Herbisidlərdən vaxtında və səmərəli istifadə gələcək bol məhsula zəmin yaradır
2020-03-18 00:00:00
Yazda taxılçılıqda həyata keçirilən aqrotexniki qulluq işlərindən biri də alaq otlarına qarşı mübarizə tədbirləridir. Alaq otları əkinçiliyə böyük zərər verir. Belə ki, becərilən bitkilərə lazım olan qida maddələrinin, suyun və işığın xeyli hissəsini mənimsəyir, zərərvericilərin, xəstəliklərin inkişafı üçün şərait yaradır, becərməni, məhsul yığımını çətinləşdirir, eləcə də kənd təsərrüfatı bitkilərin məhsuldarlığına və məhsulun keyfiyyətinə mənfi təsir göstərir.
Müəyyən edilib ki, 1 hektar taxıl sahəsindən payızlıq buğda bitkisi 75 kq azot, 52 kq fosfor və 82 kq kalium götürdüyü halda, amarant-ağ pencər alaq otu 190 kq azot, 14 kq fosfor və 286 kq kalium, qanqal alaq otu isə 137 kq azot, 31 kq fosfor və 117 kq kalium mənimsəyir.
Alaq otlarının mədəni bitkilərə nisbətən, torpağın dərin qatına işləyən güclü kök sistemi mövcuddur. Onlar buna görə torpaqda olan su ehtiyatından daha çox yararlanaraq öz inkişafına görə həmişə mədəni bitkiləri qabaqlayır. Enliyarpaqlı alaq otları yüksək transpirasiya (buxarlanma) əmsalına malikdir və torpaqda olan suyun sərfini artıraraq onun tez qurumasına səbəb olur. Alaq otları sahədə sıxlıq yaratmaqla mədəni bitkiləri kölgələndirib günəş işığından məhrum edir, onların boyca kiçik qalmasına, yatmasına və nəticə etibari ilə zəif inkişaf etməsinə səbəb olur.
Alaqlara qarşı mübarizədə əsasən aqrotexniki tədbirlər düzgün tətbiq edilməli və ən son halda kimyəvi mübarizə üsulundan istifadə edilməlidir.
Alaqlarla mübarizənin səmərəli aparılması üçün onların bioloji xüsusiyyətləri, həyat tərzi və yayılma yolları öyrənilməli və ona uyğun mübarizə tədbiri seçilməlidir.
Hazırda alaq otlarına qarşı kimyəvi mübarizədə bir sıra herbisidlərdən geniş istifadə olunur. Herbisidlər bir tərəfdən əl ilə alaq vurmada əmək sərfini azaldır, digər tərəfdən isə mədəni bitkilərin məhsuldarlığını xeyli artırır.
Alaq otlarını məhv etmək üçün 120-dən artıq müxtəlif adda herbisiddən istifadə edilir. Son illər istehsal edilən herbisidlər əsasən üzvi herbisidlərdir və onlar az norma ilə yüksək təsiredicilik qabiliyyətinə malikdir.
Buğda, arpa və qarğıdalı əkinlərində alaq otlarına qarşı mübarizə 2 üsulla aparılır:
1) Profilaktiki və ya qarşılayıcı mübarizə;
2) məhvedici mübarizə.
Profilaktiki mübarizə mədəni bitkilərin böyüməsi və inkişafını təmin edən əlverişli şəraitin yaradılması və alaq otlarının yayılmasının qarşısının alınması tədbirləridir. Bunlar aşağıdakıladır:
- növbəli əkin sisteminin tətbiqi;
- cərgə aralarının becərilməsi;
Məhvedici mübarizə tədbirləri isə 2 qrupa bölünür:
-aqrotexniki mübarizə,
-kimyəvi mübarizə.
Aqrotexniki mübarizə tədbirləri:
- Toxumların alaq otlarından təmizlənməsi və çeşidlənməsi. Bu məqsədlə toxumtənzimləyən qurğularla arpa, buğda və qarğıdalı toxumlarının alaq otları toxumlarından təmizlənməsi;
- Torpağın becərilməsi tədbirləri: dərin şum, kultuvasiya, malalama və üzləmə tədbirlərinin vaxtında aparılması;
- Taxıl əkini sahəsi ətraflarının alaq otlarından təmizlənməsi.
Kimyəvi mübarizə tədbirləri.
Buğda, arpa və qarğıdalı əkinlərində alaq otlarına qarşı ən səmərəli tədbir kimyəvi mübarizədir. Bu məqsədlə herbisidlərin tətbiqi başlıca meyardır. Öz təsir mexanizminə görə herbisidlər 2 qrupa bölünür: kontakt təsirlilər, sistem təsirlilər. Kontakt təsirli herbisidlər bitki üzərinə çiləndikdə bitki ilə təmasda olduğu sahələri yandırır. Bu qrup herbisidlərin səmərəliliyini artırmaq üçün aparılan çiləmələrdə preparat sahəyə bərabər miqdarda paylanmalıdır. Kontakt təsirli herbisidlər bitkilərin yerüstü hissələrini məhv edir. Sistem təsirli herbisidlər geniş spektrlidir, bitki üzərinə düşdükdə onun bütün orqanlarına yayılır. Buna görə də alaq otları ilə mübarizədə sistem təsirli herbisidlərə daha çox üstünlük verilir.
Birillik ikiləpəli alaq otlarına qarşı mübarizə məqsədi ilə alaq otlarının 2-3 yarpaq, mədəni bitkinin boruya çıxma fazasına qədər 2,4 D amin duzu (1-1,2 l/ha), Hektafermin SL (2,0 l/ha), Ester 48 EC (2,5 l/ha) , Di-amin 500 SL (1-1,5 l/ha) herbisidlərindən;
Birillik ikiləpəli (2,4 D amin duzuna qarşı davamlı) və bəzi coxillik alaqlara qarşı alaq otlarının 2-3 yarpaq, mədəni bitkinin boruya-çıxma fazasına qədər Dialen Super (0,6-0,8 l/ha), Dianat 48% -(0,6-0,8 l/ha), Granstar 75% ( 0,015-0,018 l/ha), Loqran 75% (0,006-0,01 l/ha) preparatlarından;
Birillik taxıl fəsiləsi alaqlarına qarşı Puma super (0,6-0,8 l/ha), Skarpio super (0,4-0,9 l/ha) preparatlarından biri ilə alaq otlarının 2-3 yarpaq, mədəni bitkinin boruya-çıxma fazasına qədər mübarizə tədbirləri aparılır.
Taxıl sahələrində son zamanlar geniş yayılmış vələmirə qarşı Topik EC (0,5-0,7 l/ha), Koropik 240 EC (0,2 l/ha), Axial 050 EC (1,0 l/ha) herbisidlərindən istifadə ounması məsləhətdir.
Birillik taxıl vəsiləsi və ikiləpəli alaqlara qarşı Atlantis (0,3 l/ha) herbisidi səmərəli təsir göstərir.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, alaq otlarına qarşı vaxtında və səmərəli mübarizə tədbirlərinin aparılması yüksək və keyfiyyətli məhsul istehsalına zəmin yaradır. Bununla əlaqədar fermerlər Agentliyin yerli qurumlarına (Bitki Mühafizə Mərkəzləri) müraciət etməklə müvafiq məsləhət və tövsiyələr ala bilərlər.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır