Taxılda pas xəstəliklərinə qarşı mübarizə tədbirləri
2020-04-10 00:00:00
Məlumat üçün bildiririk ki, Pas xəstəlikləri Bazidili göbələklərin Uredinales sırasına daxildir. Buğda bitkisində sarı pas, qonur pas və gövdə pası, arpada isə cırtdan pas xəstəlikləri yayılır. Bitkinin bioloji xüsusiyyətlərindən və təbii iqlim şəraitindən asılı olaraq, vegetasiyanın əvvəlində payızda və erkən yazda sarı pas, süd yetişmə mərhələsində qonur, mum yetişmə mərhələsində isə gövdə pası inkişafa başlayır. Azərbaycanda sarı pas və qonur pas xəstəlikləri daha geniş yayılır və taxıla ciddi ziyan vurmaları ilə səciyyələnir.
Sarı pas xəstəliyi
Sarı pas xəstəliyinin törədicisi Puccinia striiformis West göbələyidir. Xəstəliyin səciyyəvi əlaməti bitkinin yarpaqlarının üst hissəsində yarpaq uzunu sarı rəngdə nazik xətvari sarı rəngli ləkələrin-pustulların əmələ gəlməsidir. Həmin ləkələr xəstəlik inkişaf etdikcə böyüyür və yarpağın səthində pustullar yetişərək dağılır və açıq-sarı rəngli spor kütləsi xaricə tökülür. Bu sporlar toz şəklində yayılaraq, yenidən ətrafda olan sağlam bitkilərə sirayət olunur. Yarpaqlarla bərabər bitkinin digər orqanları-gövdəsi, sünbülü və qılçıqları da xəstəliyə tutulur. Bitkilərin yetişmə mərhələsinə yaxın, bəzən də bundan xeyli əvvəl yarpağın alt hissəsində və digər orqanlarda göbələyin yağlı qara ləkələrdən ibarət qış sporları əmələ gəlir. Sarı pasın morfoloji cəhətdən oxşar quruluşa malik olan, lakin fizioloji cəhətdən fərqlənən bir çox ras və biotipləri vardır. Bərk və yumşaq buğda sortları sarı pas xəstəliyinə daha çox tutulur. Taxıl bitkiləri fəsiləsinə mənsub olan bir çox yabanı ot bitkiləri – çayır, eqilops, ceyran arpası və s. pasın yayılmasında əsas mənbələrdən biri hesab olunur. Sarı pasın aralıq sahibi məlum deyildir.
Göbələyin törədiciləri qışı əsasən çoxillik taxıl və payızlıq buğda cücərtiləri üzərində keçirir. Xəstəliyin ilkin əlamətləri erkən yazda bitkilərin kollanma və boruyaçıxma mərhələsində üzə çıxır. Qışın mülayim keçməsi bəzən göbələyin bütün vegetasiya boyu inkişaf etməsinə şərait yaradır. Xəstəliyin toxum ilə yayılması faktı məlum deyil. Sarı pas törədiciləri –sporlar külək axını və həşəratlar vasitəsilə geniş ərazilərə yayıla bilir. Sarı pasın törədicisinin böyümə və inkişafı üçün 10-13 °C temperatur optimal hesab olunur. Sporlar 0 °C temperaturda belə cücərə bilir. 20 °C-dən yuxarı temperaturda göbələyin inkişafı zəifləyir. Qeyd etmək lazımdır ki, Azərbaycanda aprel və may aylarında, temperaturun gündüzlər 20-25 °C olmasına baxmayaraq, gecələr 15 °C-yə, yaxud ondan da aşağı düşməsi göbələyin inkişafını zəiflədə bilmir. Respublikamızın təbii iqlim şəraiti sarı pasın erkən yazdan, hətta payızdan inkişaf etməsi üçün əlverişli hesab olunur. Əvvəllər Sarı pas xəstəliyinə 3-4 ildən bir respublikamızın ayrı-ayrı bölgələrində, xüsusilə dağətəyi və dağlıq əkin sahələrində lokal şəkildə təsadüf edilirdi, lakin son 8-9 ildə hər il bütün taxılçılıq bölgələrində, hətta aşağı düzənlik rayonlarında kütləvi şəkildə yayılır və ciddi məhsul itkisi törədir. Sarı pas xəstəliyi buğdanın vegetasiysının əvvəlində, yəni erkən yazda, nadir hallarda isə payızda əmələ gəldiyi üçün onun məhsuldarlığa vurduğu ziyan daha çoxdur. Xəstəlik nəticəsində yarpaqların assimilyasiya səthi kiçilir, tənəffüs prosesi güclənir, buxarlanma artır və yarpaqlar vaxtından tez quruyub tökülməyə başlayır. Nəticədə dənin dolması prosesi tam getmir, əmələ gəlmiş dənlər cılızlaşdığı üçün çəkisi də aşağı düşür. Sarı pas xəstəliyinə müxtəlif səviyyədə (zəif, orta, güclü) tutulmuş sortlar üzərində aparılmış təcrübələr göstərir ki, onun məhsuldarlığa vurduğu ziyan xəstəliyin intensivliyindən asılı olaraq 17-35% arasında dəyişir.
Qonur pas xəstəliyi
Qonur pas xəstəliyin törədicisi Puccinia recondita Rab. Et Dest. F. Tritici Eriks göbələyidir. Qonur pas taxıl bitkilərinin, xüsusilə buğdanın əsas xəstəliyi olub, taxıllar fəsiləsinə aid olan bəzi ot bitkilərini də sirayətləndirir. Xəstəliyin səciyyəvi əlaməti yarpaqlar üzərində dağınıq şəkildə kifayət qədər iri, qonur rəngdə pustullar-sporların əmələ gəlməsidir. Sporlar heç vaxt bir-biri ilə bitişik şəkildə olmur, ətrafları nekrotik və xlorotik ləkələrlə əhatələnir.
Göbələyin qışlama mərhələsi: sporlar xəstəliyin axırlarında yarpaqların alt hissəsində qara qonur rəngdə yağlı ləkələr şəklində əmələ gəlir. Qonur pasın sporları geniş temperatur diapazonunda və adi şeh damlasının mövcudluğu şəraitində 2-31 °C-də çox yaxşı inkişaf edir.
Xəstəliyin taxıl yerində bitmiş və erkən səpilmiş taxıl cücərtiləri üzərində inkişafa başlayan sporları Azərbaycan şəraitində bütün qış uzunu öz həyat qabiliyyətini saxlayır, yalnız buğdanın süd və mum yetişkənliyi dövründə (iyun, iyul) kütləvi şəkildə yayılır. Göbələyin sporları nisbi rütubət kifayət qədər olduqda bütün yay boyu artıb çoxala bilir. Lakin temperaturun yüksək və nisbi rütubətin aşağı olduğu şəraitdə sporlar öz həyat qabiliyyətini itirir və əksəriyyəti payız səpinlərinə qədər tələf olur. Göbələyin inkubasiya (gizli) dövrü temperaturdan asılı olaraq 5-18 gün davam edir. Qonur pas xəstəliyi respublikanın ayrı-ayrı regionlarında hər il bu və ya digər səviyyədə yayılır. 200-dən çox ras və biotipləri vardır. Qonur pasın məhsuldarlığa vurduğu ziyan sarı pasla müqayisədə çox aşağıdır (6-10%). Bu, onun, vegetasiyanın sonunda, süd-mum yetişkənliyi fazasında əmələ gəlməsi ilə izah olunur.
Mübarizə tədbirləri:
- xəstəliyə davamlı sortlardan istifadə edilməsi (bu xəstəliyə qarşı yüksək davamlılığa malik bir çox məhsuldar buğda sortlarının (Qobustan, Murov-2, Fatimə, Əsgəran, Qızıl buğda) əkilməsi tövsiyə edilir.
-növbəli əkinlərin və sələf bitkilərinin tətbiqi;
-payızda taxıl əkiləcək sahələrdə şum altına fosfor-kalium, erkən yazda isə yemləmə şəklində azot gübrəsi verilməli;
-taxıl alaqlarına qarşı vaxtında mübarizə aparılmalı;
-sərinqabağı toxumlar dərmanlanmalı;
-kimyəvi mübarizə tədbirləri xəstəliyə güclü tutulan xəstəlik əlaməti görünən kimi aparılmalıdır. Gecikdirilməyə yol verilsə, tədbirin heç bir nəticəsi olmur. Kimyəvi mübarizə vasitəsi kimi, Alto-super 330 EC 0,4 l/ha, Reks-doo 0,5 l/ha, Altis-premer 2 l/ha və 25%-li Tilt (250 qr/kq Propikonozol) 0,5 l/ha məsarif normasında istifadə etməklə çiləmə aparılmalıdır. Çiləmə preparatlarının bir hektarlıq sahə üçün nəzərdə tutulmuş norması 250-300 litr su ilə qarışdırılıb yerüstü çiləyicilər vasitəsilə həyata keçirilməlidir.
Aqrar Xidmətlər Agentliyi Fermerlərin nəzərinə çatdırır ki taxıl sahələrində bu xəstəliyə rast gəldikdə Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli qurumlarına müraciət edə bilərlər.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır