Yazda arıxana işləri necə qurulmalı-mütəxəssis məsləhəti
2020-03-10 00:00:00
Yazda arılar qışlamanı keçirdikdən sonra ilk yaz uçuşu zamanı müşahidə edilən çatışmazlıqlar aradan qaldırılır və əsas yaz yoxlanışı keçirilir: yuvada sanitar-profılaktiki işlərin görülməsi, ananın intensiv yumurta qoyması üçün yuvaya yaxşı hörülmüş şan qoymalı, kifayət qədər keyfiyyətli bal və güləmlə təmin etməli, yuva üstdən və yandan istiləşdirilməlidir.
Yazın əvvəlində pətəyin üst uçuş bacasının açıq, alt uçuş bacasının isə bağlı saxlanması yaxşı nəticə verir. Arıçılıqla ilk məşğul olanlar bilməlidirlər ki, pətəyi tez-tez açıb-bağlamaq ziyandır. Çünki bu zaman arılar instinktiv yerinə yetirəcək işlərdən kənarlaşmış olur və onlar qıcıqlanırlar. Buna görə də arıxana işlərinə başlamazdan əvvəl jurnaldakı qeydiyyatlar nəzərdən keçirilməli, əməliyyatların ardıcıllığı və sahmanlama işlərinin tez görülməsi nəzərə alınmalıdır.
Qışlamadan yenicə çıxmış arı ailələri havanın temperaturu 12- 14°C olduqda günəşli, sakit havada yuva qısa müddətə açılır və çatışmazlıqlar aradan qaldırılır. Bu müddətdə arılar təmizləyici uçuş keçirirlər. Pətəyin içərisi ölmüş arılardan və zibildən təmizlənir.
Əsas yaz yoxlama işləri ən çoxu 10 dəqiqə, sonrakı işlər isə 3-5 dəqiqə olmalıdır. Arı ailəsinə baxışın uzun çəkməsi sürfənin soyuqlamasına, nəticədə ailənin zəifləməsinə və arı oğurluğuna səbəb ola bilər. Əsas yaz yoxlanışmdan sonra arı ailələri inkişaf edir və 20-30 günə qədər arıçı köməyinə ehtiyac qalmır. Lakin erkən yazda saxlayıcı gəlir olmadıqda arı ailəsinə sürfənin inkişafını təmin edən və müalicə-profılaktiki məqsədlə yem verilməlidir.
Müəyyən vaxt keçdikdən sonra arı ailəsində müxtəlif yaşda olan sürfələr əmələ gəlir, ailə keyfiyyətcə yeniləşir: yaşlı qoca arılar tədricən tələf olur, cavanlar isə onları əvəz edir. Ailənin cavanlaşması may ayında başa çatır. Bundan sonra sağlam ailə sürətlə inkişaf edir və vaxtaşırı yuvanın genişləndirilməsi (10-12 gündən bir) lazım gəlir. Əgər arıçı vaxtında tədbir görməzsə qüvvəli ailələr beçə verir.
Arılar çoxaldıqca onların instinktik beçə verməsinə səbəb olur.
Əgər arıların beçə verməsi əsas gəlir dövrünə 30-45 gün qalmış baş verirsə bu təsərrüfat baxımından əlverişlidir. Beləliklə də bal yığımında bir ailə əvəzinə iki ailə iştirak etmiş olur. Buna görə də nəzarət etmək lazımdır ki, çıxmış beçəni yığmaq mümkün olsun. İlk beçə bir qayda olaraq günün birinci yarısında çıxır və yuvadan 10-20 metr aralıqda ağac və kol budaqlarına toplaşır və 30-40 dəqiqədən sonra (bəzən bir neçə saat ləngiyir) uçub gedirlər.
Beçəvermə bal toplanışı ərəfəsində, yaxud bal toplama dövründə baş verirsə, bu bal toplanışına ciddi mane olur. Hər iki ailə bal toplamaq əvəzinə sürətlə çoxalırlar. Buna görə də təcrübəli arıçı təbii beçəverməyə yol vermir, prosesi özü idarə edərək ayırma beçədən yeni ailə təşkil edir.
Yazın ikinci yarısında ailənin çoxu qüvvətlənir, arıçının qarşısında bütün arı ailələrini aktiv iş şəraitində saxlayıb, onlardan bal toplama dövründə səmərəli istifadə etmək durur.
Yazda arı ailəsinin sürətli inkişafı ilə əlaqədar onlar kifayət qədər yemlə təmin edilməlidir. Ailədə gündə nə qədər bal sərf edilməsi ailənin gücündən və ailədə yetişdirilən sürfənin miqdarından asılıdır. Gündəlik sərf edilən balın miqdarı gəlir olmayan vaxt pətəyin hər gün tərəzidə çəkilməsilə müəyyən edilir. Gün ərzində çəkinin nə qədər azalması bal və güləmin miqdarını göstərir.
Yazda 6-8 çərçivə aralığı arısı olan ailə gündə təxminən 300- 400 qram bal və güləm sərf edir. Yayda arılar gəlir gətirdiyinə görə sərf edilən yemin bir hissəsi bərpa olunur. Yığcam və yaxşı istiliyi olan pətəkdə arılar nisbətən az yem sərf edirlər.
Yuvanın genişləndirilməsi. Yazda havalar isindikcə, ana gündən-günə daha çox yumurta qoyur, balanın sayı artır və getdikcə daha çox sahəni tutur. Balanın yetişməsi ilə bağlı, cavan arıların sayı artır, yuvada darısqallıq əmələ gəlir. Ailənin gələcək inkişafına şərait yaratmaq üçün əlavə şanların verilməsi yolu ilə yuva genişləndirilir.
Adətən yuvanın genişləndirilməsi birinci yoxlamadan 2-3 həftə sonra lazım gəlir. Belə bir ehtiyacın yarandığını müəyyən etmək üçün heç də yuvadakı çərçivələrin hamısını çıxarıb baxmaq lazım deyildir. Bu məqsədlə yuvaya üstdən baxmaq kifayətdir. Bütün çərçivələrin arası arılarla doludursa və hətta çərçivələrdən qıraqda arılar varsa, yuvanı genişləndirmək lazımdır.
İri arıxanalarda yuvanın genişləndirilməsi, arılar saxlanan pətəklərin tipindən asılı olaraq, müxtəlif cür həyata keçirilir.
12 çərçivəli pətəklərdə yuvanın genişləndirilməsi. Arı ailəsi nə qədər güclü, ana məhsuldar, hava əlverişli və gəlir yaxşıdırsa, yuva da bir o qədər tez genişləndirilməlidir. Qabaqca qısamüddətli saxlayıcı yem gətirildiyinə görə yuva 1-2 çərçivə qoymaqla genişləndirilir. Çərçivələr yuvanın sonuncu ballı çərçivə arasına qoyulur.
Yeni verilmiş şanlar arılar tərəfindən qəbul edildikdən sonra həmin qayda ilə yeni şanlar verilir. İsti havaların başlanması və gəlirin çoxalması ilə bağlı, yeni şan hörmək məqsədilə yuvaya süni şan vərəqi çəkilmiş çərçivələr qoyulur. Belə şanları sonuncu ballı çərçivənin yanına, məftilli tərəfi içəri istiqamətdə qoyulur. Gövdənin birində çərçivələr dolduqdan sonra üzərinə ikinci gövdə, yaxud üstlük qoyulub içərisi süni şanlı və ya hörülmüş şanlı üstlük çərçivələri ilə (yarımçərçivələrlə) doldurulur.
Yatıq pətəklərdə yuvanın genişləndirilməsi. Bu pətəklərdə yuvanın genişləndirilməsi birdəfəlik genişləndirmə üsulu ilə yerinə yetirilir. Bu üsul ondan ibarətdir ki, yaz baxışı zamanı yatıq pətəklərdə 10-12 kq yem ehtiyatı və üzəri arılarla tam örtülü bir o qədər də şan saxlanılır. Nəzarət pətəyi gəlirin artdığını göstərdikdə yuvaya süni şan çəkilmiş bir neçə çərçivə qoyulur. Gəlirin miqdarından və şəraitdən asılı olaraq, yuva 4-5 çərçivə (onlardan 1-2-si süni şanlı və 2-3 hörülmüş şanlı) qoyulur. Onlar arılar tərəfindən qəbul edildikdən sonra yuvanın ikinci genişləndirilməsi aparılır. Beləliklə, arıların oturduqları çərçivələr uçuş bacasından pətəyin boş sahəsinə doğru hərəkət etdirilir, yerinə isə süni şanlı və hörülmüş şanlı çərçivələr qoyulur.
Yuvanın birdəfəlik genişləndirilməsi beçəvermənin qarşısını alır, əmək məhsuldarlığının yüksəlməsinə səbəb olur.
Çoxgövdəli pətəklərdə yuvanın genişləndirilməsi. Birinci gövdə dolduqdan sonra onun üstünə yaxşı şanlı çərçivələrlə doldurulmuş ikinci gövdə qoyulur. İkinci gövdə arılarla dolduqdan sonra ikinci genişləndirmə aparılır. Göstərilən qaydada komplektləşmiş üçüncü gövdə birinci gövdə ilə ikinci gövdə arasına qoyulur.
Ailənin əsas yığım dövrünə hazırlanması. Arıxananın gəlirliliyi arıçının arı ailələrinin yığım dövrünə necə hazırlanmasından asılıdır. Yığım dövrünədək çoxlu sağlam uçuş arısı olan güclü ailə yetişdirmək və kifayət qədər şan əldə etmək üçün arıçı bütün il boyu çalışmalıdır.
Arıları bal yığımına payızdan hazırlamaq lazımdır. Çünki payızda yaxşı hazırlanmış və qışdan salamat çıxmış qüvvəli ailələr yazda sürətlə çoxalıb bal yığımı dövründə səmərəli işləyirlər. Bu məqsədlə yazda bütün işlər ailələrin güclənməsinə, şan hörülməsinə, beçə alınmasına və təbii beçəverməyə qarşı mübarizəyə yönəlməlidir. An ailələrinin əsas bal yığımı dövrünədək gücləndirilməsi və imkandan səmərəli istifadə edilməsi üçün yerin şəraitini - əsas gəlirin hansı bitkidən başlanıb nə qədər davam etdiyini bilmək lazımdır.
Görüləsi işlərin ardıcıllığı. Martın əvvəlində arıçı pətəyi isitmək üçün istilik materialı hazırlayır. Qarşıdakı işlərin tez görülməsi üçün alət və avadanlıqların sazdığı yoxlanılır və lazım olarsa müvafiq təmir işləri həyata keçirilir.
Açıq havada qışlayan arıların pətəklərinin qabağı təmizlənir. Qışlamanı yaxşı keçirən ailə mehriban uçuş keçirir, qış vaxtı bağırsaqlarında toplanmış nəcis kütləsindən azad olur. Buna görə də arıxanaya yaxın yerdə yuyulmuş paltar sərmək məsləhət görülmür. Çünki çirklənə bilər. Anasız, xəstəliyə tutulmuş, çox zəifləmiş, yemi qurtarmış ailələr uçuşu pis keçirirlər və ya uçuş taxtası üzərində görünmürlər. Belə ailələr birinci növbədə müayinə edilir və mane olan səbəblər aradan qaldırılır.
Arılar ilk uçuşa başlayanda arıxanada suvat təşkil edilməlidir ki, onlar sudan ötrü çirkli, bataqlıqlardakı sudan istifadə etməsinlər. Həmin gün normal arı ailəsindən biri nəzarət tərəzisi üstünə qoyulur. Əgər arı ailəsi istiləşdirici yastıq qoyulmadan qışlayıbsa, onların yuvası istiləşdirilir.
Arıxanada aparılacaq ilk işlərdən biri arı ailəsinə əlüstü baxmaqdan ibarətdir. Bu tədbir ona görə vacibdir ki, bəzi illərdə yaxşı isti günlərdən sonra qəflətən hava soyuyur. Əgər yuvada arıların yemi kifayət qədərdirsə, havanın soyuması onlar üçün qorxulu deyildir.
Arı ailəsində yemin olduğunu bilmək üçün yuvanın yan tərəfindən pətək üstlüyünü, yaxud üst hissədəki parçanı (kişi- kətan örtüyü) qaldırıb yuvaya baxmaq kifayətdir. Hansı ailədə bal yoxdursa və ya azdırsa həmin yuvada ehtiyat ballı şan qoyulur.
Ailəyə əlüstü baxış keçirəndə ishal əlaməti aşkar edilərsə ilk növbədə həmin ailə təmiz, dezinfeksiya edilmiş pətəyə köçürülür, nəmli yastıqçalar və istilik materialı qurusu ilə əvəz edilir və uçuş bacası 1-2 sm-ə qədər qısaldılır.
Yuvada sürfənin və eləcə də ananın olmamasını əli çərçivəüstü örtüyün üstünə qoyarkən orada istiliyin hiss edilməsi ailənin vəziyyətinin normal olduğunu bildirir. Əgər arıxana kiçikdirsə həmin gün pətəyin içərisi qışlama müddətində ölmüş arı cəsədlərindən təmizlənir ki, onlar iylənib ananın yumurta qoymasına maneçilik törətməsin.
Altı çıxarılan pətəklərdə bu əməliyyatı asan aparmaq olar. Bunun üçün çirkli, üstündə arı cəsədləri olan altlıq çıxarılır və əvəzinə başqa dezinfeksiya edilmiş təmiz altlıq salınır. Ölmüş arıları arıxanaya tullamaq olmaz, yığılıb yandırılmalıdır. Çünki onlar infeksiya mənbəyi ola bilər.
Pətəyin altlığı çıxarılan deyilsə o zaman pətəyin içərisi uzun saplı ərşinlə ölmüş arılar ehtiyatla bir tərəfə yığılır, sonra çərçivələr təmizlənmiş sahəyə hərəkət etdirilir və zibil pətəkdən çıxarılıb məhv edilir (yandırılır, torpağa basdırılır), həmin gün gözlənilməz hala da təsadüf edilə bilər. Arı ailəsinin kəskin zəifləməsi, yaxud tələf olması səbəbini araşdırmaq, pətəkdən boş, yaxud turşumuş bal olan şanların, pətəyə girmiş siçan, kərtənkələ və s. çıxarılması.
Arılar uçuşa başlayandan bir neçə gün sonra kölgədə havanın temperaturu 16-18°C olan vaxt əsas yaz yoxlanması aparılır. Bu işin məqsədi ondan ibarətdir ki, ananın intensiv yumurta qoymasına şərait yaradılsın. Bunun üçün çirklənmiş pətəkdən yuva dezinfeksiya edilmiş, təmiz, təmir olunmuş, yaz dövrü üçün lazım olan qaydada hörülmüş şanla komplektləşmiş, arı ailəsinin gücünə görə ehtiyat yemlə təmin edilmiş pətəyə köçürülür.
Boşalmış pətəklər yenidən təmizlənir və dezinfeksiya edilir. Həmin vaxt normal gücə malik arı ailəsi 6-8 çərçivəaralığı arıya, 10-12 kq bala və 1-2 çərçivə güləmə malik olmalıdır.
Qışlamadan sonra bəzi arı ailələri bu və ya başqa səbəbdən zəifləyə bilər. Onlar qeydiyyata alınır və həmin gün başqa qüvvəli ailədən arı və möhürlü sürfə hesabına qüvvətləndirilir. Hər 7-10 gündən bir bu əməliyyat arı ailəsi sərbəst inkişafa başlayanadək təkrar edilir. Arıların çoxalmasını təmin etmək üçün yuvanın istiləşdirilməsi vacibdir. Yazda pətəkləri günəş şüası düşən yerdə dayaqlar üzərinə düzmək lazımdır.
Pətək üçün ən yaxşı isidici material içərisi istiləşdirici materialla doldurulmuş yastıqçalardır. Bu yastıqçalarda yuva üstdən və yanlardan istiləşdirilir.
Keçən arıçılıq mövsümündə yaxşı məhsul toplamış, qışlamanı normal keçirmiş, xəstəliyə davamlı arı ailəsində yuvanın ortasına erkək arı şanı qoyulur ki, onlardan erkək arılar yetişsin. Həmin gün pətəyə (yaxşı olar ki, yuxarı hissəyə) içərisinə 0,5-1,0 1 1:1-də şəkər şərbəti (I- hissə şəkər tozu və I hissə su) tökülmüş yem qabı qoyulur. Belə yemləmə arılara bildirir ki, bal yığımı təbiətdədir və ana sürətlə yumurta qoymağa başlayır. Belə yemləməyə həvəsləndirici yemləmə deyilir.
Sürətlə çoxalma instinktini davamlılığı üçün belə yemləmə hər gün yaxud günaşırı aparılır.
Nozematoz aşkar edilən arıxanada şəkər şərbətinə fumagilin əlavə edilir. Belə yemin arıxanada nozematoza hələ tutulmayan arı ailəsinə də vermək məsləhətdir.
Əgər arılar varroatozla yoluxubsa ilk gündən nə qədər ki, ailədə sürfə azdır (gənənin inkişaf etdiyi yer) ailədə müalicə tədbiri aparılmalıdır. Yadda saxlamaq lazımdır ki, 3-4 çərçivəaralığı zəif ailədə müalicə tədbiri onları qüvvətləndirdikdən və qoca arılar cavanları ilə əvəz edildikdən sonra aparılmalıdır. Əks təqdirdə ailə daha da zəifləyib məhv ola bilər.
Arı ailələrinə sonrakı may ayının ortalarınadək qulluq vaxtaşırı yuvanı şanlı çərçivələrlə genişləndirmək, ananın yumurtaqoyma fəaliyyətini sürətləndirən və müalicə-profılaktiki yemləmə aparmaqdan ibarətdir.
Arılara şərbət və şan verilməsi arı oğurluğuna yol verməmək üçün günün axırında həyata keçirilir. Arı ailəsinin heç də hamısı eyni dərəcədə inkişaf etmir. Bəzən bir ailənin inkişafı digərindən sürətlə gedir. Belə ailənin təbii beçə verməsinə yol verilməməlidir. Bunun üçün hər 8-12 gündən bir həmin ailədən 1- 2 çərçivə (möhürlü) götürüb zəif ailələrə verərək onları qüvvətləndirirlər.
Əgər qışlama normal keçibsə və arılar yaxşı qüwəlidirsə (8-10 çərçivəaralığı) mayın əvvəlində ana yetişdirilməsinə başlanır ki, mayın ortalarında ilk ayırma beçələr alınsın.
Erkən ayırma beçələrin təşkili nəinki təbii beçəvermənin qarşısını alır, həm də həmin beçələrin əsas bal toplama dövrünədək inkişaf edib, tamqiymətli ailə halına gəlməsinə səbəb olur. Bu da iki dəfə çox bal məhsulu almaq deməkdir.
Əsas yaz yoxlamasından və aşkar edilən çatışmamazlıqlar aradan qaldırıldıqdan sonra hörülmüş şanlar müəyyən məqsədlər üçün çeşidlənir (yuvanı genişləndirmək üçün yaxud bal gövdələri üçün).
Kiflənmiş şanlar dezinfeksiya məhlulu ilə yumşaq fırça vasitəsilə yuyulur, sonra bərk silkələnərək qovuqcuqlardakı su çıxarılır, axar suda yuyulur və kölgədə qurudulur.
Üzəri nazik killə örtülmüş ballı və güləmli çərçivələr quru halda yumşaq fırça ilə təmizlənir. Kiflənmiş güləm kiflənməmiş hissəsinə qədər kəsilib həmin gün diafraqmanın arxasına qoyulur.
İshalla çirklənmiş şanlar mum üçün əridilir. Hər arıxanada ağ şanları və mum qırıntılarını əritmək üçün günəş muməridəni olmalıdır. Beləliklə xırda mum parçalarından sonralar iri mum ərintiləri almaq olur. Köhnə, qaralmış şanlar buxar muməridəni yaxud mumsıxanda emal olunur.
Yazda arıçının işi çoxalır. Havanın pis keçməsindən yuvaya baxmaq olmursa onlar, yəni arıçılar bu vaxtı çərçivələri sazlayır, onları məftilləyir və şan çəkir.
Qüvvəli ailələr isti günlərdə bağlar çiçəkləyən zaman arılar süni şanı hörürlər. Buna görə də həmin vaxtdan səmərəli istifadə edilməlidir.
Balverən yaz bitkiləri çiçəkləməsinin vaxtından asılı olaraq və arıların “şan ağarması” nişanələri görünəndə yuvanın ortasına 1-2 süni şan çəkilmiş çərçivə qoyulur. Arıların sürətlə şan hörməsi zamanı hər 5-7 gündən bir onlara süni şan çəkilmiş çərçivələr verilir.
Hər il yuvanın yarıya qədər təzələnməsi arı ailəsində gigiyenanın saxlanması və əlavə mum məhsulunun alınmasına səbəb olur. Bir arı ailəsi mövsüm ərzində 10 və daha çox şan hörə bilir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır