Aqrar Xidmətlər Agentliyinin (AXA) əməkdaşları Tacikistanda keçirilən seminarda iştirak edib
2022-11-29 00:00:00
FAO-nun təşkilatçılığı ilə Tacikistan Respublikasının Düşənbə şəhərində “Qafqazda və Mərkəzi Asiyada çəyirtkələrin milli və regional səviyyədə idarəçiliyinin təkmilləşdirilməsi üzrə FAO Proqramı”nda iştirak edən on ölkənin nümayəndələrinin və beynəlxalq ekspertlərin iştirakı ilə “FAO-nun Qafqaz və Mərkəzi Asiyada çəyirtkələr üzrə illik Texniki Seminar”ı keçirilib. Seminarda AXA-nın Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rəisi Ceyhun İbrahimov və Agentliyin Dövlət toxum nəzarəti və bitkiçiliyin təşkili şöbəsinin sektor müdiri İlham Bayramov iştirak edib.
AXA əməkdaşları tərəfindən “Azərbaycanda cari ildə çəyirtkələrə qarşı mübarizə tədbirlərinin təşkili və növbəti il üçün proqnoz məlumatların hazırlanması”, “Çəyirtkələrə qarşı cari ildə mübarizə kampaniyası dövründə dərmanlamaların mənfi təsirinin azaldılması, həmçinin insan sağlamlığının və ətraf mühitin qorunması üzrə monitorinq qrupunun fəaliyyəti”, “Çəyirtkələrin idarə olunması üzrə cari ildə görülən işlər, əldə olunan nailiyyətlər, kadr potensialının gücləndirilməsi, maarifləndirmə və təlimlərin təşkili” mövzuları barədə təqdimatla çıxış edərək ətraflı məlumatlar verilib.
Seminarda 2022-ci ildə iştirakçı olan ölkələrdə çəyirtkələrə qarşı monitorinqlərin, müşahidələrin və mübarizə tədbirlərinin həyata keçirilməsi zamanı əldə edilmiş nailiyyətlər və növbəti mübarizə kampaniyasına hazırlıq, cari ildə Proqramın icrası və növbəti il üçün iş planı, Coğrafi İnformasiya Sisteminin (GİS) tətbiqi və inkişafı ilə bağlı nailiyyətlər, Qafqazda və Mərkəzi Asiyada Çəyirtkələri İdarəetmə Sistemi” (CCALM), həmçinin çəyirtkələr ilə mübarizənin təşkili, o cümlədən pestisidlərin mənfi təsirinin azaldılması, biopestisidlərin tətbiqi və dronların istifadəsinin öyrənilməsi kimi innovativ yanaşmalar və digər texniki məsələlər müzakirə edilib.
Xəbərlər