Xırdabuynuzlu heyvanların çiçək xəstəliyi və ona qarşı mübarizə tədbirləri
2023-10-02 00:00:00
Çiçək qoyunların, keçilərin və digər heyvanların iti gedişli kontagioz infeksion xəstəliyidir.
Qızdırma, nəfəsalmanın çətinləşməsi, kirpiklərdə ödem, gözdən və burundan axıntı, dəri və selikli qişalarda papulyoz-pustulyoz səpkilərin inkişaf etməsi ilə müşayət olunur.
Bütün yaşda heyvanlar yoluxur. Xəstəlik xəstə heyvandan sağlam heyvana kontakt yolu ilə keçir. Virus xəstə heyvanların bədənindəki quruyub qopan çiçək pustulaları vasitəsi ilə ətrafa yayılır. Bir çox hallarda burun suyu vasitəsi ilə yayılan virus sağlam heyvanları aerogen yolla yoluxdurur. Ağız selik qişasında zədələnmələr olduqda virus alimentar yolla sağlam heyvanlara keçə bilir. Yelin çiçəyə yoluxduqda, virus süd vasitəsi ilə yayılır.
Əsas təhlükə mənbəyi çiçək xəstəliyindən sağalmış heyvanlardır. Belə ki, çiçək virusu qurumuş və qaysaq bağlamış yaralarda bir neçə ay qala bilir.
Kliniki əlamətləri:
- xəstəliyin İnkubasiya dövrü 4-14 gündür;
- xəstəlik kirpiklərin şişməsi, göz və burundan selikli-seroz, seroz-irinli axıntının gəlməsi ilə başlayır;
- nəfəsalma getdikcə çətin və xırıltılı olur;
- əsasən başda, dodaqda, göz ətrafında, qabaq və arxa ətrafların içəri səthində, erkəklərdə xaya kisəsində və cinsiyyət orqanında, dişilərdə xarici cinsiyyət üzvündə çiçək səpkilərinə rast gəlinir;
- papulalar ətrafı qırmızı haləli, mərkəzi boz-sarı və ya açıq boz rəngli formada olur.
Müalicə və profilaktikası:
- çiçək xəstəliyinin spesifik müalicəsi yoxdur;
- kliniki əlamətləri bir sıra xəstəliklərlə oxşardır, sürətlə yayılır və təsərrüfatlara ciddi iqdisadi ziyan vurur. Bu səbəblərdən xəstəlik əlamətləri göründüyü təqdirdə, xəstəliyi təfriq etmək və xəstəliyin qarşısını almaq üçün mütləq baytarlıq mütəxəssisinə müraciət etmək tövsiyə olunur;
- qoyun və keçilərdə profilaktiki peyvəndləmə aparılmalıdır;
- qeyri-sağlam təsərrüfatlardan və ərazilərdən heyvan, yem, təsərrüfat invertarları gətirmək olmaz;
- yeni gətirilmiş heyvanları 30 gün ərzində karantində saxlanmaq tövsiyə olunur;
- təsərrüfatda xəstəlik baş verdikdə və xəstəlik əlamətləri aradan qalxdıqdan sonra, həmçinin yaxın ərazilərdə xəstəlik baş verdikdə mütəmadi dezinfeksiya tədbirləri aparılmalıdır.