Asiya giləmeyvə drozofilası (Drosophila suzukii Matsumura) zərərvericisi və ona qarşı mübarizə yolları
2024-10-24 00:00:00
Asiya giləmeyvə drozofilası zərərvericisi (bundan sonra - zərərverici) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 16 iyun tarixli 230 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası ərazisində aşkar edilməyən karantin tətbiq edilən zərərli orqanizmlər (A1 qrupu)” siyahısına daxil edilmişdir.
Vətəni Şimal-Şərqi Asiya ölkələri olsa da, artıq dünyanın əksər ölkələrində müşahidə edilmiş və yayılması davam edir. Polifaq zərərvericidir, 60-dan cox bitki növünə, o cümlədən ərik, şaftalı, üzüm, gilas, gavalı, nar, alma, armud, çiyələk, moruq bitkisinə zərər verir. Birbaşa bitkilərin meyvələrinə zərər verdiyi üçün daha çox iqtisadi ziyanvurma qabiliyyətinə malikdir və son dərəcə təhlükəli zərərverici hesab olunur. Onu təhlükəli edən əsas xüsusiyyəti, yalnız çürüyən meyvələri yoluxduran digər Drosophila növlərindən fərqli olaraq meyvələri yetişmənin erkən mərhələsində yoluxdurmasıdır.
Xarakterik əlamətləri:
Zərərvericinin yetkin fərdi 2-3 mm uzunluğunda, qırmızı gözlü, bədəni açıq qəhvəyi və ya sarımtıl qəhvəyi rəngli, qarnı üzərində eninə qara zolaqları vardır. Dişi fərdlərdən fərqli olaraq erkəklərdə qanadların yuxarı kənarında bir qaramtıl ləkə olur. Dişilər erkəklərdən böyük olurlar və nəzərə çarpan dişli yumurtaqoyanı vardır. Zərərvericinin yumurtaqoyanının məhz bu formada olması yetişmənin erkən mərhələsində meyvələrin sərt qabığında deşiklər açmağa imkan verir.
Bioekologiyası:
Zərərverici əsasən mülayim iqlimə üstünlük verir, lakin soyuq şəraitdə də yaşaya bilir, 20-25oC-də daha çox aktiv olurlar. 30°C-dən yuxarı və ya 0oC-dən aşağı temperaturda aktivlik azalır. Bununla belə, zərərverici qışı orta hesabla temperaturu -4 ilə -12°C arasında olan bölgələrdə də uyğunlaşa bilirlər. Zərərvericinin sürfələri, pupları və yetkin fərdləri 60 günə qədər dəyişən qışlama şəraitində yaşamaq potensialına malikdir. Yetkinlər sürfə və ya puplara nisbətən daha uzun müddət soyuq şəraitə tab gətirə bilirlər. Aparılan tədqiqatlar göstərir ki, yalnız yetkin fərdlər uğurla qışlayırlar. Yazda temperatur təxminən 10oC olduqda qışlamadan çıxırlar.
Həyat tsikli:
Zərərverici yumurtalarını əsasən yetişmiş və ya yetişmənin erkən mərhələsində olan meyvələrə qoymağa üstünlük verir. Dişi fərd gün ərzində 7-16 (bəzi ədəbiyyatlarda 60-a qədər) və həyatı boyu orta hesabla 400-ə qədər yumurta qoyur. Dişi, hər yumurtlama yerində təxminən bir-üç yumurta qoyur. Yumurtalar tək-tək qoyulur və meyvələrə təsadüfi olaraq paylanır. Eyni meyvədə çoxlu sürfələr ola bilər, çünki fərqli dişilər eyni meyvədə yumurta qoya bilər. İqlim şəraitindən asılı olaraq sürfələr 1-3 gün sonra yumurtadan çıxırlar. Sürfələr 3-13 gün qidalandıqdan sonra meyvənin daxilində, az hallarda isə torpaqda puplaşırlar. Puplaşma dövrü 4-5 gün aralığında davam edir. Həyat dövrü temperaturdan asılı olaraq dəyişir. Beləki, temperaturun 18oC olduğu şəraitdə bu, 12-15 gün, 21oC-də isə 7-9 gün çəkir. Yetkin fərdin ömrü 3-9 həftə aralığında dəyişir. Ancaq zərərvericinin mövsümün sonunda yaranan yetkin fərdləri qışladığına görə daha uzun yaşaya bilirlər. Zərəverici il ərzində 10-13 nəsil verir.
