Bölgələrdə heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
2020-01-23 00:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə 2020-ci ilin ilk günlərindən başlayaraq AXA bölgələrdə "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun iti yoluxucu xəstəliklərə qarşı profilaktiki peyvəndləmə, diaqnostik müayinə, dehelmentizasiya, dezinfeksiya, dezinseksiya və digər tədbirlər aparır. Heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı 2020-ci ilin epizootiya əleyhinə müayinə və profilaktik tədbirləri həm fərdi, həm də fermer təsərrüfatlarında aparılır.
Rayon Baytarlıq İdarələrinə verilən peyvənd vasitələri “soyuq zəncir” rejimi gözlənilməklə sahə baytarlıq məntəqələrinə termoçamadanlarla çatdırılır və heyvanlara tətbiq edilir. Cari ilin əvvəlindən başlanan bu tədbirlər iribuynuzlu və təkdırnaqlı heyvanlar arasında qarayara xəstəliyinə qarşı aparılır. Bununla yanaşı itlərdə quduzluq əleyhinə peyvəndləmə tədbiri də həyata keçirilir. Tədbirlər yekunlaşdıqdan sonra ərazidə profilaktik dezinfeksiya işləri görülür. İribuynuzlu və təkdırnaqlı heyvanlarda bu tədbirlərin fevralın birinci ongünlüyünə kimi yekunlaşdırılması nəzərdə tutulur.
Tədbirlər bir şəhər və 34 kənd yaşayış məntəqəsi olmaqla 23 inzibati ərazi dairəsini əhatə edən Qazax rayonunda 13 sahə baytarlıq məntəqəsi vasitəsi ilə həyata keçirilir.
Qazax rayonunda cari ildə mövcud olan 29 min baş iribuynuzlu, 103 min baş xırdabuynuzlu heyvan, 700 baş təkdırnaqlı, 5 min baş it və 315 min baş quşlar arasında peyvəndləmə tədbirləri aparılacaq. Belə ki, ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda, qarayara, dabaq, nodulyar dermatit, leptospiroz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, itlərdə quduzluq və atlarda rinopnevmoniya xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri həyata keçiriləcək. Həmçinin 2020-ci ildə iri və xırdabuynuzlu heyvanlardan bruselyozun müayinəsi üçün qan nümunələrinin alınması, eləcə də iribuynuzlu heyvanlarda vərəmə, atlarda isə manqo xəstəliklərinə görə diaqnostik müayinələrin aparılması nəzərdə tutulur.
Ümumiyyətlə, 2020-ci ilin epizootik tədbirləri başlayandan indiyə kimi Qazax rayonun ayrı-ayrı şəxsi təsərrüfatlarında 5200 baş iribuynuzlu, 300 baş təkdırnaqlı heyvanda qarayara, 400 baş itdə quduzluq xəstəliyi əleyhinə profilaktik peyvəndləmə tədbirləri aparılıb. Eləcə də 600 kvadratmetr sahədə dezinfeksiya işləri görülüb.
Qubada isə tədbirlər Rayon Baytarlıq İdarəsinin 20 sahə baytarlıq məntəqəsi tərəfindən aparılır.
Quba rayonunda cari ildə mövcud olan 58 min baş iribuynuzlu, 210 min baş xırdabuynuzlu heyvan, 3300 baş təkdırnaqlı, 5900 baş it və 600 min baş quşlar arasında bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, leptospiroz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, itlərdə quduzluq və atlarda rinopnevmoniya xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin iribuynuzlu heyvanlarda vərəmə, atlarda isə manqo xəstəliklərinə görə müayinələrin aparılması nəzərdə tutulur.
Profilaktik tədbirlər çərçivəsində baytar mütəxəssisləri həm də iti yoluxucu xəstəliklər barədə sahibkarlara ətraflı məlumat verərək, təsərrüfatlarda baytarlıq-sanitariya və zoobaytarlıq qaydalarına ciddi əməl edilməsini tövsiyə edirlər.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır