Respublika ərazisində dabaq xəstəliyinə qarşı profilaktiki tədbirlər aparılır
2023-10-31 00:00:00
Dabaq cütdırnaqlı heyvanların iti gedişli, kəskin kontagioz xəstəliyi olmaqla, yüksək temperatur, ağızın selikli qişalarında, dırnaq arasında və yelində aftaların yaranması ilə xarakterizə olunur. Xəstəliyə dəvələr, nadir hallarda atlar və digər heyvanlar yoluxa bilər. Xəstəlik təsərrüfatlara məhsuldarlığı aşağı salmaqla böyük iqtisadi ziyan vurur.
2023-cü il üzrə “Epizootiya əleyhinə profilaktiki və diaqnostiki Tədbirlər Planı” uyğun olaraq xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı profilaktiki tədbirlər aparılır. Cari ilin 2-ci yarımilliyində Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin (Mərkəz) yerli qurumları tərəfindən Tədbirlər Planına uyğun olaraq kənd təsərrüfatı heyvanları arasında xüsusi təhlükəli heyvan xəstəliklərə qarşı profilaktiki peyvəndləmə işlərini davam etdirilir.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına görə son vaxtlar Azərbaycanla həmsərhəd olan dövlətlərdə dabaq xəstəliyinin SAT-2 tipi müşahidə edilmiş və bu tip ölkəmiz üçün ekzotik hesab edilir. Odur ki, dabaq xəstəliyinin SAT-2 tipinə görə risklər qiymətləndirilərək Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qabaqlayıcı tədbirlər görülmüş, sərhəd rayonlarda bufer zonalar (kəndlər) müəyyən edilmiş və həmin kəndlərdə xəstəliyin SAT-2 tipinə qarşı da peyvəndləmə təşkil edilmişdir.
Profilaktiki tədbirlərin səmərəli və vaxtında icra edilməsi məqsədi ilə Mərkəzin əməkdaşları ərazilərə ezam edilmiş, fərdi( özəl) baytar həkimləri və vətəndaşlarla görüşlərdə maarifləndirici söhbətlər aparılmışdır.