Zərəri:
Meyvənin yoluxması ilkin olaraq meyvə səthində dişilərin yumurtaqoyanı vasitəsilə buraxdığı çapıqlarla təzahür edir. İlkin yumurtlama yerində batıqlar əmələ gəlir. Sürfələr ilk növbədə meyvənin ləti ilə qidalandığından bu hissələrdə meyvə lətinin yumşalması və qəhvəyi rəng alması müşahidə olunur. Daha böyük sürfələr meyvələrdə tənəffüs dəlikləri açır. Yoluxmuş meyvələrdə qidalanma yerinin ətrafında yaranmış batıqlarda (zədəli yerlərdə) ikincili infeksiyaların əmələ gəlməsi səbəbindən çürümə baş verir (Beers et al. 2010).
Monitorinqi və idarəolunması:
İlkin mərhələdə zərərvericinin meyvə üzərindəki zədəsinin vizual olaraq aşkarlanmasının çətin, həmçinin öz ölçülərinin kiçik olması onun sahədə müəyyən edilməsində çətinliklər yaradır. Zərərvericinin sahədə mövcud olmasını müəyyənləşdirmək üçün xüsusi tutucu tələlərdən istifadə olunur. Bu məqsədlə, digər formalı tutucu tələlərlə yanaşı, yuxarı hissəsində diametri təxminən 5-9 mm ölçüdə deşik açılmış və içərisində aldadıcı yem olan plastik butulkalardan istifadə oluna bilər. Aldadıcı yem kimi, alma sirkəsi və qırmızı şərab qarışığı; maya, şəkər və su qarışığı; meyvə püresi və yaxud 1:22:5 nisbətində etanol, sirkə turşusu və feniletanol məhlulundan istifadə olunması zərərvericinin populyasiyasının monitorinqi üçün effektiv hesab olunur. Bununla belə, maya-şəkər-su qarışığı ilə hazırlanmış tələlər yem materialının aydın rənginə görə zərərvericinin asanlıqla müəyyən edilməsinə imkan verir. Tələlərin içərisinə səthi aktiv maddə kimi kiçik bir damcı qab şampununun əlavə edilməsi və ya yapışqanlı kartın tələlərin içərisinə qoyulması artıq tələyə girmiş milçəkləri saxlayaraq tələ səmərəliliyini artırır. Tələlər tarlada sərin və kölgəli ərazilərdə yerləşdirildikdə daha yaxşı nəticə əldə olunur.
Yoluxma şübhəsi olan meyvələrdə sürfələrin mövcudluğunu yoxlamaq üçün həmin meyvələr ağzı tənziflə bağlanmış şüşə bankaya yığılır və yoluxma olduğu halda bir neçə gündən sonra bankada zərərvericinin uçan fərdləri müşahidə olunur.
Mübarizə tədbirləri:
Zərərvericinin daha çox yayılmasının qarşısının alınması üçün ilk növbədə sahədə sanitar tədbirlər həyata keçirilməli, yetişmiş meyvələr vaxtında tez-tez seçilərək yığılmalı, bütün zədələnmiş və tökülmüş meyvələr sahədən çıxarılmalı və ya basdırılmalı, ya da qapalı qablara yığılaraq məhv edilməlidir.
Bioloji mübarizə:
Braconidae və Cynipidae ailələrindən olan parazitoidlər zərərvericinin potensial bionəzarət agentləridir. Tədqiqatlar nəticəsində Orius insidiosus yırtıcısının yalnız Asiya giləmeyvə drozofilası ilə qidalandığı müəyyən edilmişdir. Eyni zamanda, tutucu tələlərdən istifadə edilməklə zərərvericinin populyasiyasının azaldılmasına nail olmaq olar.
Kimyəvi mübarizə:
Digər Drosophila milçəklərinə qarşı təsirli olan insektisidlər Asiya giləmeyvə drozofilasının yetkinlərinə qarşı da təsirlidir. Bununla belə, zərərvericinin yetişmiş meyvələrə üstünlük verməsi məhsul yığımından əvvəl daha qısa fasilələrlə kimyəvi mübarizə tədbirlərinin aparılmasını zəruri edir. Yığımöncəsi kimyəvi mübarizənin aparılması məhsulda pestisid qalıqlarının qalması ehtimalını artırdığı üçün mübarizə tədbirləri zamanı biopestisidlərdən istifadəyə üstünlük verilir. Bu məqsədlə, Spinosad 240q/l tərkibli preparatlardan istifadə olunması tövsiyə olunur. Spinosad həşəratlar üçün zəhərli ola bilən torpaq bakteriyası istifadə olunmaqla hazırlanmış təbii bir maddədir. Preparatın hektara məsarif norması 0,3-0,5 litr olmaqla, bitkilərin vegetasiyası ərzində, əsasən yay aylarında zərərvericinin populyasiyasının pik dövründə 14-15 gündən bir çiləmə aparılması tövsiyə olunur.
Şükür Əhmədov - Biologiya elmləri üzrə fəlsəfə doktoru
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır