Boğaz heyvanların yemlənməsi və saxlanmasına dair tövsiyələr
2024-09-17 00:00:00
Buzovun sağlamlığının təməlini buzov doğulmamışdan əvvəl qoymaq lazımdır. Məlum olduğu kimi boğaz heyvanın saxlanması və yemlənməsi ondan alınacaq gələcək nəsilə təsir edir. Buna görə də boğaz heyvan boğazlığın əvvəlindən başlayaraq öznünün həyat qabiliyyətini saxlamağa, süd verməyə, həmçinin bətndə olan balanın inkişafına bəs edəcək miqdarda qida maddələri qəbul etməlidir.
Qida maddələrinin kifayət qədər qəbul edilməməsi səbəbindən inəyin orqanizminin ehtiyatları sərf edilir və onun sağlamlığına risklər yaranır. Belə ki, heyvanın sümükləri yumşalır, arıqlama başlayır. Heyvan boğazlığı başa çatdıra bilsə də, zəif və xəstəliklərə qarşı müqaviməti aşağı olan bala doğulur.
Boğazlığın birinci üç ayında bala rüşem halında olur, lakin həmin vaxt onun əsas orqan və sistemlərinin əsası qoyulur. Bu səbəbdən həmin dövrdə inəyi tam dəyərli yemlərlə yemləmək lazımdır.
Boğazlığın sonuncu iki ayında dölün çəkisi sutkada 300-400 qram artır, 7 aylıqda 12-16 kiloqrama çatır. Buna görə həmin dövrdə inək sürətlə inkişaf edən dölün qida maddələri ilə təmin edilməsinə, həmçinin inəyin orqanizmində gələcək laktasiya üçün lazımi ehtiyatların yaranmasına bəs edəcək qədər çox yemləndirilməlidir.
Boğaz heyvanı balanslı yemləməklə yanaşı, vaxtında süd qurutmaya buraxmaq da vacibdir. Tam balanslaşdırılmamış yemləmə olan təsərrüfatlarda inəyin süd qurutma dövrünü heyvanın və onun gələcək balasının sağlamlığına, o cümlədən gələcək laktasiyaya ziyan vurmadan 70 günə qaldırmaq, tam balanslaşdırılmış yemləmənin olduğu təsərrüfatlarda isə 45 günə endirmək olar.
Heyvanı süd qurutma dövrünə buraxdıqda həmin vaxt nə qədər süd verməsini nəzərə almaq lazımdır. Əgər heyvan az süd verirsə, sağımı qısa müddətdə dayandırmaq olar. Əgər heyvan 3 litrdən çox süd verirsə, ilk növbədə yemləməni mərhələlərlə dəyişmək lazımdır. Əvvəlcə rasiondan sulu yemləri çıxarmaq, eyni zamanda qüvvəli yemləri azaltmaq lazımdır. Sonra 3-4 gün gündə iki dəfə sağıma (əgər gündə 3-4 dəfə sağım aparılırsa), daha sonra 3-4 gün ərzində 1 dəfə sağıma keçmək lazımdır.
Süd qurutma dövrünə keçdikdə gündəlik yem rasionu sulu-şirəli və qüvvəli yemlərin miqdarının aşağı salınması hesabına azaldılır. Heyvan südü qurutduqdan sonra əgər yelində bərkimə və iltihabi proseslərin başlanmasını göstərən əlamətlər (qızarma) müşahidə edilmirsə, yelindən öz-özünə süd axması baş vermirsə yemləməni mərhələlərlə tam rasiona qaytarmaq olar.
Südünü qurutmuş boğaz inəyin yem rasionuna keyfiyyətli ot, kökümeyvəlilər və qüvvəli yemlər daxil edilməlidir. Yonca, xaşa kimi paxlalı yem bitkisi günlük 1.5 kq-ı keçməməlidir. Doğuma 7-10 gün qalmış diri çəkinin 1.5%-ni keçməmək şərti ilə yem konsentratı verilmək olar. Doğuma yaxınlaşdıqca tərkibində kalsiumu az, fosforu zəngin olan yemlər verilməlidir. Bu doğumdan sonra parezin baş vermə ehtimalını azaldır.
Yemə gündəlik olaraq 30-40 qr. üyüdülmüş duz və tərkibində calsium olan minerallar qatılmalıdır. Yemdə A,D,P vitaminlərinin olmasına diqqət yetirilməlidir belə ki, yeni doğulmuş buzovun həyat qabiliyyətliyi inəyin rasionunda olan vitaminlərdən asılıdır. İnək bir sutkada 900 mq. karotin, 14 000 BV (beynəlxalq vahid) D və 800 BV E vitamini qəbul etməlidir.
Südünü qurutmuş inəyi çuğundur jomu, pivə istehsalı tullantısı, kiflənmiş yem, donmuş kartof və kökümeyvəli ilə yemləmək olmaz.
Doğuma az qalmış inəyin rasionunda üstünlük keyfiyyətli samana verilməlidir. Belə inəklərə gündə istədikləri qədər 10-12°С. temperaturda su vermək lazımdır.
Boğaz heyvanlara orqanizmin qan dövranını yaxşılaşdırmaq məqsədilə gəzinti verilməlidir. Süd qurutmaya buraxılan heyvanlarda məməiçi olaraq qalıcı antibiotik tətbiq edilməsi məqsədəuyğundur və gələcəkdə mastit riskinin qarşısını almaqda effektlidir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır