Məftil qurdlarına qarşı mübarizə tədbirləri
2020-02-12 00:00:00
Azərbaycanın dağlıq və meşəlik rayonlarında məftil qurdları daha geniş yayılmışlar. Üzvi qalıqlarla (çürüməkdə olan bitki qalıqları ilə) zəngin olan turş torpaqlar sürfələrin yaşaması üçün daha əlverişlidir. Şıqqıldaq böcəklər, əsasən Oğuz, Qəbələ, İsmayıllı, Zaqatala, Balakən, Şəki, Bərdə, Ağcabədi, Ağdam, Tovuz, Qusar, Xaçmaz, Masallı, Lənkəran və Astara rayonlarında müxtəlif kənd təsərrüfatı bitkilərini ciddi zədələyirlər.
Kənd təsərrüfatı bitkiləri üçün şıqqıldaq böcəklərin yetkin fərdləri qorxulu deyildir. Ancaq onların torpaqda yaşayan “məftil qurdları” adlanan sürfələri müxtəlif bitkilərin (buğda, arpa, qarğıdalı, kartof, çuğundur, günəbaxan, tütün, pambıq, eləcə də yeni əkilmiş tinglər və s.) kök yumrularına, toxum və cücərtilərinin kök sisteminə böyük zərər vururlar. Eyni zamanda məftil qurdları vegetasiya dövründə qarğıdalının gövdə hissəsi ilə də qidalanır. Zərərverici dənli bitkilərin nəinki kök sistemini zədələyir, hətta səpilmiş toxumları belə tamamı ilə yeyir. Meyvəköklülərdə sürfə meyvələrin içərisinə girir, məhsulun əmtəəlik keyfiyyətini aşağı salır, eyni zamanda, bu səbəbdən zədələnmiş meyvələr müxtəlif xəstəliklərlə tez sirayətlənirlər. Zədələnmiş meyvələri uzun müddət saxlamaq mümkün olmur.
1 m2–da 3-6 sürfə müşahidə olduqda bu, zərərvericinin iqtisadi ziyanvurma həddi hesab edilir. Lakin quraqlıq şəraitində, sürfələrin sıxlığı bu həddən aşağı olduqda belə zərərverici kartof yumrularını ciddi zədələyə bilir. Qidalanmaqla bərabər həm də məftil qurdları susuzluğa olan tələbatını yumrular hesabına təmin edirlər. Paxlalı bitkiləri daha az zədələyirlər.
Böcək fazasında qışlayan şıqqıldaq böcəklər erkən yazda torpaq 9-10 °C qızdıqda, qışlama yerindən çıxırlar. Gizli həyat tərzi keçirirlər, günün ikinci yarısından başlayaraq aktiv həyat sürürlər, aprel-iyul aylarında dişi fərdlər torpağın 1-3 sm dərinliyində yumurta qoyurlar. Hava şəraitindən asılı olaraq yumurtaların inkişafı 2-3 həftə davam edir. Yumurtadan çıxan sürfələr əvvəlcə olduqca kiçik (1,5-2 mm) olur, adi gözlə çətin seçilir. Sürfə 3-5 ilə inkişaf edir. İyul-avqust aylarında torpağın 8-15 sm dərinliyində puplaşır. Pup fazası 2-3 həftə davam edir və ondan çıxan böcəklər gələn ilin yazına qədər
Mübarizə tədbirləri: Təcrübə göstərir ki, düzgün təşkil olunmuş tədbirlər sistemi vasitəsi ilə iki-üç il ərzində şıqqıldaq böcəklərin sürfələrinin miqdarını 50-90% azaltmaq mümkündür.
Aqrotexniki mübarizə tədbirləri başlıca əhəmiyyətə malikdir. Torpaq ön kotancıqlı kotanla 27-30 sm dərinliyində şumlanmalıdır. Şum əsasən, taxıl və qarğıdalı yığıldıqdan sonra iyul-avqust aylarında aparılmalıdır. Bu dövrdə məftil qurdları 8-15 sm dərinlikdə puplaşır və dərin şum pupların 90-95 %-nin məhvinə səbəb olur. İkiləmə şumunun aparılması, sahənin hamarlanması və malalanması tədbirləri də zərərvericinin sayca azalmasını təmin edir.
Taxıl və qarğıdalı toxumlarının vaxtında səpilməsi, onların tez bir zamanda çıxış verib böyüməsi zədənin azaldılmasında başlıca şərtlərdəndir.
Torpağa mineral gübrələr (xüsusi ilə ammoniumlu gübrələr) verilməsi zərərvericinin əlverişsiz şəraitdən uzaqlaşaraq, aşağı qatlara hərəkət etməsinə səbəb olur. Əkin sahəsində kökdən və kökdənkənar yemləmənin aparılması bitkilərdə boy və inkişafın sürərlənməsini stimullaşdırır. Gübrələrin məqsədyönlü və səmərəli istifadəsi bitkilərin məftil qurdları ilə zədələnməsini 20-25% aşağı salır.
Turş torpaqlarda şum altına əhəng, tabaşir və ya zol verilməsi inkişaf üçün əlverişsiz şərait yaradır.
Eyni zamanda iki-üç tarlalı növbəli əkin dövriyyəsinin tətbiqi zərərvericidən azad olmağa köməklik edir. Əsasən də bu sahələrdə paxlalı bitkilərin əkilməsi tövsiyə olunur.
Bir çox ölkələrdə dişi fərdlərin sayının azaldılması üçün xüsusi feromon tələlərdən istifadə olunur. Sürfələri toplayıb məhv etmək üçün qidalı tələlər (kartof, çuğundur və s. yerə basdırmaqla) də tətbiq olunur.
Lakin təcrübə göstərir ki, əgər sahələr zərərverici ilə güclü sirayətlənmişsə, yuxarıda qeyd edilən tədbirlər sistemində kimyəvi mübarizədən istifadə olunmazsa məftil qurdlarına qarşı mübarizə səmərəli olmur.
Kimyəvi mübarizə tədbirlərinin müxtəlif üsulları tətbiq edilir. Torpaq zərərvericilərinə qarşı mübarizə məqsədi ilə əkin öncəsi və ya əkinlə birlikdə Diazinon tərkibli preparatlardan biri torpağa verilməlidir.
Toxumların səpinqabağı insektisidlərlə dərmanlanması məqsədilə 25%-li 2-4 kq Korban-25 WP (Chlorpirifos etil - 250 q/kq) preparatı 1000 kq toxumla qarışdırılmalıdır. Buğda toxumunun dərmanlanması üçün İmidacloprid tərkibli Promise WS 70 preparatından da (2,0 kq bir ton toxuma) istifadə edilə bilər. Toxum dərmanlanaraq əkildikdə, cücərtilər əmələ gələnədək bitkiləri zərərvericidən etibarlı şəkildə qorumaq olur.
Aldadıcı yemlərin səpilməsi şıqqıldaq böcəklərinin geniş yayıldığı sahələrdə yüksək səmərə verir. Bu məqsədlə jımıx, at peyini, enliyarpaq alaq otları və yoncadan istifadə edilə bilər. Aldadıcı yemləri Chlorpyrifos-ethyl və ya Alfa-sipermetrin tərkibli preparatların birindən müvafiq normada qataraq, topa halında sahəyə cərgə ilə qoyurlar.
Kölgə salan bitki qalıqları altına zəhərli aldadıcı yemlər qoymaqla yetkin böcəkləri məhv etmək olur. Bu metod məftil qurdlarının kütləvi yayıldığı və zərər vurduğu illərdə tətbiq edilir.
Şıqqıldaq böcəklərin sürfələrinə qarşı ən səmərəli vasitələrdən biri də piritroid sinfinə mənsub olan Forсe 1,5 G (t.e.m.- Teflutrin) preparatıdır. Preparat qranul formasındadır. O, 10-15 kq/ha məsarif normasında torpaq üzərinə verilir və müvafiq dərinliyə (toxumun basdırılma dərinliyinə) çevrilir, torpaqda öz təsirini 45 günə qədər saxlayır. Torpaqda olan nəmlik nəticəsində pestisid tədricən parçalanır, bitkiyə mənfi təsir göstərmir. Əsasən kartof və soğan əkinlərində əkindən qabaq və ya əkinlə birlikdə istifadəsi tövsiyə olunur. Bu preparatı dənəvər gübrələrlə də birlikdə tətbiq etmək olar.
Kartof əkini vaxtı sahələrdə Tiometaksam tərkibli Aktara 250 WDG preparatının xüsusi aplikatorların vasitəsi ilə tətbiqi yaxşı səmərə verir.
Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən mütəmadi olaraq respublika ərazisində əkinlərdə şıqqıldaq böcəklərə sirayətlənmənin qiymətləndirilməsi üçün müşahidələr aparılır və mübarizə tədbirlərinə dair fermerlərə məsləhət və tövsiyələr verilir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır