlənmə dərəcəsini aşağı salmaq, məhsul itkisinin qarşısı almaq, keyfiyyətli və bol məhsul əldə etməkdir. Keçirlən zərərsizləşdirmə (fumiqasiya) tədbirləri zamanı pomidor istixanalarında pomidor lağımlayıcı güvəsi (tuta absoluta) və digər zərərvericilər tamamilə məhv edilib.
Aqrar Xidmətlər Agentliyi istixana sahiblərinə müraciət edərək bildirir ki, Qida Təhlükəsizliyi Agentliyinin təlimat və tövsiyyələrini də nəzərə alaraq zərərsizləşdirmə tədbirləri təlimata uyğun, peşəkar mütəxəssislər tərəfindən müasir preparat və avadanlıqlarla həyata keçirilir.
Qeyd edək ki, zərərsizləşdirmə tədbirləri həyata keçirilən zaman şəxsi və ictimai təhlükəsizlik qaydalarına ciddi əməl edilir, fərdi mühafizə vasitələrindən (əleyhqaz,xüsusi geyim forması–kombinezon, xüsusi ayaqqabı, əlcəklər və ilkin tibbi yardım çantalarından) istifadə edilir, eləcə də fermerlərə və sahibkarlara zərərsizləşdirmə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi və bu tədbirlər zamanı təhlükəsizlikqaydalarına əməl olunması qaydaları izah edilir. Bildirilir ki, zərərsizləşdirmə tədbirlərinin yerinə yetirilməsi, karantin nəzarətində olan məhsulların becərilməsi, tədarükü,saxlanması, daşınması, emalı, satışı, habelə onların idxalı, tranziti və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün məcburidir və fitosanitar tədbirlərinin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Yüksək toksiki maddələr olduğuna görə qeyri-dövlət fitosanitar xidməti subyektləri tərəfindən fumiqasiya tədbirlərinin aparılmasına yol verilmir
Hazırda İstixanalarda və saxlanılma yerlərində fumiqasiya (zərərsizləşdirmə) tədbirləri davam etdirilir. Xidmətlərdən istifadə etmək üçün Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzinə 1652 və ya Aqrar Xidmətlər Agentliyinin Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinə (fumiqasiya@axa.gov.az) müraciət edə bilərsiniz.