"İnsan Hüquqları Günü"nə həsr olunmuş tədbir keçirilib
2023-06-14 00:30:00
14 iyun 2023-cü il tarixində Aqrar Xidmətlər Agentliyində "İnsan Hüquqları Günü"nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Aqrar Xidmətlər Agentliyinin sədr vəzifəsini müvəqqəti icra edən sədr müavini Eldar Həsənov əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi hüquqi islahatların insanların sosial rifah halının, layiqli həyat səviyyəsinin yüksəldilməsinə, vətəndaş məmnunluğuna, hüquq bərabərliyinin qanunvericilikdə, icra və məhkəmə prosesində təmininə, habelə dayanıqlı inkişafa yönəldiyini iştirakçıların diqqətinə çatdırıb.
İnsan resursları və sənədlərlə iş şöbəsinin və Hüquq şöbəsinin əməkdaşları çıxış edərək insan hüquq və azadlıqlarının müdafiəsi barədə qəbul olunmuş qanunlar və qərarlar, habelə Agentliyə daxil olan vətəndaş müraciətlərinin cavablandırılması, icrasına nəzarətin təmin olunması barədə məlumat veriblər.
Sonda Eldar Həsənov insan hüquq və azadlıqların müdafiəsi üzrə mütəmadi olaraq Agentliyin tabeli və yerli qurumlarında maarifləndirici tədbirlərin həyata keçirilməsinin zəruriliyini nəzərə çatdırıb.