Quşların çiçək xəstəliyi ona qarşı mübarizə tədbirləri
2025-01-06 00:00:00
Quş çiçəyi (Avipoxvirus infeksiyası) quşlar arasında yayılan yoluxucu virus xəstəliyidir. Bu xəstəlik həm quş təsərrüfatlarında, həm də vəhşi quşlarda ciddi itkilərə səbəb olur.
Etiologiyası və əlamətləri:
Quş çiçəyi, Poxviridae ailəsindən olan Avipoxvirus tərəfindən törədilir.
Quşlarda çiçək xəstəliyi virusunun 4 əsas növü məlumdur:
- toyuq;
- hinduşka;
- göyərçin;
- bülbüllərin çiçəyi virusu.
Quşların çiçək xəstəliyi ən çox payız və qış mövsümlərində müşahidə edilir.
Kliniki əlamətlər:
İnkubasiya dövrü 4-15 gündür. Xəstəlik adətən yarım iti, bəzən xroniki, nadir halda isə iti formada keçir. Çiçəyin dəri, difteroid və qarışıq formaları vardır. Bəzən çiçək əsas etibarı ilə daxili orqanları zədələyən gizli formada keçir.
Çiçəyin dəri və qarışıq formaları:
Yoluxmadan 4-5 gün sonra quşlarda dəridə, dimdiyin əsasında, göz qapağında, pipikdə və saqqalda əvvəlcə açıq sarı, sonra qırmızımtıl ləkələr əmələ gəlir. Ləkələr tədricən bir-birilə birləşərək diametri 0,5 sm-ə çatan ziyilvari düyünlərə (epiteliomalara) çevrilirlər. Bir neçə gündən sonra onların səthi girintili-çıxıntılı olmaqla rəngləri tünd qəhvəyi olur. Çiçək yaraları 7-14 günə formalaşır. Çiçək düyünləri qərtməklə örtülür. Qərtməyi qoparanda onun altında serozlu-irinli ekssudantın toplanması müşahidə olunur, mürəkkəbləşmə olmasa qərtmək 7-10 günə düşərək yerində iz qalmır. Xəstə quşlarda ilk çiçək səpgilərdən sonra yoluxmanın 17-19-cu günlərində dərinin sahələrində, çox vaxt tüksüz nahiyələrdən başqa ayaqlarda, qanadlarda və kloaka ətrafında ikinci çiçək səpgiləri əmələ gəlir.
Xəstə quşlarda keratit (gözün buynuz qişasının iltihabı), ikinci mikroflora ilə mürəkkəbləşdikdə isə panoftalmit (bütün gözün irinli iltihabı) inkişaf edir.
Difteroid və qarışıq formaları:
Ağız boşluğunun, dilin, burunun, qırtlaq, traxeya, bronxların sinusların və bağırsaqların selikli təbəqəsində ağımtıl şəffaf olmayan, səthən bir qədər dikəlmiş şəklində səpgilər əmələ gəlir. Onlar tez yayılmaqla böyüyür və çox vaxt bir-birilə birləşərək sarımtıl rəng almaqla selik altı təbəqə ilə birləşmiş şorvari konsestensiyalı nekrotiki toxuma pərdəsi ilə örtülürlər. Difteroid pərdəni qoparanda onun altında qanlı eroziya görünür. Tənəffüsü çətinləşir, quşun ağzı açıq olur və nəfəs alanda xırıltılı fitə bənzər səs çıxarır.
Atipik forma:
Yemləmə və saxlama şəraitində olan çatışmamazlıqların, digər xəstəliklərin olması nəticəsində immuniteti olan quşların orqanizminin müqavimət qüvvəsi zəifləyəndə baş verir. Çiçək 30-60 günlük cücələr arasında çox vaxt sərbəst, 60-120 günlük cavanlarda əksər hallarda kolibakterioz, salmonelyoz, respirator mikoplazmoz, infeksion mikoplazmoz və digər xəstəliklərlə qarışıq gedir. Ayrı-ayrı hallarda quşların 10%-dən 70%-ə qədər, xəstəlik difteroid və qarışıq formalarda, xüsusilə ikinci mikroflora ilə mürəkkəbləşəndə cavanlar arasında böyük tələfat verir.
Yayılma yolları:
İnfeksiya mənbəyi xəstə və xəstəliyi keçirmiş quşlardır. Xəstə quşlar virusu çiçək yaralarının qərtməyi, ağız və burun seliyi, göz axıntısı, nəcislə, yumurtanın qabığı ilə ifraz edir, binanı, yemi, suyu, həyəti, avadanlığı və havanı çirkləndirirlər. Xəstəliyi keçirmiş toyuq və hinduşkaların orqanizmində virusun 16 aya qədər qalması, onun nəcis və yumurtanın qabığı ilə xarici mühitə yayılır. Çiçək virusu gəmiricilər, qan soran həşəratlar və çöl quşları da yaya bilirlər. Virus arqas gənələrinin orqanizmində 730 gün, toyuq gənəsində 300 gün, taxtabitlərdə 245 gün yaşamaqla qan soran vaxtı sağlam toyuqlara keçərək onları xəstələndirir.
Mübarizə tədbirləri:
Vaksinasiya - effektiv vaksin xəstəliyin qarşısını almağın ən təsirli yollarından biridir. Vaxtında vaksinasiyanın aparılması təsərrüfatın qorunması üçün çox vacibdir. Toyuqlara 6-12 həftəlik yaşda tək dozada vaksinasiya edilir. Broylerlərə vaksinasiya tətbiq olunmur. Hinduşkalara isə 14 həftəlik yaşda vaksinasiya tətbiq edilir.
Biotəhlükəsizlik tədbirləri:
- quşların saxlanma şəraitinin yaxşılaşdırılması;
- digər hində və qəfəsdə saxlanılan quşlar arasında təmasın minimuma endirilməsi;
- həssas sahələrdə müntəzəm dezinfeksiya və sanitariya işlərinin aparılması;
- quşların çirklənməmiş yem və su ilə yemlənməsini təmin etmək.
Xəstəliyin erkən mərhələdə aşkar edilməsi, onun yayılmasının qarşısını almağa kömək edir. Bunun üçün quşlar mütəmadi olaraq müayinədən keçirilməli, xəstə quşlar dərhal təcrid olunmalı və müalicə edilməli, yeni daxil olan quşlar izolyasiya edilməli və 14-21 gün müşahidə edilməlidir.
Xəstə quşların müalicə edilməsi tövsiyə edilmir, belə ki onlar uzun müddət xəstəlik daşıyıcısı olduğundan çıxdaş edilməsi daha düzgün hüsab edilr.
Hər bir təsərrüfatda epizootik nəzarət və vaksinasiya proqramı izlənilməlidir. Bu məqsədlə baytarlıq xidmətinin və quşçuluq təsərrüfatlarının birgə fəaliyyəti ilə xəstəliyin qarşısını almaq mümkündür.
Xəbərlər
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır